Məhkəmə qərarları › İş №e-2(023)-862/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-862/2025

20.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-862/2025 20.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manat məbləğində pulun, həmçinin ödənilmiş 90 manat dövlət rüsumunu və hüquqi yardım üçün vəkilə ödədiyi 325 manat rüsumun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü ildə Cavabdeh 7000 (yeddi min) manat məbləğində borc pul vermişdir. Onlar bu barədə öz aralarında borc müqaviləsi bağlamışlar və cavabdeh həmin müqavilənin sonunda ondan 7000 (yeddi min) manat borc götürdüyünü öz imzası ilə təsdiq edərək, adı, soyadı, ata adını qeyd etmişdir. Həmçinin o da müqavilənin sonunda bunu imzası ilə təsdiq edib, ad, soyad və ata adını qeyd etmişdir. Aralarında olan razılaşmaya görə cavabdeh xx.xx.2025-ci il tarixinədək həmin pul vəsaitni ona qaytarmalı idi. Lakin o, bu günə kimi ona heç bir ödəniş etməmişdir. Hər dəfə borcunu qaytarması üçün ona müraciət etdikdə o, müxtəlif bahanələr gətirərək ona olan borcunu ödəməkdən yayınmışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, 7000 manat məbləğində pul cavabdehdən alınıb ona verilməlidir. Həmçinin dövlət rüsumu kimi ödədiyi 90 manat və hüquqi yardım üçün ödədiyi 325 manat pul da cavabdehə aid olunmalı və cavabdehdən alınıb ona verilməlidir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi vəkili Vəkil mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 147 və 185.5-ci maddələrinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan, 05 yanvar 2024-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 7.000 manat məbləğində pul vəsaitini borc vermiş, Cavabdeh isə həmin borcu 05 aprel 2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış 05 yanvar 2024-ci il tarixli borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh 7.000 manat məbləğində pul vəsaitini borc vermiş, Cavabdeh isə həmin borcu 05 aprel 2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh hazırki tarixədək həmin borc müqavilə üzrə heç bir ödəniş etməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tatrixli qəbzdən görünür ki, Sumqayıt Regional Vəkil bürosunun hesabına 325 manat pul ödənilmişdir. İş materiallarında olan Qazax Rayon İcra Hakimiyyətinin Fərəhli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Qazax rayon Fərəhli kəndində qeydiyyatda olmasına baxmayaraq hazırda Fərəhli kəndində yaşamır. X1 ilə əlaqə saxlanılmışdır. Bildiriş valideyinlərinə çatdırılmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni Cavabdeh ilə aralarında borc müqaviləsinin bağlanmasını və 7.000 manat məbləğində pul vəsaitini Cavabdeh borc verməsini xx.xx.2024-cü il tarixdə borc müqaviləsini təqdim etməklə sübuta yetirsə də, cavabdeh iddia tələbinin əsassızlığına, eləcə də həmin məbləğdə pul vəsaitinin borc alınmamasına, yaxud borc alınsa da qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 05 yanvar 2024-ci il tarixli borc müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 7.000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə iş materiallarında olan hüquqi yardımın göstərilməsi ilə bağlı müqabiləni nəzərə alaraq İddiaçı tələb etdiyi 325 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə görə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90 manat və vəkilə etdiyi köməyə görə ödənilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 325 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 7000 manat pul, hüquqi yardıma görə ödənilmiş 325 manat məbləğində pul və 90 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar