Məhkəmə qərarları › İş №e-2(024)-304/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-304/2025

10.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-304/2025 10.03.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi 13 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə xüsusi icraat qaydasında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi 13 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək hüquqi şəxs «Qax rayon Kommunal Müəssisələri Kombinatı (VÖEN **********) dövlət büdcəsinə olan ümumilikdə 39.380.02 manat vergi və sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, Seriya və nömrəsi - AA*******, 2 Yanvar 1974-cü il təvəllüdlü) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, «Qax rayon Kommunal Müəssisələri Kombinatı» (VÖEN **********) vergi və sosial sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun 14 yanvar 2025-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə 34.375.93 manat, Dövlət Sosial Müdafiə Fonduna 1.740.74 manat, işsizlikdən Sığorta Fonduna 639.25 manat və İcbari Tibbi Sığorta Fonduna 2.624.10 manat olmaqla, ümumilikdə 39.380.02 manat məbləğində borcu yaranmışdır. Yaranmış borc məbləğlərinin 5 (beş) gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən müvafiq tarixli və nömrəli vergi və sosial sığorta haqları üzrə borcunun ödənilməsinə dair borc bildirişləri göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Ona görə də, hazırki ərizə ilə məhkəməyə müraciət edilmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunaraq Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, onun vergi borcuna etirazı yoxdur. Borc məlum məsələlərdən yaranmış, digər səbəbi minimum əmək haqlarının artmasıdır. Təmsil etdiyi idarə iki cür, həm büdcədən, həm də təsərrüfat hesabına maliyyələşir. Təsərrüfat hesablı gəlirlər məişət tullantılarının yığılmasından əldə olunan gəlirlərdir. Həmin pulların əhalidən tam yığılmasını təmin edə bilmədikləri üçün borclarının yaranmasının bir hissəsini səbəbi budur. Məlumat üçün bildirir ki, cari il üçün təqribən 48.000 vergi hesablanmış, ancaq o 102.000 manat ödəmişdir. Yəni 54.000 manat əlavə ödəniş etmişdir. Lakin vergi orqanına borcu qalmışdır. Borcun böyük hissəsini faizlər təşkil edir və faizlər dayanmadan günə 0.1 faizlə hesablanır. Hər ay əlavə ödənişlərlə borcunu ödəyir. İddia qaldırılandan bu günə qədər də çalışır ki, vergi borcundan tam olaraq azad olunsun. Ərizənin təmin edilməsinə etiraz etmir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, vergi ödəyicisi olan «Qax rayon Kommunal Müəssisələri Kombinatı»ın dövlət büdcəsinə 39.380.02 manat məbləğində borcu vardır. Məhkəmə ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, tərəflər arasında yaranmış ölkədən getmək hüququnun məhdudlaşdırılması üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qüvvədə olan Vergi Məcəlləsinin müddəaları əsasında hüquqi qiymət verilməli, habelə əlaqəli hüquq normaları üzrə təhlil aparılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsində qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi orqanının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda-məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsində deyilir ki, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Verilmiş ərizənin düzgün həlli üçün nəzərə alınmalı hallardan biri də odur ki, Azərbaycan Respublikası Konstitusiyasının azadlıq hüququnu təsbit edən 28-ci maddəsinin İİİ hissəsinə görə qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Göründüyü kimi ölkədən getmək hüququ, Konstitusiyada nəzərdə tutulmuş fundamental hüquq olan azadlıq hüququnun tərkib hissəsidir. Həmin maddənin İİ hissəsində göstərilir ki, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 4 saylı protokolunun 2-ci maddəsində də hərəkət etmək azadlığı tanınaraq göstərilir ki, dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin ikinci hissəsinə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu baxımdan borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması onun konstitusiya əhəmiyyətli hüquqlarına müdaxilə elementini özündə ehtiva edir. Bu cür müdaxilə isə qanunilik və ədalətli tarazlıq prinsiplərinə cavab verməlidir. Qanunilik prinsipi o deməkdir ki, məhdudlaşdırmanın qanuni əsasları olmalı, qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmalıdır. «Ədalətli balans» prinsipi özlüyündə müdaxilə edilən hüquqa nisbətdə ona bərabər marağın mövcudluğunu nəzərdə tutur. Ölkədən getmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, bu tədbir tətbiq edilərkən, tətbiq edilən vasitə ilə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Hazırda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə xahiş, bu prinsiplərə cavab verir. Çünki ərizə verginin ödənilməsi kimi ictimai maraqdan irəli gələn zərurətlə əsaslandırılmışdır. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir. (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 13 saylı Ərazi Vergilər İdarəsinin iş üzrə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi əsaslı olduğundan təmin olunmalı və borc ödənilənədək həmin şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Mülki Prosessual Məcəllənin 355-7.1-ci maddəsində qeyd olunmuşdur ki, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-7.4-cü maddəsində qeyd olunmuşdur ki, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. «Qax rayon Kommunal Müəssisələri Kombinatı» (VÖEN **********) dövlət büdcəsinə olan ümumilikdə 39380,02 manat vergi və sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, Seriya və nömrəsi - AA*******, 2 Yanvar 1974-cü il təvəllüdlü) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar