Məhkəmə qərarları › İş №e-2(023)-1411/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1411/2025

25.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1411/2025 25.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 25 sentyabr 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 maddi ziyan üçün 1950 manat və dəymiş mənəvi zərərin əvəzi üçün 2000 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 13 dekabr 2024-cü il tarixində cavabdehlə yaranmış qarşılıqlı etimad və razılaşma əsasında, təmir işləri üçün lazım olan tikinti materiallarının alınması məqsədilə 3700 manat məbləğində pul vəsaiti vermişdir. Lakin tikinti vasitələri alınmamış, həmin vəsaitdən 1750 manat məbləği ona geri ödənilmişdir, 1950 manat isə ödənilməmişdir. Cavabdeh bu vəsaitin təyinatı üzrə istifadə olunması istiqamətində heç bir real addım atmamış, tikinti materiallarını verməmiş və nəticə etibarı ilə təmir işləri dayanmış və ciddi şəkildə ləngimişdir. Bu davranış onu həm maddi, həm də mənəvi baxımdan ağır duruma salmış, ailənin yaşayış şəraitinin pozulmasına, planlarının alt-üst olmasına və əlavə xərclərlə üzləşməklərinə səbəb olmuşdur. Cavabdehin bu məsuliyyətsiz və etibarsız davranışı, onun göstərdiyi etimadın kobud şəkildə pozulması deməkdir. O cavabdehə inanaraq və güvənərək pul vəsaiti vermişdir ki, işlər vaxtında başa çatacaq, lakin nəticədə təmir üçün tikinti vasitələri alınmadığından nə təmir işləri icra edilmiş, nə də pul geri qaytarılmışdır. Qəbzlər onun cavabdehə 3700 manat pul verdiyini və Whatsapp yazışmaları cavabdehin ona 1950 manat məbləğində borcu olduğunu sübut edir. Cavabdehin bu hərəkətləri hüquqi baxımdan həm ona qarşı öhdəlik pozuntusu, həm də etimadın sui-istifadəsidir. O bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinə, eləcə də Bakı şəhəri Nizami rayonu Polis İdarəsinin 25-ci Polis Bölməsinə rəsmi müraciət etmişdir. Onun tərəfindən verilmiş pul vəsaiti ilə ağlabatan müddətdə tikinti ləvazimatlarının alınmaması və bununla da işlərinin ləngiməsi, daha sonra verdiyi vəsaitin geri qaytarılmaması, bununla bağlı Hiiquq Mühafizə orqanlarına və hazırda məhkəməyə niiraciət etməsi nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir. Bu hadisə, habelə bundan sonrakı proseslər zamanı keçirdiyi və keçirəcəyi stres və əziyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etmək haqqıdır. İddiaçı məhkəməyə göndərdiyi ərizədə məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclaslarına gəlməməsinin səbəbini üzrsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri, Nizami RPİ-nin 25-ci Pş-nin 08 mart 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh verdiyi izahatında İddiaçı ona 3600 manat dəyərində kermo-qranit sifariş verdiyini, 100 manat yol haqqı ilə birlikdə ondan 3700 manat pul aldığını bildirmişdir. Lakin sifariş verilən mal düzgün gəlmədiyindən həmin malları ünvandan təhvil almış, malın pulundan 1450 nanat qaytarsada, qalan 2250 manatı qaytara bilmədiyini etiraf etmişdir. İddiaçı həmçinin iddia tələbini təsdiq edən sübut kimi Cavabdeh ilə “WhatsApp” sosial şəbəkəsində aralarında olan yazışmasını məhkəməyə təqdim etmişdir. Həmin yazışmada Cavabdeh borcunu qaytaracağını bildirmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə Mpay terminalından 416973+++++4326 nömrəli plastik kartın bağlı olduğu hesaba 2300 manat pul köçürülmüşdür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, İddiaçı kermo-qranit sifariş verdiyi üçün Cavabdeh ümumilikdə 3700 manat pul ödəmiş, sonradan ödənilmiş puldan 1750 manat qaytarılmış, hazırda Cavabdeh iddiaçıya 1950 manat borcu qalmışdır. Yuxarıda göstərilənlər baxımından məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər alqı-satqı müqaviləsindən yarandığından, həmin münasibətlərə də alqı-satqı müqaviləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də cavabdehlərin hüquqazidd əməli nəticəsində ona maddi ziyan dəyməsini sübutetmə yükü bütövlükdə iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan başqa, məhkəmə iddianın – mənəvi zərərə görə 2000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbində cavabdehdən mənəvi zərərə görə 2000 manat məbləğində pul tələb etməsinə baxmayaraq, lakin bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi ziyan üçün 1950 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3, 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyan üçün 1950 (bir min doqquz yüz əlli) manat pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar