Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-767/2025 03.02.2026 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövən qızının katibliyi, İddiaçı, Cavabdeh oğulunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «3.300 manat pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı «3.300 manat pul» tələbinə tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Qax rayonu Qıpçaq kənd sakini, Cavabdeh 3.300 manat pul və dövlət rüsumu olaraq ödədiyi 53 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Balakən şəhərində yaşayır. Onu mülkiyyətində «Land Rover» Freelander markalı minik avtomobili var. 2022-ci ilin oktyabr ayında avtomobilin motoru işləmədiyindən yeni motor almalı olmuşdur. Həmin vaxt məlumat almışdır ki, Qax rayonu, Qıpçaq kənd sakini olan Cavabdeh maşın motorları təmir edir, həm də işlək motorlar satır. O, 2022-ci iln oktyabr ayının əvvəllərində Rasulla əlaqə saxlamış və o özündə avtomobilinə uyğun işlək motor olduğunu bildirdi. Rasul ona motorun 2.600 manat dəyərində olduğunu bildirdi, aralarında olan şifahi razılaşmaya görə o ona motorun alınması üçün 1.600 manat nağd pul və geri qalan 1.000 manat pulun əvəzinə isə mülkiyyətində olan yuxarıda qeyd etdiyi avtomobildən çıxartdığım motoru verməli idi. Oktyabr ayının sonuna yaxın cavabdeh ona maşın motorunu göndərdi, o da cavabdehə 1.600 manat pul və maşın motorunu göndərmişdir. Cavabdeh göndərdiyi motor usta tərəfindən avtomobilinə yerləşdirilmiş lakin motor işləməmişdir. Bu barədə Rasula bildirdikdə cavabeh ona motoru Balakən rayonunda təmir etdirməsini təklif etmiş, çəkilən xərcləri də özü ödəyəcəyini bildirmişdir. O, cavabdehin razılığı ilə motoru Balakən rayonunda avtomobil təmiri ustası işləyən Zamir adlı və bir neçə başqa şəxslərə təmir etdirmiş, motor üçün əlavə ehtiyat hissələrinin alınması və usta xərci olaraq əlavə 700 manat pul xərcləmişdir. Lakin motor yenə də işləməmişdir. Bu barədə Cavabdeh məlumat vermiş və o motoru geri göndərməsini xahiş etmiş və motorun pulunu az bir müddətdə ona qaytaracağını bildirmişdir. 2024-cü ilin oktyabr ayında Rasulun ona göndərdiyi motoru geri göndərmişdir. Dəfələrlə telefon əlaqəsi saxlayaraq və onunla görəşərək Cavabdeh ümumilikdə ona borclu olduğu 3.300 manat pulu qaytarmasını tələb etsə də cavabdeh borclu olduğu pulu ona qaytarmadığından 27 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Onun «102» xidmətinə etdiyi şikayətlə bağlı 28 dekabr 2024-cü il tarixdə o Balakən rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Orada ondan sahə müvəkkili Ramil Əliyev şikayəti ilə bağlı izahat almışdır. Həmçinin Cavabdehlə əlaqə saxlamışdır. Həmin vaxt Rasul pulu bir neçə günə ona ödəyəcəyini bildirmişdir. Lakin Rasul borclu olduğu pulu bu günə qədər ödəməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o cavabdehdən 3.300 manat pul tələb edir. Cavabdehə 1.600 manat nağd pul vermiş, 1.000 manat dəyərində köhnə mühərriki vermiş, 900 manat mühərrikə xərc çəksə də, onların danışığına görə 700 manata endirirlib. Mühərriki cavabdehdən almış, avtomobilə qoyulan zaman işləməmişdir. Cavabdehlə mühərrikin işləməməsi barədə əlaqə saxlaya-saxlaya, cavabdeh də təmir işlərin gördürməsini deyə deyə mühərriki təmir edirmiş və bu əlavə xərclər də ondan yaranmışdır. Beş ay mühərrik təmirdə olmuşdur, lakin düzəlməmişdir. Cavabdehlə əlaqə saxladıqda bu yaxınlarda gələcəyini və mühərriki təmir edərək işə salıb ona təhvil verəcəyini demişdir. Gözləmiş, lakin cavabdeh onun zənglərinə cavab verməmişdir. Digər nömrədən zəng etdikdə cavabdeh cavab vermiş, nə üçün onu aldatdığını soruşduqda gəmək istəsə də, alınmadığını, oğlunun gələcəyini demişdir. Cavabdehin oğlu da gəlməmişdir. Cavabdeh yenə də təxminən 5-6 ay onun zənglərinə cavab verməmişdir. Təxminən bir il yarımdan sonra cavabdehə yad nömrədən zəng etdikdə onun zənginə cavab vermiş, cavabdehə mühərrikin nasaz olduğunu və işləmədiyini, təmir etmirsəgeri qaytarmasını demişdir. Cavabdeh mühərriki göndərməsini və onun pulunu qaytaracağını demişdir. Beləliklə cavabdehin ona 3.300 manat borcu yaranmışdır. Hər iki mühərrik cavabdehdədir. Cavabdeh nə mühərriki nə də pulu qaytarır. Məhkəməyə sübut qimində cavabdehin səs yazısını təqdim etmişdir, cavabdeh həmin səs yazıda bildirir ki, ona olan 3.300 manat pulu 2025-ci ilin sentyabr ayının sonunda qaytaracaq. Cavabdeh 15 yanvar 2026-cı il tarixdə iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddia ilə bağlı göstərdi ki, iddianı qəbul etmir. Avtomobilin mühərrikini satdığı vaxtdan 2 il müddət keçib və bu qədər müddətdən somnra mühərrikin nasaz olduğunu və avtomobilin mühərrikini işə salınmadığını bildirib. O, maşın ustası olduğu üçün tam əminliklə deyə bilər ki, 2 il ərzində mühərrikə çox hadisə ola bilər. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınması barədə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, CD diskə köçürülmüş audio yazılardan görünür ki, Cavabdeh mühərrikə görə Abdullaya 3.300 manat pul verməli olduğunu, 15 sentyabr 2025-ci il tarixə pulu verəcəyini bildirmişdir. 02 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 53 manat dövlət rüsumu ödəmişdir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının izahatı və işin faktiki halları ilə müəyyən edilmişdir ki, 2022-ci ildə Cavabdeh İddiaçı 2.600 manat dəyərində avtomobil mühərrikini şifahi qaydada satmış, aralarında olan şifahi razılaşmaya əsasən cavabdehə məxsus «Land Rover» Freelander markalı minik avtomobilin mühərrikini dəyərinin 1.600 manatını nağd qaydada almış, 1.000 manatının əvəzində isə iddiaçının avtomobilin üzərində olan mühərriki götürmüşdür. Lakin cavabdeh tərəfindən iddiaçıya satılmış mühərrik nasaz vəziyyətdə olduğu üçün iddiaçı tərəfindən xərc çəkilmiş, lakin nasazılığın aradan qaldırılması mümkün olmadığı üçün mühərrik iddiaçı tərəfindən cavabdehə qaytarılmışdır. İddiaçı hazırda cavabdeh Qax rayonu, Qıpçaq kənd sakini Cavabdeh 3.300 (üç min üç yüz) manat pul və dövlət rüsumu olaraq ödədiyi 53 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Cavabdeh məhkəmə iclasında iddiaçının ona 2 ildən sonra mühərrikin nasaz olduğunu deməsini əsas gətirərək iddianı qəbul etməmiş, lakin cavabdehin iddiaçıya 3.300 manat borcunun olması cavabdehin «CD» diskə köçürülmüş iddiaçıya 3.300 manat pul ödəməli olması ilə bağlı səs yazıları ilə birbaşa sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə iclasında işin faktiki halları, işdə olan əsaslı və mötəbər sübut hesab edilən «CD» diskə köçürülmüş səs yazıları ilə sübuta yetirilmişdir. Tətbiq edilən hüquq: «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi» haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddənin şərhinə görə tərəflər əşyanı alıcya verdikdən müəyyən müddət sonra real ödənilməsini tələb edə bilər. Əşyanın ödənilməsi halında müqavilənin əsas şərti olan ödənilmiş əşyanın alıcıya verilməsi vəzifəsinin icrası satıcının üzərinə düşdüyü halda, əşyaların nisyə satışında əsas şərt olan ödənilmədən qəbul edilmiş əşyanın ödənilməsi vəzifəsi alıcının üzərinə düşür. Mülki Məcəllənin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 587.3-cü maddəsinə əsasən Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Həmin Məcəllənin 587.4-cü maddəsinə əsasən komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. Həmin Məcəllənin 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən aatıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma iki tərəf iştirak edir. Onlardan biri heç bir hüquqi əsas olmadan başqasının hesabına əmlak etmiş varlanmış şəxs, digəri isə burnun nəticəsində əmlak itkisinə məruz qalmış şəxsdir. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddaəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3.300 manat məbləğində və ödənilmiş 53 manat dövlət rüsumu tutulub İddiaçı ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3.300 manat məbləğində pul və ödənilmiş 53 manat dövlət rüsumu tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №e-2(024)-767/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-767/2025
03.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver