Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-147/2024 05.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 05 dekabr 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11078,28 manat maddi ziyanın, 170 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin və 124 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli yaşayış sahəsinin alqı-satqısı və ipoteka müqaviləsinə əsasən həmin mənmzil onun tərəfindən alınmış və həmin əmlak ipoteka ilə yüklü edilmişdir. Müqaviləyə əsasən əmlak 98000 manat qiymətləndirilmiş, əmlakın dəyərinin 29 400 manat hissəsi onun tərəfindən, 68600 manat hissəsi "xxxx" ASC tərəfindən ödənilmişdir, əmlak 2019-cu ildə qiymətləndirilmişdir. (əmlakın qiyməti, eyni zamanda təmir xərcləri hal-hazırda 2019-cu illə müqayisədə kəskin şəkildə qalxmışdır) və qalan borca proporsional olaraq əmlak Paşa Sığorta ASC tərəfindən sığortalanmışdır.) Onun mənzilindən yuxarıda yaşayan qonşusu Cavabdeh oglunun mənzilində su borularının partlaması ilə əlaqədar (özünün bildirdiyin görə) onun mənzilini su basmış və mənzilin tavan hissəsi deformasiyaya uğramışdır. Cavabdehin hərəkətləri nəticəsində mənzilinin su xətlərindən axıdılan su onun mənzilinin tavan, döşəmə, divar hissələrinə, mənzildaxili elektrik xətlərinə, həmçinin mənzildə yerləşən yumşaq-bərk mebel dəstlərinə və digər daşınan əşyalara zərər dəyməklə ona xeyli maddi ziyan dəymişdir. Dələlərlə vurulmuş ziyanın ödənilməsi barədə müraciət etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Ona məxsus evin divarlarındakı oboy və rəng boya örtüyü qopmuş, divarların boyası qalxmış, tavanında deformasiya yaranmış (daha dəqiq uçmuşdur), (parketlər şişmiş, mətbəx mebeli yararsız hala düşmüşdür) bir sözlə yararsız vəziyyətə düşmüşdür. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu evin fotoşəkilləri, akt, qiymətləndirmə rəyi və bir sıra digər sübutlarla təsdiq olunur. Mənzilinin komendantına yaranmış vəziyyətlə bağlı rəsmi məlumat vermişdir və bununla bağlı xx.xx.2023-cü ildə akt tərtib edilmişdir. Cavabdehin hərəkətləri səbəbindən mənzilinə dəymiş maddi ziyanın hesablanması ilə bağlı onun tərəfindən "xxxx" MMC-yə rəsmi müraciət edilmiş və 15576 manat məbləğində maddi ziyan dəyməsi hesablanmışdır. Bununla belə əmlakın bir hissəsi (borcun ödənilməyən hissənə proporsional olaraq) sığoıta edildiyindən 4497,72 manat hissəsi "xxxx" ASC tərəfindən ödənilmişdir. Beləliklə, cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilində təmir dəyəri 15576 manat təşkil edən bərpa təmir işlərinin aparılması tələb olunmuş, 4497,72 manat hissəsi "xxxx" ASC tərəfindən ödənilmişdir ki, buna görə də hesab edir ki, arada qalan fərq- 11 078,28 manat cavabdeh tərəfındən vurulmuş maddi ziyan ödənilməlidir. Həmçinin göstərilən məsələ ilə bağlı hüquqi yardımın göstərilməsi üçün tərəfindən müəyyən xərclər çəkilmişdir: maddi zərəri etmiş mülkiyyətçinin kimliyini müəyyən olunması üçün DƏDRX-ya vəkil sorğusu göndərilməsi üçün 90 manat, sorğuya cavab verilməsi üçün 10 manat, Maps-a sorğu verilməsi üçün 20 manat, iddia ərizəsinin tərtibi üçün 50 manat, məhkəmə üçün dövlət rüsumu 124 manat xərclənmişdir. İddiaçı məhkəməyə göndərdiyi ərizədə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, həqiqətən onun istifadəsində olan mənzildən iddiaçının mənzilinə su sızması olmuşdur və bunun nəticəsində iddiaçının evində yalnız nəmlənmə olmuşdur. Buna görə də mənzilə ən çoxu 300 manat ziyan dəyə bilərdi. Lakin "xxxx" MMC tərəfindən 15576 manat, Paşa Sığorta tərəfindən 6788 manat smeta tərtib edilmişdir. O özü inşaat mühəndisidir və hesablanmış maddi ziyan həddən artıq şişirdilmiş hesablanmışdır. Onun tərəfindən iddiaçının mənzilinə dəymiş ziyana görə 300 manat ödəyə bilər. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. 25 iyul 2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Məmmədəli Şərifli küçəsi bina 9, mənzil 21 ünvanında yerləşən mənzilə baxış keçirilərkən həqiqətən mənzilə suyun 7-ci mərtəbədə yerləşən Cavabdeh mənzilindən su axması aşkar olunmuşdur. Su mənzilin qonaq otağındakı çil-çırağın üstündən, koridordakı lampa yerindən və mətbəx mebelinin üstündəki rigerlərin qıraqlarından mətbəx mebelinin üstünə intensiv şəkildə axmışdır. Qonaq otağında və koridorda parketin üstünə su tökülmüşdür. Elektrik naqillərinə, asma tavana, habelə döşəmədəki parketlərə xeyli ziyan dəyəcəyi istisna olunmur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli smetasından görünür ki, mənzildə həyata keçirilməli olan təmir-bərpa işləri ilə bağlı 15576 manat hesablanmışdır. Azərbaycan Respublikası “MBA LTD” MM-nin ünvan 1 ünvanında yerləşən mənzilə dəymiş zərərin bazar dəyəri haqqında qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən 64.80 kv.m ümumi sahəyə malik mənzilə dəymiş zərərin 18 avqust 2023-cü il tarixinə hesablanmış bazar dəyəri 15 576,00 manat təşkil edir. Əmlak sığortası şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil 64.938 manat sığorta məbləğində "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 10/3392 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədli Şərifli küçəsi 9 saylı evin 21 saylı mənzilidə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 5810,0 manat məbləğində müəyyən edilir. Qeyd olunur ki, su sızma nəticəsində əmələ gəlmiş qüsurlar mənzilə baxış zamanı və foto video materialında olan məlumatlara əsasən müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertiza tədqiqatları nəticəsində verilmiş rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Ekspert rəyindən görünür ki, cavabdehin istifadəsində olan mənzildən su sızmaları baş vermiş və su sızmaları nəticəsində iddiaçıya məxsus mənzilə zərər vurulmuşdur. Yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin ümumi qiyməti 5810,0 manat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1098.2-ci əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. 1111.2-ci əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, iş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yuxarı mərtəbədə yerləşən, Cavabdeh istifadəsində olan mənzildən suyun sızması müəyyən edilmişdir ki, bununla da, cavabdeh tərəfindən iddiaçıya münasibətdə mülki hüquq pozuntusuna yol verilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi ekspert rəyi ilə müəyyən edilmiş vurulmuş zərər məbləği həddində təmin edilməli, vurulmuş zərərin əvəzi kimi 5810,0 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddianın hüquqi yardım üçün ödənilmiş 170 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı ərizəsində hüquqi yardıma görə 170 manat ödəməsini bildirsə də, iş materiallarına əlavə etdiyi mədaxil qəbzində 160 manat pulun hüquqi yardım xidməti üçün X2 ödənilməsi göstərilmişdir ki, iddiaçı həmin şəxsin ona hüquqi yardım göstərməsi barədə hər hansı bir müqaviləni məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 124 manat dövlət rüsumunun 78,10 (yetmiş səkkiz manat 10 qəpik) manatı iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh müştərək qaydada iş üzrə ekspertiza tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 5810 (beş min səkkiz yüz on) manat pul və 78,10 (yetmiş səkkiz manat on qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı və Cavabdeh müştərək qaydada iş üzrə ekspertiza tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-147/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-147/2024
05.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver