Məhkəmə qərarları › İş №e-2(023)-1869/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1869/2025

05.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1869/2025 05.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Abdulla oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə 05 fevral 2026-cı il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 11.000 manat əsas borc, 3 (üç) il ərzində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş inflyasinın 7,25 faizi miqdarında 2.392 manat, cəmi 13.392 manat, mənəvi zərərə görə 5.000 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 320 manat, məhkəməyə ödənilmiş dövlət rüsumu 144 manat, ümumilikdə 18.712 (on səkkiz min yeddi yüz on iki) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehləri bir neçə ildir ki, tanıyır. Cavabdehlər pis vəziyyətdə olduqlarını, tez bir zamanda evlərini satıb borcu qaytaracaqlarını bildirərək, onlara borc pul verməsini xahiş etmişlər. O cavabdehlərə inanıb istədikləri məbləği - ümumilikdə 11.000 manat pulu müxtəlif vaxtlarda onlara vermişdir. Sonradan cavabdehlər yaşadıqları evi satmışlar. Lakin onun etibarından və sadəlövhlüyündən sui-istifadə edərək onu aldadaraq pulunu ələ keçirmişlər. Cavabdeh2 hər dəfə ona borcu olduğunu və qaytaracağına söz ver verir. O Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə, Sabunçu Rayon Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Cavabdeh2 ilə çoxsaylı WhatsApp yazışmaları var. Lakin həftələr, aylar keçməsinə baxmayaraq cavabdehlər borcu qaytarmır, qaytarmamaq üçün müxtəlif bəhanələr gətirirlər. Cavabdehin uzun illər ərzində ona vurduğu ziyana görə əsəb, stress keçirmiş, işə çıxa bilməmişdir. Bu məsələ ilə bağlı vaxtını itirmiş, 3 il ərzində xəstəxanalarda əlavə xərclərə düşmüşdür. Yaşanan stresslər, əzab və əziyyətlərlə bağlı vurulmuş mənəvi, həm də maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Ona dəymiş mənəvi zərəri 5.000 manat civarında dəyərləndirir. Həmçinin məhkəməyə iddia ərizəsi ilə müracət etmək üçün vəkillə müqavilə bağlamışdır və bununla bağlı Abşeron Rayon Vəkil Bürosunun hesabına 320 manat pul ödəmişdir. Ötən illər ərzində respublikada uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir. xx.xx.2025-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılmışdır. Qeyd olunanlara əsasən, cavabdehlərdən müştərək qaydada 11.000 manat əsas borc, 3 (üç) il ərzində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş inflyasinın 7,25 faizi miqdarında 2.392 manat, cəmi 13.392 manat, mənəvi zərərə görə 5.000 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 320 manat, məhkəməyə ödənilmiş dövlət rüsumu 144 manat, ümumilikdə 18.712 (on səkkiz min yeddi yüz on iki) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, iddiaçı əvvəllər cavabdehlərin evində kirayədə yaşamışdır. Cavabdehlər yaranmış etibardan istifadə edərək hissə-hissə olmaqla bir neçə dəfəyə iddiaçıdan ümumilikdə 11000 manat borc almışlar. Cavabdehlər borc alarkən evlərini satıb tezliklə borcu qaytaracaqlarını bildirsələr də, evi satdıqdan sonra da borclarını qaytarmamışlar. İddiaçı bununla bağlı dəfələrlə polis idarəsinə ərizə ilə müraciət etmiş, araşdırma aparılmış, lakin heç bir müsbət nəticəsi olmamışdır. İddiaçı dəfələrlə pulunu tələb etməsinə baxmayaraq, cavabdehlər ona yalan vəd verərək 11000 manat pulu qaytarmamışlar. Bununla bağlı tərəflərin arasında dəfələrlə telefon danışıqları olmuşdur və səs yazıları mövcüddur. Cavabdeh2 İddiaçı ilə telefon danışıqları zamanı ona olan borcu etiraf etmişdir. Odur ki, iddianın tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclaslarına gəlməmələrinin səbəbini üzrsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Abşeron RPİ Mehdiabad PB-nə ərizə ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 11000 manat borc pul verdiyuini, lakin bu günə kimi qaytarmadıqlarını bildirərək, pulunun alınmasına kömək etmələrini xahiş etmişdir. Sabunçu rayon Polis İdarəsinin 04 may 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanılmış material üzrə cinayət hadisəsinin olması müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı həmçinin iddia tələbini təsdiq edən sübut kimi Cavabdeh2 ilə “WhatsApp” sosial şəbəkəsində aralarında olan səs yazısını məhkəməyə təqdim etmişdir. Həmin səs yazısında Cavabdeh2 həqiqətən İddiaçı borcu olduğunu etiraf etmiş, yaxın günlərdə borcu qaytaracaqlarını bildirmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı hissə-hissə olmaqla ümumilikdə 11000 manat borc pul almışlar, həmin borcdan heç bir ödəniş etməmişlər, hazırda onların iddiaçıya 11000 manat borcları vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də cavabdehlərin hüquqazidd əməli nəticəsində ona maddi ziyan dəyməsini sübutetmə yükü bütövlükdə iddiaçının üzərinə düşür. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı 11000 manat məbləğində pulun cavabdehlərə verilməsini təsdiq edən sübutları, yəni iddiaçının “WhatsApp” sosial şəbəkəsində cavabdehlərlə aralarında olan səs yazısı olan diski məhkəməyə təqdim etmişdir. Belə ki, həmin səs yazısı ilə müəyyən olunur ki, 11000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehlərə verilmişdir. Cavabdeh2 həqiqətən İddiaçı borcu olduğunu etiraf etmiş, yaxın günlərdə borcu qaytaracaqlarını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı müqavilə predmeti olan pul məbləğini cavabdehlərə vermişdir. Cavabdehlər iddiaçıdan şifahi borc müqaviləsi əsasında aldığı ümumilikdə 11.000 manat pulun ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdehlər 11.000 manat pulun iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişlər. Ona görə də, iddiaçı qeyd edilən 11.000 manat pul məbləğini cavabdehlərdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi illik uçot dərəcəsinə uyğun olaraq hesablanmış faiz borcunu tələb etsə də, cavabdehlərin onun vəsaitini qanunsuz olaraq özündə saxlamaqla, ondan faydalanmasını, hər hansı maddi xeyir əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi 3 (üç) il ərzində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş inflyasinın 7,25 faizi miqdarında 2.392 manat pul tələbinə dair hissədə təmin edilə bilməz. İddiaçının mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə qeyd edilir ki, iddiaçı ona mənəvi zərərin dəyməsini sübuta yetirə bilməmiş, məhkəməyə bu barədə sübutlar təqdim edilməmişdir. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehlərin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə də təmin olunmamalıdır. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11.000 manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan hüquqi yardım göstərilməsi haqqında №EM-1635VK-3538/25 saylı müqavilədən görünür ki, iddiaçı tərəfindən Abşerob rayon Vəkil Bürosunun hesabına 320 manat pul köçürülmüşdür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və vəkil xərci də cavabdehlərə aid edilməlidir. İddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 144 manat dövlət rüsumunun 123 manatı və 320 manat vəkil xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3, 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 11.000 (on bir min) manat pul alınıb İddiaçı verilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 123 manat dövblət rüsumu və 320 manat vəkil xərci alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar