Məhkəmə qərarları › İş №e-2(023)-1244/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1244/2023

03.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1244/2023 03.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə mülki işə 03 noyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan 1000 manat dəyərində brilliant qaşlı üzük, 3000 min manat dəyərində qızıl boyunbağ, qolbağ, sırğa və üzük, iki ədəd 400 manat və 300 manat olmaqla, cəmi 700 manat dəyərində olan qızıl boyunbağılar və bir ədəd taclı 200 manat dəyərində olan qızıl üzük, ümumilikdə 5100 manat dəyərində olan qızı-zinyət əşyalarının cavabdehdən alınıb ona qaytarılması, hüquqi yardıma görə vəkilə ödədiyi 600 manatın, yol xərcləri üçün 200 manatın, etibarnamə alınması üçün notariusa rüsum kimi ödədiyi 11 manat 50 qəpik məbləğində pulun, eləcə də məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 80 manatın, ümumilikdə 891 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil1 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, 2017-ci il iyul ayında İddiaçı Cavabdeh ilə kiçik nişan mərasimi keçirilnmiş, həmin mərasimdə iddiaçıya zinət əşyası olaraq 1000 manat dəyərində brilliant qaşlı üzük alınmışdır. Həmin ilin, yəni 2017-ci ilin avqust ayında toy mərasimindən əvvəl iddiaçının iştirakı ilə Gəncə şəhərində toy mərasimi üçün 3000 manat dəyərində qızıl boyunbağ, qolbağ, sırğa və üzük dəsti alınmışdır. 2017-ci ilin oktyabr ayının 2-də qohumları tərəfindən əlavə olaraq iki ədəd 400 manat və 300 manat olmaqla, cəmi 700 manat dəyərində qızıl boyunbağı və 200 manat dəyərində bir ədəd taclı olan qızıl üzük alınıb verilmişdir. 2019-cu ilin yanvar ayında ailədə baş verən münaqişələrə görə iddiaçı atası evinə qayıtmışdır. İddiaçı evdən çıxarkən bütün ziynət əşyaları əlindən alınmışdır. Sonrakı dövrdə iddiaçıya məxsus cehiz əşyaları cavabdehə məxsus evdən götürülsə də, iddiaçıya məxsus qızıl-zinət əşyaları verilməmişdir. Sözgedən qızıl-zinət əşyalarının götürülməməsi barədə cehiz əşyalarını çıxarmalı ilə əlaqədar tərtib olunmuş aktda qeydiyyat aparılmışdır. Onun qardaşı cavavdehlə telefon əlaqəsi saxlayan zaman lazım gələrsə qızıl-zinət əşyalarını pulu verə bilərəm kimi ifadələr işlətmişdir. Ailə münasibətlərinin davam etdirilməsi mümkün olmadığı üçün iddiaçı Binəqədi Rayon Məhkəməsində iddia qaldırılaraq Cavabdeh ilə xx.xx.2017-cu il tarixdə bağılanmış nigahın pozulmasına, cavabdehlə birgə nikahdan olan xx.xx.2019-cu il təvəlüdlü X2 himayəsinə verilməsinə və Cavabdeh 2019-cu ilin iyul ayından 2021-ci ilin may ayınadək 170 manat, 2021-ci ilin iyun ayından isə hər ay sabit pul məbləğində 200 manat alimentin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Binqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməklə uşağı iddiaçının hamayəsinə verilməsi, cavabdehdən 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilmişdir və həmin qətnamə qanuni qüvvəsini almışdır. Bu günə qədər də iddiaçıya məxsus qızıl-zinət əşyaları cavabdehdədir və müxtəlif bəhanələrlə iddiaçıya qaytarmaqdan yayınır. Ona görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsində və əvvəlki məhkəmə iclaslarındakı izahatlarında göstərmişdir ki, iddiaçının iddiası əsassızdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı onun evindən elə vəziyyətdə çıxmışdır ki, qızılzinət əşyalarını özü ilə götürmək imkanı olmamışdır. Halbuki ki, 2019-cu ilin yanvar ayının 9-da iddiaçı onu xoş münasibətlə və heç bir mübahisə olmadan Rusiya Federasiyasına işləməyə yola salmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə evdən çıxarkən qonşuluqda yaşayan X8 ilə getmişdir. Həmin vaxt o, Rusiyada olmuşdur. Sonradan məlum olmuşdur ki, iddiaçını 4 ədəd çanta ilə avtobus dayanacağında görmüşlər. O, 2019-cu ilin may ayının 20-də Azərbaycana qayıdandan sonra qonşular Əsmərin evdən həmin avtomobillə getdiyini və geri dönmədiyini bildirmişlər. Əgər münaqişə olmuşdusa necə olur ki, iddiaçı qonşunu tapıb və çantaları toplamışdır?. Əgər münaqişə olumuşdursa niyə bu barədə Polis İdarəsinə müraciət etməmişdir. 2019-cu ilin sentyabr ayında cehiz aparandan sonra niyə indiyə kimi qızıl-zinət əşyaları ilə bağlı müraciət etməmişdir. Sonradan məhkəmə sənədlərindən görünür ki, 2019-cu ilin təxminən sentyabr ayında apardığı əşyalara dair cızma-qara siyahı tərtib edib orada savadsız anasına imza atdırıb. Halbuki, orda nə yazıldığından anasının heç xəbəri olmamışdır. Sadəcə anası münaqişə yaranmasın deyə ora imza atmışdır. Qızıl-zinət əşyalarının onlarda qalması barədə heç bir söhbət olmamış, bu barədə ona heç vaxt müraciət etməmişdir. O Rusiya Fedrasiyasından qaydandan sonra dəfələrlə “gəl ailə münasibətlərimizi davam etdirək, ailəmiz dağılmasın” deyə müraciət etmişdir. Lakin iddiaçı buna məhəl qoymayaraq boşanmaya dair məhkəməyə müraciət etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçıda nə qədər qızıl-zinət əşyalarının olmasını bilməmişdir, iddiaçının nəyi olubsa, onu da özü ilə aparmışdır. İddiaçıya məxsus heç bir əmlak onun evində qalmamışdır. Nəzərə alsaq ki, faktiki nikah münasibləri xx.xx.2019-cu il tarixdən pozulmuşdur. Ona görə də hesab edir ki, hazırki iddia tələbi iddia müddəti keçdiyinə görə də rədd edilməlidir. Odur ki, İddiaçı ona qarşı “qızıl-zinət əşyalarının tələbi dair” iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və verdiyi izahatında əlavə olaraq göstərmişdir ki, ona nişan və toy vaxtı iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Həmin qızıl-zinət əşyalarından 3000 manat dəyərində qızıl boyunbağ, qolbağ, sırğa və üzük dəsti toy mərasimindən əvvəl onun iştirakı ilə Gəncə şəhərindən alınmışdır. Ona məxsus zinət əşyaları hər zaman cavabdehin anasında olmuşdur. Həmin əşyaları xüsusi günlərdə taxmaq üçün vermiş, sonradan əlindən almışdır. 2019-cu ilin yanvar ayında ailədə baş verən münaqişələrə görə atası evinə qayıtmışdır. Evdən çıxarkən bütün ziynət əşyaları cavabdehin evində qalmışdır. Sonradan ona məxsus cehiz əşyalarının bir qismi götürülsə də, ona məxsus qızıl-zinət əşyaları verilməmişdir. Sözgedən qızıl-zinət əşyalarının götürülməməsi barədə cehiz əşyalarını çıxarmalı ilə əlaqədar tərtib olunmuş aktda qeydiyyat aparılmışdır. Həmin aktı cavabdehin anası imzalamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və verdiyi izahatında göstərmişdir ki, həqiqətən iddiaçıya sep, üzük, qolbağıdan ibarət qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Lakin həmin qızıllar Dubay istehsalı olmaqla iddia ərizəsində göstərilən qiymətə alınmamışdır. Ərizədə göstərilən boyunbağ, qolbağ, sırğa və üzükdən ibarət dəsti təxminən 700-800 manata alınmışdır. Nişan üzünüyü 400 manata almışdır. İddiaçı evdən gedərkən qızılları özü ilə aparmışdır. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh nümyəndəsi, Vəkil2 iddianı qəbul etməmiş və verdiyi izahatında göstərmişdir ki, İddiaçı 2019-cu ildən cavabdehlərin evindən çıxıb getmişdir, indiyə kimi qızıl-zinət əşyalarını tələb etməmişdir. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Cavabdeh dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh nümayəndəsi Vəkil2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, Əsmərin cehizləri yığılanda o da orada olmuşdur. Toy mərasimində həqiqətən Əsmərə sep, üzük, qolbağıdan ibarət qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Həmin qızılları cavabdehlə Gəncədən 3000 manata almışlar. Digər qızıllar nişan və toy vaxtı hədiyyə olunub. Əvvəlki məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, Əminə bibisi qızıdır, hər iki tərəflə qohumluq münasibətləri olduğundan toyda iştirak etmişdir. Toyları olan vaxt Əsmərə qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Həmin vaxt Əsmərin üzərində boyunbağ, qolbağ, sırğa və üzükdən ibarət dəstindən başqa nazik seplərdə görmüşdür. Əsmərdən soruşduqda komplektin brilyant olduğunu və 4000 manata aldıqlarını bildirmişdir. Əsmər cavabdehdən ayrılıb gəldikdə qızıllarının cavabdehin evində qaldığını bildirmişdir. Sonradan qızılların qaytarılması ilə bağlı cavabdehə müraciət etmişlər. Əvvəlki məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, İddiaçı onun qızıdır. Cavabdeh nişan vaxtı qızı Əsmərə 1000 manata tək qaşlı nişan üzüyü almışdır. Toy vaxtı isə boyunbağ, qolbağ, sırğa və üzükdən ibarət komplekti Gəncədən 4000 manata aldıqlarını demişlər. Əsmər cavabdehlərin evindən çıxdıqda qızıllar cavabdehin anasında qalmışdır. Cehizləri götürməyə gedəndə o özüdə iştirak etmişdir, cehiz əşyalarından bəziləri olmamışdır, qızıl-zinət əşyalarını isə verməmişlər. Əvvəlki məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, Cavabdeh onun oğludur. İddiaçıya nişan və toy vaxtı hədiyyə olunmuş qızıl-zinət əşyaları həmişə özündə olmuşdur. İddiaçı evdən gedərkən onun xəbəri olmamışdır. Belə ki, Əsmər qonşuları Nazim Həsənovdan onu vağzala aparıb Bakıya yola salmasını xahiş etmişdir. Sonradan evdən cehiz əşyaları, paltarları götürüləndə bəzi çatışmayan əşyaları qeyd etdiklərini bildirərək ona imzalatmışlar. O həmin hərfi oxuya bilmədiyindən həmin sənəddə nə yazıldığını bilməmişdir. Qızılları oğlu haradansa alıb gətirmişdi, qızıl olub-olmamasını bilməmişdir. Toy vaxtı gəlininə hədiyyə etdiyi isə bijüterya olmuşdur. Əvvəlki məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, Cavabdeh qonşusudur. xx.xx.2019-cui il tarixdə İddiaçı onun evinə gəlib atasının xəstə olduğunu bildirərək, onu avtovağzala aparmağı xahiş etmişdir. O İddiaçı avtovağzala aparmış, lakin onun evdən küsüb getdiyini bilməmişdir. Həmin vaxt Əsmərin əlində sumkası olmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4865/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X3 arasında 02 oktyabr 2017-ci il tarixdə Qazax rayonunun Dəmirçilər kənd icra nümayəndəliyində bağlanmış 1 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından olan 20 iyul 2019-cu il təvəllüdlü X6 adlı uşağın anası X3 yanında qalması müəyyən edilməsi, 20 iyul 2019-cu il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi, alimentin tutulmasının əvvəli qətnamə çıxarılan 30 sentyabr 2021-ci il tarixdən aparılması qət edilmişdir. Cehiz əşyalarının götürülməsi ilə bağlı tərtib olunmuş aktdan görünür ki, iddiaçıya məxsus cehiz əşyaları cavabdehin evindən götürülərkən bir neçə cehiz əşyalarının olmadığı və qızılların götürülmədiyi qeyd olunaraq Firuzə və Şəfaqət tərəfindən imzalanmışdır. Beləliklə, tərəflərin izahatları və iş materiallarına əlavə olunmuş fotoşəkillərlə müəyyən olunur ki, məhkəmə ilk növbədə tələb edilən qızıl-zinət əşyalarının mövcudluğu ilə bağlı məsələyə qiymət verərək, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən qızıl– zinət əşyalarının hədiyyə şəklində verilməsini və hazırda da həmin qızılların cavabdehlərdə qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Qızıl–zinyət əşyaları mövcud olduğu halda, onların iddiaçıda olmasını, sübutetmə yükü isə cavabdehlərin üzərinə düşür. Tərəflər 2017-ci ilin avqust ayında el adəti ilə evlənərək, nikahı rəsmi qeyd etdirmişlər. Tərəflərin birgə nikahından bir övladı olmuşdur. Tərəflər aralarında baş vermiş narazılıqlara görə 2019-cu ilin yanvar ayında ayrılmışlar və nikah məhkəmə qaydasında pozulmuşdur. Tərəflər evlənərkən cavabdeh tərəfindən iddiaçıya brilliant qaşlı üzük, qızıl boyunbağ, qolbağ, sırğa və üzük, iki ədəd qızıl boyunbağılar və bir ədəd taclı qızıl üzükdən ibarət qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Bunlar iddiaçının izahatı, şahidlərin ifadələri və iş materiallarına əlavə edilmiş fotoşəkillərlə öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Hazırkı halda qızıl-zinət əşyalarının evdən gedərkən iddiaçı tərəfindən aparılmasının sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdehlər məhkəmə iclasında qızıl-zinət əşyalarının iddiaçı evi tərk edib gedərkən özü ilə aparmasını bildirsələr də, iddiaçını həmin qızıl-zinət əşyalarını özü ilə aparması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bu hal da iddiaçıya məxsus qızıl-zinət əşyalarının cavabdehlərdə olmasına dəlalət edir. Bundan başqa iş materiallarında olan aktdan da görünür ki, cehiz əşyaları təhvil alınan zaman qızıl-zinət əşyaları götürülməmişdir. Həmin akt tərəflərin valideyinləri tərəfindən imzalanmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsində qeyd etdi hər bir qızıl-zinət əşyasının ayrı-ayrılıqda qiymətlərini hesabladıqda ümumi dəyəri 4900 manat edir. Sözügedən qızıl-zinət əşyaların iddiaçıda qalmasını cavabdeh sübut edə bilmədi, ona görə də Cavabdeh 1000 manat dəyərində brilliant qaşlı üzük, 3000 min manat dəyərində qızıl boyunbağ, qolbağ, sırğa və üzük, iki ədəd 400 manat və 300 manat olmaqla, cəmi 700 manat dəyərində olan qızıl boyunbağılar və bir ədəd taclı 200 manat dəyərində olan qızıl üzük, həmin əşyalar mövcud olmadıqda isə dəyəri olan 4900 (dörd min doqquz yüz) manat pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi ona hədiyyə edilmiş əmlakla bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin bağışlama və mülkiyyət münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Repsublikasının Mülki Məcəlləsinin 666.1-ci madəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Repsublikasının Mülki Məcəlləsinin 152.1-ci madəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz qızıl-zinətini geri tələb edə bilər. Məhkəmə ilk növbədə tələb edilən qızıl-zinət əşyalarının mövcudluğu, dəyəri, çəkisi və kimdə qalması ilə bağlı məsələyə qiymət verərək, hesab edir ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının dəyəri və çəkisi real olmaqla həqiqətən də iddiaçıya hədiyyə olaraq verilmişdir. Tələb edilən əşyaların kimdə qalması, çəkisi, dəyəri və mövcudluğu ilə bağlı məhkəmə baxışı iclasında izahatı alınmış iddiaçının iş üzrə verdiyi izahatını məhkəmə inandırıcı hesab edir və mötəbər sübut kimi qiymətləndirib nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bundan başqa, məhkəmə iddianın - hüquqi yardıma görə vəkilə ödənilmiş 600 manatın, yol xərcləri üçün 200 manatın, etibarnamə alınması üçün notariusa rüsum kimi ödənilmiş 11 manat 50 qəpik məbləğində pulun cavabdehdən tutulmasına dair hissəsin də iaraşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbində cavabdehdən hüquqi yardıma görə vəkilə ödənilmiş 600 manatın, yol xərcləri üçün 200 manatın, etibarnamə alınması üçün notariusa rüsum kimi ödənilmiş 11 manat 50 qəpik məbləğində pul tələb etməsinə baxmayaraq, lakin bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, də iddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumunin iddia tələbinin təmin olunmuş hissəsində yəni 4900 manat pula nisbətdə ödənilməli olan 69 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat dəyərində brilliant qaşlı üzük, 3000 min manat dəyərində qızıl boyunbağ, qolbağ, sırğa və üzük, iki ədəd 400 manat və 300 manat olmaqla, cəmi 700 manat dəyərində olan qızıl boyunbağılar və bir ədəd taclı 200 manat dəyərində olan qızıl üzük, həmin əşyalar mövcud olmadıqda isə dəyəri olan 4900 (dörd min doqquz yüz) manat pul alınıb İddiaçı verilsin. Cavabdeh 69 (altmış doqquz) manat dövlət alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar