Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1262/2024 27.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “kolxozçu həyəti olmuş təsərrüfatın ona məxsus hesab edilməsi, təsərrüfatbaşına kitab üzrə əsassız qeydlərin və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kolxozçu həyəti olmuş təsərrüfatın ona məxsus hesab edilməsi, təsərrüfatbaşına kitab üzrə əsassız qeydlərin və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə əsasən: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Azərbaycan Respublikası MPM-nin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Göründüyü kimi qanunverciliyin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən iddia tələbinin əsası ilə əlaqədar sübutlar qismən əlavə edilmişdir. Belə ki, iddiaçı tələbində “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin ləğv edilməsini xahiş etsə də, həmin şəhadətnamələrin əslini və yaxud təsdiqlənmiş surətini iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin iddiaçı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni iddia ərizəsinə əlavə edə bilməməsinə dair hər-hansı bir əsas (müvafiq orqana müraciət etməsini təsdiqləyən hər hansı bir sənəd, müraciətin müvafiq oqrana çatdırılmasını təsdiq edən sənəd) əlavə etməmişdir. Həmçinin, iddiaçı ərizəsində hansı səbəblərdən iddia tələbinin əsası ilə əlaqədar olan müvafiq sənədlərin (““Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə) əlavə edilməməsi barədə məlumat verməmişdir. Mülki-Prosessual Məcəllənin 78-ci maddəsinin 2-ci bəndinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Göründüyü kimi iddiaçı məhkəməyə belə bir vəsatətlə müraciət etməmişdir. Həmçinin iddiaçı zəruri sübutları müstəqil əldə etmək imkanı olmaması barədə də məhkəməyə sübut təqdim etməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinin başlanğıc hissəsində “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsini tələb etsə də, ərizənin “xahiş etdi” hissəsində şəhadətnamənin etibarsız sayılmasını xahiş etmişdir. Bununla bağlı iddiaçıya izah edilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin “etibarsız” və ya “ləğv edilməsi” tələbləri məhkəməyə aidiyyatının müəyyən edilməsi baxımından vacib məsələdir. İddiaçı həmin halı iddia ərizəsində dəqiq göstərməlidir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə isə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. X1 Azərbaycan Respublikasının qanununun 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən cəmi 101 manat məbləğində pul ödənilmiş, həmin puldan məhkəmədə iddia qaldırılması üçün dövlət büdcəsinə ödənilmiş pul 100 manat məbləğində olmuş, yerdə qalan 0,40 manat məbləğində pul isə Kapital Bank tərəfindən xidmət haqqı kimi tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “kolxozçu həyəti olmuş təsərrüfatın ona məxsus hesab edilməsi, təsərrüfatbaşına kitab üzrə əsassız qeydlərin və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün "xxxx" ASC vasitəsi ilə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun İddiaçı geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1262/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1262/2024
27.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver