Məhkəmə qərarları › İş №e-2(023)-346/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-346/2025

24.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-346/2025 24.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 Müşafiq oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, 9491 (doqquz min dörd yüz doxsan bir) manat, dövlət rüsumuna görə ödənilmiş 119 (yüz on doqquz ) manat, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 320 manat olmaqla cəmi 9930 (doqquz min doqquz yüz otuz) manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında əvvəllər yaxşı münasibətlər olmuş, daha sonra cavabdeh həmin münasibətlərdən istifadə edərək iddiaçıdan müxtəlif vaxtlarda mallar almış, lakin borcunu ödəməmişdir. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İŞ müstəntiqi, polis polkovnik- leytenantı Əflatun Səlimov tərəfindən çıxarılmış 30 yanvar 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından da görünür ki, Cavabdeh verdiyi izahatında 9491 manat borcu yarandığını etiraf etmiş, həmin borcu 15 avqust 2023-cü ilə qədər sıfırlayacağını bildirmişdir. Həmçinin izahatında müxtəlif məbləğlərin yaranmış 9491 manat borcdan çıxılmalı olduğunu bildirmiş, lakin bununla əlaqədar olaraq sübut təqdim etməmişdir xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi vəkili Nümayəndə mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 Müşafiq oğlu iddia tələbini qəbul etməyərək bildirdi ki, iş üzrə Cavabdeh polisdə verdiyi izahat subut kimi qəbul edilə bilməz. Belə ki, izahat anlaşılmayan formada verilmişdir. Ümumiyyətlə Cavabdeh verdiyi izahat sübut növü kimi qəbul edilə bilməz. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 yanvar 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı ilə çap materiallannın alışı-satışı, quraşdırılması ilə bağlı iş görmüşlər. O, 3 ay Muradın işçisi olmuşdur. Bu müddət ərzində görülən işlərdən onun Murada 9491 manat borcu yaranmışdır. İş materiallarında olan Bakı şəhəri 12 saylı vəkil Bürosunun xx.xx.2025-ci il tarixli hüquqi yardmın göstərilməsi haqqında müaqviləsindən görünür ki, İddiaçı ilə Nümayəndə arasında xx.xx.2025-ci il tarixdə hüquqi yardımın göstərilməsi ilə bağlı müqavilə bağlanmış və hüquqi yardım haqqının məbləği 320 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tatrixli qəbzdən görünür ki, 12 saylı Vəkil bürosunyn hesabına 325 manat pul ödənilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında alqı satqı münasibəti olmuş belə ki, Cavabdeh İddiaçı nisyə aldığı əşyalara görə 9491 manat borcu yaranmışdır. Lakin Cavabdeh oğlu hazırki tarixədək həmin öhdəliyi yerinə yetirməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni Cavabdeh ilə aralarında alqı-satqı münasibətinin olması cinayət işinin rədd qararı və həmin materialda olan cavabdehin etirafedici izahatı ilə təsdiq olunur, lakin cavabdeh iddia tələbinin əsassızlığına, eləcə də həmin pulun qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 9491 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə görə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 119 manat və vəkilə etdiyi köməyə görə ödənilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 320 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 9491 manat pul, hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pul və 119 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar