Məhkəmə qərarları › İş №e-2(025)-1440/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1440/2025

23.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1440/2025 23.12.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı1, cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçılar, İddiaçı1 və İddiaçı2 cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı "vurulmuş zərərin ödənilməsi" tələbi barədə iddiasına dair işə baxaraq МÜƏYYƏNETDİ: İddiaçılar, İddiaçı1 və İddiaçı2 cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq cavabdehlərin birgə qanunsuz hərəkətləri nəticəsində onlara ümumilikdə 705,0 manat məbləğində ( xx.xx.2022-ci il tarixdə 300 manat dəyərində 6 ədəd 3x1 metr və 160 manat dəyərində 4 ədəd 2x1 metr ölçülərdə dəmir listlərin oğurlanması nəticəsində cəmi 460,0 manat, o cümlədən xx.xx.2022-ci il tarixdə 70 ədəd ot presinin yandırılması nəticəsində 245,0 manat) məbləğində maddi zərər dəydiyini göstərərək həmin məbləğin və 1200,0 manat məbləğində mənəvi zərərin ödənilməsi, o cümlədən 100,0 manat hüquqi xidmət haqqı və 40,0 manat dövlət rüsumu tutularaq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə (İddiaçı2 ilə) birlikdə Qəbələ rayonu Bum qəsəbəsində yaşayır və fərdi qaydada təsərrüfatla məşğul olur. 2017ci ildə özlərinə məxsus olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən (Uludaş kəndi yaxınlığındakı ərazidə) 0,80 ha torpaq sahəsini əraziyə nəzarət etmək, kol-kosdan təmizləmək və otundan istifadə etmək (mal-qaranı otarmaq) məqsədilə Uludaş kənd sakini Cavabdeh1 vermişdir. 2021-ci ildə Cavabdeh1 torpaq sahəsinə yiyələnmək niyyətini bilərək ərazini geri tələb etdikdə aralarında mübahisə yaranmış və indiyədək davam etmişdir. Cavabdeh1 və Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə həmin torpaq sahəsində olan onlara məxsus olan 300 manat dəyərində 6 ədəd 3x1 metr ölçüdə (hər biri iki hissəyə bölünmüş 3 ədəd 6x1 metr ölçüdə dəmir listələr) və 160 manat dəyərində 4 ədəd 2x1 metr ölçülərdə dəmir listlər oğurlanmış, o cümlədən xx.xx.2022-ci il tarixdə 70 ədəd ot presi yandırılaraq məhv edilmişdir. 6 ədəd 3x1 metr və 160 manat dəyərində 4 ədəd 2x1 metr ölçülərdə dəmir listlərin oğurlanması nəticəsində cəmi 460,0 manat, 70 ədəd ot presinin yandırılması nəticəsində 245,0 manat məbləğində maddi zərər dəymişdir. Ona görə də, ümumilikdə 705,0 manat məbləğində maddi və 1200,0 manat məbləğində mənəvi zərərin ödənilməsi, o cümlədən 100,0 manat hüquqi xidmət haqqı və 40,0 manat dövlət rüsumu tutularaq onlara verilməsi barədə iddia qaldırmışlar. Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Uludaş kəndində yaşayır və fərdi qaydada təsərrüfatla məşğul olur. 2011-ci ildə Qəbələ rayonu Bum qəsəbəsində yerləşən (Uludaş kəndi yaxınlığındakı ərazidə) bələdiyyə mülkiyyətinə aid zəbt edilmiş 0,70 ha torpaq sahəsini İddiaçı1 1600,0 manata alımış, ərazini çəpərləmiş, kol-kosdan təmizləyərək peyinləmiş, qoz, şabalıd, fındıq, alça və s. cinsli ağaclar əkərək bağ salmış və indiyədək istifadə etmişdir. 2022-ci ildə torpaq sahəsi onun istifadəsində və çəpəri daxilində olduğundan orada İddiaçı1 məxsus olan müxtəlif ölçülü dəmir listlər və 70 ədəd ot presi ola bilməzdi. İddiaçı1 torpaq sahəsini ondan almaq məqsədilə şikayətlər edərək Cavabdeh2 şərləmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan Qəbələ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(025)408/2022 saylı qərarının surətinə əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu Bum qəsəbəsi ərazisində 70 ədəd ot presinin yandıraraq İddiaçı1 245,0 manat məbləğində maddi zərər vurduğuna görə AR İXM-nin 231-1-ci maddəsi ilə təqsirli bilinib 245,0 (iki yüz qırx beş) manat cərimə edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(107)161/2022 saylı qərarının surətinə əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixdə, saat 18-00 radələrində Qəbələ rayonu Bum qəsəbəsi ərazisində İddiaçı2 məxsus olan 6 ədəd 3x1 metr və 4 ədəd 2x1 metr ölçülərdə dəmir listləri oğurladığına görə AR İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib İXM-nin 34-1-ci maddəsi tətbiq olunaraq 200,0 ( ki yüz qırx beş) manat cərimə edilmişdir. İşdə olan X1 (VÖEN: **********; Metak) tərəfindən verilmiş qiymət cədvəlinə əsasən 3 ədəd dəmir nastl 99,0 manat və 4 ədəd 2x1 metr ölçülərdə dəmir listlər 60,0 manat təşkil edir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu Bum qəsəbəsi ərazisində 70 ədəd ot presinin yandıraraq İddiaçı1 245,0 manat məbləğində maddi zərər vurmuş; xx.xx.2022-ci il tarixdə, saat 18-00 radələrində Qəbələ rayonu Bum qəsəbəsi ərazisində İddiaçı2 məxsus olan 99,0 manat dəyərində 6 ədəd 3x1 metr (3 ədəd 6x1 metr ölçüdə) və 60,0 manat dəyərində 4 ədəd 2x1 metr ölçülərdə dəmir listləri oğurlayaraq ona 159,0 manat məbləğində maddi zərər vurmuşdur. Cavabdeh1 və Cavabdeh2 hərəkətləri nəticəsində İddiaçı1 və İddiaçı2 mənəvi zərər çəkmələri və iş üzrə 100,0 manat məbləğində hüquqi xidmət haqqı ödəmələri müəyyən edilməmişdir. AR Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi əsasını təşkil edir. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh2 cəmi 404,0( 245+159) manat və 30,0 manat dövlət rüsumu tutulub iddiaçılar, İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 404,0 (dörd yüz dörd) manat və 30,0 manat dövlət rüsumu tutulub iddiaçılar, İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar