Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-24/2025 22.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə maneəçilik törədilməsinə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə maneəçilik törədilməsinə son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması və mülkiyyətində olan torpaq sahəsinə mülkiyyət hüququnun olması iddialarına dair müdaxilələrinə son verilməsi və ödənilmiş 100 AZN məhkəmə rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli A№777937 saylı “Torpaq sahəsinin planı və ölçüsü” barədə sənədinə əsasən, ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin mülkiyyətçisi o, yəni İddiaçı Nurəddin oğludur. Həmçinin həmin torpaq sahəsi 14 sentyabr 1993-cü il tarixli Vəsiyyətnamə əsasında ona atası X1 tərəfindən vəsiyyət edilmişdir. Hazırkı vəziyyətdə qonşuluq münasibətində olduqları Cavabdeh tərəfindən ona həmin torpaq sahəsinə mülkiyyət hüquqularını həyata keçirməkdə maneəçiliklər yaradılır. O, dəfələrlə həmin sahəni satmaq üçün alıcı tapsa da, ərazini göstərərkən alıcıya yalnış məlumatlar verərək oranın satılmasına mane olur və beləliklə də, ona həm mənəvi, həm də maddi ziyan vurur. Özü ağır onkoloji xəstədir, (əsas diaqnozum olaraq: C15-5-Qida borusunun aşağı üçdə birini bədxassəli yenitörəməsi cT3N2M0 4-cü mərhələ G3, yəni qida borusunun aşağı üçdə birinin xərçəngi) pula ehtiyacı olduğu üçün o torpaq sahəsini satması vacibdir. (Xəstəliyi ilə əlaqədar sənədləri ərizəsinə əlavə edir). Onun bu qanunsuz hərəkətlərinə son verilməsə, ona yaratdığı maneələr aradan qaldırılmasa, o, torpaq sahəsini sata bilməyəcək və ağırlaşan səhhətimin müalicəsini həyata keçirə bilməyəcəkdir. Bu halda ona, səhhətinə və ailəsinə vurulan maddi zərərin böyüməsi ilə yanaşı həm də mənəvi zərər yaranacaq. Həmçinin qeyd edir ki, himayəsində 2 yetkinlik yaşına çatmayan övladı var və onun səhhətinin yaxşılaşması, onların yanında ola bilməyi onlar üçün çox vacibdir. Həmçinin ailə xərclərini qarşılayacaq əmək qabiliyyəti də olmadığı üçün bir müddət həmin torpaq sahəsinin satılmasından əldə edilən gəlirlə keçinməyə və xəstəliyi ilə əlaqədar xərcləri qarşılamağa borcludur. Burada sadəcə onun mənafeyinə deyil, həmçinin uşaqlarının da da mənafeyinə ciddi ziyan vurulur. Ən əsası hazırda müalicə üçün vacib surətdə o torpağın satılmasında əldə olunan gəlirə ehtiyacı var, vəziyyəti ağırlaşır və torpaq sahəsini satmalıdır. Bu səbəbdən Cavabdeh qanunsuz hərəkətlərinə son verilməsinə dair son ümid yeri olaraq ədalət mühakiməsinin həyata keçirildiyi Məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İnanır ki, bu istiqamətdə müvafiq tədbirlər görüləcək və Cavabdeh qanunsuz hərəkətlərinə son veriləcəkdir. ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsi qanuni olaraq onun mülkiyyət və sahibliyindədir, cavabdeh tərəfindən istifadə hüquqlarına maneəçilik törədilir. Halbuki ona məxsus əmlakın cavabdehə heç bir aidiyyəti yoxdur. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaq, cavabdeh qanunsuz hərəkətlərə son qoymayaraq, mütəmadi olaraq onun əmlakdan istifadəsinə maneçilik törədərək, mülkiyyət hüquqlarını pozmaqda davam edir. O, bununla bağlı polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etsə də, müəyyən araşdırma aparıldıqdan sonra məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Eyni zamanda, dəfələrlə müxtəlif qurumlardan əməkdaşlar çağırılmış, hərəkətlərinə son verilməli olduğu, torpaq sahəsinin onun mülkiyyətində olduğu bildirilmişdir. Lakin bütün bu səylərə baxmayaraq o, hərəkətlərindən çəkinməmiş, alıcılarına həmin torpaq sahəsini alanda maneəçilik yaradaraq, oranı almamalı olduqlarını, həmin sahənin bir hissəsinin ona məxsus olmasını israr etmişdir. Belə olan halda isə alıcılarda şübhə yaranır və sahəni almaqdan çəkinirlər. Həmçinin qeyd etməlidir ki, cavabdeh ondan bu hərəkətlərinə sadəcə həmin torpaq sahəsindən – hansı ki, həmin sahə onun mülkiyyət və sahibliyindədir, ona pay verəcəyi halda qanunsuz hərəkətlərinə, əsassız müdaxilələrinə son verəcəyini bildirir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iş üzrə məhkəmə tikinti - texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2024-cü il tarixli, 3-16-16/2-10/9587 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək işin məhkəmə baxışı davam etdirilmişdir. “Elektron məhkəmə” sistemi vasitəsi ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə ölmüşdür. Bu səbəbdən məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə maneəçilik törədilməsinə son qoyulması” tələbinə dair mülki iş üzrə icraat, İddiaçı hüquq varisi müəyyən edilənə qədər dayandırılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Qəbələ Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 09 iyul 2025-ci il tarixli, 2151 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə vəfat etmiş, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı hər hansı əmlakına dair Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmamış, o cümlədən “Elektron notariat” informasiya sistemində vərəsəlik işi açılması barədə məlumat aşkar edilməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işin icraatı təzələnmiş və məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında Cavabdeh müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, hazırkı iddia ərizəsi üzrə mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən mülki iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə o halı da nəzərə alır ki, İddiaçı ölümündən 6 ay müddət keçməsinə baxmayaraq vərəsələri ya notariat orqanına müraciət etməmiş, ya da iddiaçının hüquqi varisi qismində tanınması barədə məhkəməyə hər hansı ərizə ilə müraciət etməmişlər. Bu səbəbdən sözügedən mülki işin icraatının dayandırılaraq məhkəmədə saxlanılması üçün heç bir əsas mövcud deyildir. Məhkəmə həmçinin o halı da nəzərə alır ki, hazırkı mülki işə xitam verilməsi İddiaçı vərəsələrinin yenidən eyni əsaslarla və eyni predmet barəsində məhkəməyə müraciət etməklərinə maneə deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mübahisə hüquq varisliyinə yol vermədiyindən mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsində göstərilir ki, iş üzrə tərəflərdən biri öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2.-ci maddəsinə əsasən İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsində nəzərdə tutulan hüquqi nəticələr ərizəçinin hüquqi varislərinə izah edilməlidir. X3 Azərbaycan Respublikasının qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə Ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən cəmi 100 manat məbləğində pul “Asanpay” ödəniş sistemi vasitəsilə ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun vərəsələrinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə maneəçilik törədilməsinə son qoyulması” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən “AsanPay” ödəniş sistemi vasitəsilə dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun vərəsələrinə geri qaytarılsın. (vərəsəlik şəhadətnaməsi təqdim edildikdən sonra) Qərardadın icrası dövlət rüsumunun İddiaçı vərəsələrinə geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-24/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-24/2025
22.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver