Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-161/2025 06.01.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə. Maraqlı şəxs Qax rayon Zəyəm Bələdiyyəsinin sədri Cavabdeh iştirakı ilə. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Qax rayon Zəyəm Bələdiyyəsinin sədri Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi üzrə xüsusi icraat qaydasında işə məhkəmənin inzibаti binаsındа аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi maraqlı şəxs Cavabdeh qarşı ərizə ilə məhkəməyə mürаciət edərək Qax rayonunun Zəyəm Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə olan ümumilikdə 3764,07 manat sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün həmin bələdiyyənin icra orqanının rəhbəri (sədri) Cavabdeh barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, Seriya və nömrəsi - AA*******, xx xxxxxx 1985-ci il təvəllüdlü) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini оnunlа əsаslаndırmışdır ki, vergi ödəyicisi Azərbaycan Respublikası Qax rayonunun Zəyəm Bələdiyyəsi(VÖEN **********) sosial sığorta haqları üzrə öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun xx.xx.2024-cü il tarixə sosial sığorta haqları üzrə Dövlət Sosial Müdafiə Fonduna 2831,81 manat, İşsizlikdən Sığorta Fonduna 48,90 manat və İcbari Tibbi Sığorta Fonduna 883,36 manat olmaqla, ümumilikdə 3764,07 manat borcu yaranmışdır. Yaranmış borc məbləğlərinin 5 (beş) gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən müvafiq tarixli və nömrəli sosial sığorta haqları üzrə borcunun ödənilməsinə dair borc bildirişləri göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncamlar verilmişdir. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət edilmişdir. Proses iştirakçıları məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq ərizəçinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizəçinin nümayəndəsi məhkəmə iclasının özlərinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, maraqlı şəxs isə məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə ərizəyə 13 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Qax rayonu Zəyəm Bələdiyyəsinin sədri Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, ərizəçinin tələbini qəbul edir. Bələdiyyənin vergi borcu mövcuddur. Lakin Bələdiyyə büdcəsində vergi borcunun ödənilməsi ilə bağlı vəsait yoxdur. Belə ki, bələdiyyənin büdcəsi torpaq sahələrinin satışından formalaşır və hazırda torpaq satışını həyata keçirə bilmirlər. Vergi yığımından isə çox cüzi miqdarda vəsait toplanır ki, bu da borcun ödənilməsinə kifayət etmir. Ona görə də, vergi orqanına borc yaranmışdır. Ölkədən getmək hüququnun məhdudlaşdırılmasına etiraz etmir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim оlunmuş sənədlərdən görünür ki, vergi ödəyicisi olan Qax rayon Zəyəm Bələdiyyəsinin xx.xx.2024-ci il tarixə sosial sığorta haqları üzrə Dövlət Sosial Müdafiə Fonduna 2831,81 manat, İşsizlikdən Sığorta Fonduna 48,90 manat və İcbari Tibbi Sığorta Fonduna 883,36 manat olmaqla, ümumilikdə 3764,07 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli **********010200 qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixli **********353500 qeydiyyat nömrəli bildirişlərdən görünür ki, vergi ödəyicisinə borcunun ödənilməsi barədə bildirişlər göndərilmiş və borcun ödənilməsi tələb edilmişdir. xx.xx.2024-cü il tarixli **********768300 qeydiyyat nömrəli ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xəbərdarlıqdan görünür ki, Qax rayon Zəyəm Bələdiyyəsinin sədri Cavabdeh vergi orqanına olan borcunun 15 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, tərəflər arasında yaranmış ölkədən getmək hüququnun məhdudlaşdırılması üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qüvvədə olan Vergi Məcəlləsinin müddəaları əsasında hüquqi qiymət verilməli, habelə əlaqəli hüquq normaları üzrə təhlil aparılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsində qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi orqanının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsində deyilir ki, Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Verilmiş ərizənin düzgün həlli üçün nəzərə alınmalı hallardan biri də odur ki, Azərbaycan Respublikası Konstitusiyasının azadlıq hüququnu təsbit edən 28-ci maddəsinin İİİ hissəsinə görə qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Göründüyü kimi ölkədən getmək hüququ, Konstitusiyada nəzərdə tutulmuş fundamental hüquq olan azadlıq hüququnun tərkib hissəsidir. Həmin maddənin İİ hissəsində göstərilir ki, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 4 saylı protokolunun 2-ci maddəsində də hərəkət etmək azadlığı tanınaraq göstərilir ki, dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin ikinci hissəsinə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu baxımdan borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması onun konstitusiya əhəmiyyətli hüquqlarına müdaxilə elementini özündə ehtiva edir. Bu cür müdaxilə isə qanunilik və ədalətli tarazlıq prinsiplərinə cavab verməlidir. Qanunilik prinsipi o deməkdir ki, məhdudlaşdırmanın qanuni əsasları olmalı, qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmalıdır. «Ədalətli balans» prinsipi özlüyündə müdaxilə edilən hüquqa nisbətdə ona bərabər marağın mövcudluğunu nəzərdə tutur. Ölkədən getmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, bu tədbir tətbiq edilərkən, tətbiq edilən vasitə ilə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Hazırda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə xahiş, bu prinsiplərə cavab verir. Çünki ərizə verginin ödənilməsi kimi ictimai maraqdan irəli gələn zərurətlə əsaslandırılmışdır. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir. (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Yuxаrıdа qeyd оlunаnlаrı nəzərə аlаrаq məhkəmə hesаb edir ki, ərizəçi 13 saylı Ərazi Vergilər İdarəsinin iş üzrə maraqlı şəxs Qax rayonu Zəyəm Bələdiyyəsinin sədri Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasınа dаir ərizəsi əsаslı оlduğundаn təmin оlunmаlı və borc ödənilənədək həmin şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmаlıdır. Mülki Prosessual Məcəllənin 355-7.1-ci maddəsində qeyd olunmuşdur ki, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-7.4-cü maddəsində qeyd olunmuşdur ki, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Qax rayon Zəyəm Bələdiyyəsinin dövlət büdcəsinə olan ümumilikdə 3764,07 (üç min yeddi yüz altmış dörd manat yeddi qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Cavabdeh (şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, Seriya və nömrəsi - AA*******, xx xxxxxx 1985-ci il təvəllüdlü) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qətnamədən təqdim olunduğu andan 01 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №e-2(024)-161/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-161/2025
06.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver