Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1045/2025 21.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki iş üzrə (Açar sözlər: subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 6977,30 AZN (altı min doqquz yüz yetmiş yeddi manat otuz qəpik) ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 89,78 AZN (səksən doqquz manat yetmiş səkkiz qəpik) dövlət rüsumunun və 0,72 (yetmiş iki qəpik) xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VOLVO FMX” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********2 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 125790 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Azadolma (franşiza) məbləği 4300 AZN, sığorta dəyəri 42000 AZN olaraq müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş iş kartına əsasən, hadisə nəticəsində zərərçəkən sığortalı “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 31056,68 AZN (otuz bir min əlli altı manat altmış səkkiz qəpik) zərər dəymişdir. Beləliklə, sığortalanmış nəqliyyat vasitəsi tam məhv olmuşdur. Qeyd olunan normanın məzmunundan da aydın olur ki, avtomobilin 75%-dən çox hissəsinin məhv olması həmin nəqliyyat vasitəsini əvvəlki vəziyyətinə bərpa etməyi mümkünsüz edir. Buna görə də nəqliyyat vasitəsindən qalan qalıqların qiyməti, azadolma məbləği avtomobilin dəyərindən çıxılmaqla, qalan məbləğdə sığorta ödənişi zərərçəkənə ödənilir. Hazırki iş üzrə sığorta dəyəri 42000 AZN-dən azadolma məbləği 4300 AZN və 20000 AZN qalıq dəyəri çıxılmaqla qalan sığorta ödənişi məbləği 17700 AZN olmuşdur. İş materiallarında olan “Tam zərər halında avtomobilin qalıq hissələrinin qiymətləndirilməsi” protokolundan görünür ki, avtomobildən qalan qalıqlar ən yüksək qiyməti təklif edən şəxsə 20000 AZN olmaqla satılmışdır. Zərərçəkən sığortalı “X6 Sanayi və Ticaret Anonim Şirkətinin AR Nümayəndəliyi”-nin ərizəsindən görünür ki, sonuncu dəymiş zərər məbləği ilə razılaşmış və köçürülməsi üçün bank hesabının rekvizitlərin təqdim etmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 13828 saylı ödəniş tapşırığından görünür ki, sığortalanmış “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 17700 AZN (on yeddi min yeddi yüz manat) sığorta ödənişini rəsmi servis “X6 Sanayi və Ticaret Anonim Şirkətinin AR Nümayəndəliyi”-nin bank hesabına köçürmüşdür. xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində hər iki sürücü təqsirli bilindiyi üçün, Cavabdeh qarşı, dəymiş zərər məbləğinin (42000 sığorta dəyəri- 20000 qalıq dəyər=22000 AZN zərər) yarısı həcmində, yəni 11000 AZN (on bir min manat) məbləğ həddində Subroqasiya hüquqları yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən, Cavabdeh və X5 hər ikisi İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. İSB-dən (icbari Sığorta Bürosu) çıxarışa əsasən, Cavabdeh nəqliyyat vasitəsinin mülki məsuliyyəti hadisə baş verən zaman "xxxx" SŞ ASC-də icbari qaydada sığortalı olduğu üçün, məbləğin 4022,73 AZN (dörd min iyirmi iki manat yetmiş üç qəpik) hissəsi sonuncu tərəfindən iddiaçıya ödənilmişdir. Geri qalan 6977,30 AZN ( altı min doqquz yüz yetmiş yeddi manat otuz qəpik) məbləğ cavabdehin özü tərəfindən geri qaytarılmalıdır. Cavabdehə pretenziya göndərilmiş, əlaqə yaradılmağa çalışılsa da, bu mümkün olmamışdır. Hesab edirlər ki, iş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 6977.30 AZN ( altı min doqquz yüz yetmiş yeddi manat otuz qəpik) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, yol-nəqliiyat hadisəsi baş verən zaman "xxxx" MMC-də sürücü vəzifəsində işləmişdir. Tərəfindən idarə olunan “VOLVO FMX” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə "xxxx" MMC-nin mülkiyyətində olmuş və avtomobili etibarnamə ilə idarə etmişdir. Bu səbəbdən hesab edir ki, həmin məbləğ "xxxx" MMC-dən tutulmalıdır. Çünki onun həmin məbləği ödəməyə imkanı yoxdyr. Həmçinin hadisə nəticəsində “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tam sıradan çıxması barədə dedikləri düzgün deyildir. Məhkəməyə təqdim etdiyi sənədlərlə də görünür ki, “Mitsubishi L200” markalı avtomobil o qədər ciddi zərər görməmişdir. Göstərilənləri nəzərə alıb, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VOLVO FMX” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan **********2 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 125790 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Azadolma (franşiza) məbləği 4300 AZN, sığorta dəyəri 42000 AZN olaraq müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş iş kartından görünür ki, hadisə nəticəsində zərərçəkən sığortalı “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 31056,68 AZN (otuz bir min əlli altı manat altmış səkkiz qəpik) zərər dəymişdir. İş materiallarında olan “Tam zərər halında avtomobilin qalıq hissələrinin qiymətləndirilməsi” protokolundan görünür ki, avtomobildən qalan qalıqlar ən yüksək qiyməti təklif edən şəxsə 20000 AZN olmaqla satılmışdır. Zərərçəkən sığortalı “X6 Sanayi və Ticaret Anonim Şirkətinin AR Nümayəndəliyi”-nin ərizəsindən görünür ki, sonuncu dəymiş zərər məbləği ilə razılaşmış və köçürülməsi üçün bank hesabının rekvizitlərin təqdim etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 13828 saylı ödəniş tapşırığından görünür ki, sığortalanmış “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 17700 AZN (on yeddi min yeddi yüz manat) sığorta ödənişini rəsmi servis “X6 Sanayi və Ticaret Anonim Şirkətinin AR Nümayəndəliyi”-nin bank hesabına köçürmüşdür. İş materiallarında olan Füzuli rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş 31 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh və X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh və X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati icraat başlanması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarının surətinin Füzuli rayon polis şöbəsinin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli X4 protokoldan görünür ki, Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan Cavabdeh məxsus “Əmək kitabçası”nın surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin Avadanlıq xidməti departamentinin layihələrin idarə edilməsi şöbəsinin sürücüsü vəzifəsinə işə qəbul olunmuş və xx.xx.2023-cü il tarixdə isə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər "xxxx" MMC-də sürücü vəzifəsində işləmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli Etibarnamədən görünür ki, “VOLVO FMX” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və digər dövlət qeydiyyat nişanlı avtomobillər Cavabdeh idarə etməyə etibar edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-cı maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1-ci maddəsinə əsasən Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 aprel 2022-ci il tarixli qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin halları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VOLVO FMX” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Hadisə nəticəsində zərərçəkən sığortalı “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 31056,68 AZN (otuz bir min əlli altı manat altmış səkkiz qəpik) zərər dəymişdir. Beləliklə, sığortalanmış nəqliyyat vasitəsi tam məhv olmuşdur. Sığorta dəyəri 42000 AZN-dən azadolma məbləği 4300 AZN və 20000 AZN qalıq dəyəri çıxılmaqla qalan sığorta ödənişi məbləği 17700 AZN olmuşdur. “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobildən qalan qalıqlar ən yüksək qiyməti təklif edən şəxsə 20000 AZN olmaqla satılmışdır. İddiaçı Sığorta tərəfindən sığortalanmış “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 17700 AZN (on yeddi min yeddi yüz manat) sığorta ödənişini rəsmi servis “X6 Sanayi və Ticaret Anonim Şirkətinin AR Nümayəndəliyi”-nin bank hesabına köçürmüşdür. xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsinin baş verməsində hər iki sürücü təqsirli bilindiyi üçün, Cavabdeh qarşı, dəymiş zərər məbləğinin (42000 sığorta dəyəri- 20000 qalıq dəyər=22000 AZN zərər) yarısı həcmində, yəni 11000 AZN (on bir min manat) məbləğ həddində Subroqasiya hüquqları yaranmışdır. Cavabdeh nəqliyyat vasitəsinin mülki məsuliyyəti hadisə baş verən zaman "xxxx" SŞ ASC-də icbari qaydada sığortalı olduğu üçün, məbləğin 4022,73 AZN (dörd min iyirmi iki manat yetmiş üç qəpik) hissəsi sonuncu tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı Sığorta Şirkəti ASC geri qalan 6977,30 AZN (altı min doqquz yüz yetmiş yeddi manat otuz qəpik) məbləğ Cavabdeh tərəfindən onlara geri qaytarılmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmiş və hadisə baş verən vaxt "xxxx" LTD MMC-də sürücü işlədiyini, həmin məbləğin "xxxx" LTD MMC-dən tutulmalı olmasını bildirir. Məhkəmə qeyd edir ki, yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli olan avtomobilin sürücüsü Cavabdeh xx.xx.2021-ci il tarixdən "xxxx" LTD MMC-də sürücü vəzifəsinə işə qəbul olunmuş və xx.xx.2023-cü il tarixdə öz ərizəsinə əsasən "xxxx" LTD MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının cavabdehdən tələb etdiyi maddi ziyanla bağlı yolnəqliyyat hadisəsi isə 01 iyul 2023-cü il tarixdə baş vermişdir. Göründüyü kimi yol-nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh "xxxx" LTD MMC ilə əmək münasibətlərində olmuşdur. Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək (qulluq, mənsəb) vəzifələrinin icrası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan vəzifə (peşə) üzrə işlərin (xidmətlərin), həm də əmək müqaviləsində nəzərdə tutulmayan, lakin işəgötürən tərəfindən ona tapşırılan digər işlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsində isə işçinin əmək funksiyasının dairəsi konkretləşdirilərək müəyyən edilmişdir ki, işəgötürən işçinin əmək funksiyasının əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin, göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Konstitusiya məhkəməsinin də qərarından göründüyü kimi, iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin nəqliyyat vasitəsini idarə edən şəxs Cavabdeh vurduğu zərəri sonuncunun əmək münasibətlərində olduğu "xxxx" LTD MMC-dən tələb etmək hüququ vardır. Hal-hazırda dəymiş maddi ziyanın işçi Cavabdeh tələb edilməsi qanunsuz olmuşdur. Buna görə də sığorta şirkətinin işçiyə qarış subroqasiya hüququ yarana bilməz. Konstitusiya Məhkəməsinin sözügedən plenumun qərarında həmçinin göstərmişdir ki, mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür. Hazırki işdən isə görünür ki, Qəribov X1 LTD” MMC-də sürücüsü vəzifəsində işləmiş və vururulmuş zərər işəgötürənin fəaliyyəti nəticəsində yaranmışdır. Həmçinin baş vermiş hadisə ilə görülən iş arasında funksional bağlılığ mövcuddur. Bu səbəblərdən məhkəmə hesab edir ki, subqoyasiya qaydasında pul işçidən deyil, işəgötürəndən tutulmalıdır. Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır Həmçinin qeyd edilməlidir ki, "xxxx" MMC Cavabdeh vurduğu zərərin əvəzini sığorta şirkətinin xeyrinə tam icra etməsi nəticəsində Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, digər cavabdehə qarşı ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ əmələ gələcəkdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçıya məhkəmə zamanı cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi təklif edilmiş, lakin iddiaçı tərəf bundan imtina edərək cavabdehin əsl cavabdehlə ("xxxx" MMC) əvəz edilməsinə razılıq verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə mülki iş üzrə sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd olunsun. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1045/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1045/2025
21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver