Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1207/2022 20.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, sığorta müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2subroqasiya qaydasında müştərək olaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə 5 210,00 (beş min iki yüz on) manat məbləğində ziyanın və ödənilmiş 72,10 manat dövlət rüsumunun, 0,40 bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 məxsus Cavabdeh1 tərəfindən idarə etdiyi ** BX *** dövlət qeydiyyat nişanlı VAZ-21093 markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır . xx.xx.2020-ci il tarixində Cavabdeh1 idarə etdiyi sığortalı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədilmiş nəticədə ** BJ *** dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuş həmçinin hadisə nəticəsində X4 vəfat etmişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı Şəki Ağır Cinayətlər məhkəməsində 1(091)-45/2021-saylı hökm çıxarılmışdır. "xxxx" ASC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** BJ *** dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 210,00 (iki yüz on) manat müəyyən edilmişdir. Hadisə üzrə vəfat etmiş şəxsin vərəsələrinə isə qanunamüvafiq formada 5000,00 (beş min) manat sığorta ödənişinin ödənilməsi qərara alınmışdır. "xxxx" ASC-nin xx.xx.2021 və xx.xx.2021-ci il tarixli sığorta aktlarına əsasən ümumilikdə 5210,00 (beş min iki yüz on) manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxsə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəməyə gəlməməsinin səbəbinin üzrlü hesab edilməsini, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 verdiyi izahatında iddia tələbini qəbul edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə sürücülük hüququ olmadan etibarnamə ilə idarə etdiyi “VAZ 21093” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Zarağan – Ağdaş magistral yolunun Hacallı kəndi ərazisindən keçən hissəsində piyada keçidinin üstündə, yolun solundan sağına tərəf keçən Qəbələ rayonu, Bayram koxa kənd sakini X3 vurmuşdur. Daha sonra bu səbəbdən idarəetməni itirmiş və yolun sağ ehtiyat hisəsində dayanmış X2 məxsus «VAZ 2107» markalı **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobilə ön sağ tərəfdən dəyməklə həmin avtomobilə 215 manat maddi ziyan vurmuşdur. Rəsulov Eyyub isə aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmünə əsasən 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hadisə nəticəsində dəymiş zərər həmin şəxslərə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilsə də, onun maddi imkanı olmadığına iddiaçıya həmin məbləği ödəyə bilməmişdir. Həmin borc məbləğini isə yalnız hissəhissə ödəyə bilər. Odur ki, müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin maddənin 2-ci bəndinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom eneıjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur, Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “VAZ 21093” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edən müddətdə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Bundan əlavə, sığortalı Cavabdeh2 avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında PPA********** saylı şəhadətnamə verilmişdir. İşdə olan digər sənədlərdən göründüyü kimi, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində – xx.xx.2020-ci il tarixdə Cavabdeh1 idarə etdiyi “VAZ 21093” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Zarağan – Ağdaş magistral yolunun Hacallı kəndi ərazisindən keçən hissəsində piyada keçidinin üstündə, yolun solundan sağına tərəf keçən Qəbələ rayonu, Bayram koxa kənd sakini X3 vurmuş, nəticə sonuncu aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Daha sonra yolun sağ ehtiyat hisəsində dayanmış X2 məxsus «VAZ 2107» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ön sağ tərəfdən dəyməklə həmin avtomobilə 215 manat maddi ziyan vurmuşdur. İşdə olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli 1(091)-45\2021 saylı hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 03 (üç) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumedilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası DİN Qəbələ rayon Polis Şöbəsinin 15 fevral 2021-ci il tarixli 144- 4888-1221 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışda yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh1 qeyd olunmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, X1 5000 manat sığorta ödənişi edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, 5000 manat sığorta ödənişi faydalanan şəxs X1 ödənilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli ziyan aktından görünür ki, «VAZ 2107» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün lazım olan ehtiyyat hissələrinin və s. adları, həmçinin onların dəyəri siyahıda ardıcıllıqla göstərilmiş, avtomobilin bərpasına 215 manat pul vəsaiti tələb olunması qeyd edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, zərərçəkmiş şəxsə 210 manat sığorta ödənişi edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, 210 manat sığorta ödənişi faydalanan şəxs X2 ödənilmişdir. İşdə olan PAŞA Sığorta ASC-nin 3006/L saylı 28 iyul 2021-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı 5210 manat məbləğində pul vəsaiti cavabdehlərdən tələb edilmişdir. Göründüyü kimi, mülki hüquq pozuntusu məhz Cavabdeh1 tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu nəticəsində vurduğu zərəri ödəməyə borcludur. Məhkəmə həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin Cavabdeh2 qarşı olan hissədə əsassız hesab edir. İş materillarından görünür ki, Cavabdeh2 özünə məxsus “VAZ 21093” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini etibar edilən Cavabdeh1 vermişdir. Göründüyü kimi, “VAZ 21093” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı minik markalı avtomobili üzrə idarəetmə səlahiyyəti avtonəqliyyat hadisəsi baş verməmişdən əvvəl Cavabdeh1 verilmişdir və Cavabdeh1 qanuna zidd hərəkəti nəticəsində nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 hər hansı təqsirli qanunazidd hərəkət etmədiyindən, həmin şəxsin vurduğu zərər üçün Cavabdeh2 məsuliyyət daşımalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 5210 (beş min iki yüz on) manat məbləğində verilmiş sığorta ödənişi və 72.10 (yetmiş iki manat on qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. 5210 (beş min iki yüz on) manat məbləğində verilmiş sığorta ödənişi və 72.10 (yetmiş iki manat on qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №e-2(025)-1207/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1207/2022
20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver