Məhkəmə qərarları › İş №e-2(025)-31/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-31/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-31/2024 31.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, sığorta müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İşin halları İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 4750 (dörd min yeddi yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 67,50 (altmış yeddi manat əlli qəpik) manat, ümumilikdə 4817,50 (dörd min səkkiz yüz on yeddi manat, əlli qəpik) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Chevrolet Cruze” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, S.Rüstəm küçəsində Cavabdeh tərəfindən idarə olunarkən baş vermis yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilə maddi zərər vurulmuşdur. Baş vermis hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Opel Astra” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə 4750 (dörd min yeddi yüz əlli) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhər DYPİ-nin tərtib etdiyi TP ******* saylı X7 haqqımda Qərarda da müəyyən edilmişir ki, yol nəqliyyat hadisəsi baş verərəkən Cavabdeh “Chevrolet Cruze” markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə icraatı iştrakçılarının izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, avtomobil atasının adınadır və avtomobili etibarnamə ilə idarə edirmiş. Etibarnaməni onlayn almış və etibarnamənin vaxtı bitmişdir. Sığortanın verəcəyi məbləğ 3000 (üç min) manat olmuşdur. Sığorta şirkəti avtomobili düzəldərək 4750 manat təmir xərci olduğunu bildirmişdir, lakin siyahıda göstərilən detalların həqiqətən dəyişdiyini sübut etmələrini tələb etsə də, buna nail ola bilməmişdir. Onu "xxxx"nın baş idarəsinə çağırmışlar, lakin məbləğlə bağlı razılaşma mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir; 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1 və 217.5-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10- 1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan “İcbari sığorta müqaviləsinə dair Məlumat”-dan görünür ki, sığortalı X1 məxsus «Chevrolet Cruze» markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək olan dövrü əhatə edən müddətdə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Bundan əlavə, sığortalı X1 avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında PQA********** saylı şəhadətnamə verilmişdir. DİN BDYPİ-nin YPXB-nin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışda yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh qeyd olunmuşdur. Cavabdeh barəsində xx.xx.2022-ci il tarixdə TP seriyalı ******* saylı X7 haqqında qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. İşdə olan "xxxx" ASC-in xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, «Opel Astra» markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün lazım olan ehtiyyat hissələrinin və s. adları, həmçinin onların dəyəri siyahıda ardıcıllıqla göstərilmiş, avtomobilin bərpasına 4750 manat pul vəsaiti tələb olunması qeyd edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 4750 manat sığorta ödənişi faydalanan şəxs X3 ödənilmişdir. İşdə olan digər sənədlərdən göründüyü kimi, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində – xx.xx.2022-ci il tarixdə saat Cavabdeh idarə etdiyi «Chevrolet Cruze» markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, S.Rüstəm küçəsində yol-nəqliyyat hadisəsi törədərək X5 məxsus olan «Opel Astra» markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli 9/7419 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC-nin tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2007-ci il buraxlışlı “Opel Astra” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4550 manat müəyyən edilir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh qəza törətdiyini etiraf edir, lakin dəymiş zərərin məbləğinin düzgün müəyyən olunmadığını bildirsə də, avtomobilin təmiri üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu nəticəsində vurduğu zərəri ödəməyə borcludur. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, 4550 manat məbləğində verilmiş sığorta ödənişi və 67 manat 50 qəpik manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 4550 manat sığorta ödənişi və 67 manat 50 qəpik dövlət rüsumu, ümumilikdə 4617 manat 50 qəpik Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar