Məhkəmə qərarları › İş №e-2(025)-377/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-377/2022

10.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-377/2022 10.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdeh1 və üçüncü şəxs Qəbələ rayon İcra və probasiya şöbəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı "xxxx" X1 (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və qiymətləndirilən daşınar əmlakın həqiqi likvid dəyərin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" X2 (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və qiymətləndirilən daşınar əmlakın həqiqi likvid dəyərin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 məxsus Hyundai Elantra markalı **-SH-*** nömrəli avtomaşının bazar dəyərinin 16 000 manat müəyyən edilməsinə dair 31 avqust 2021-ci il tarixli, 150/21 nömrəli ekspert rəyinin ləğv edilməsi, qiymətləndirilən daşınar əmlakın həqiqi likvid dəyərinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon məhkəməsinin 18.05.2021ci il tarixli, e-2(025)-693/2021 saylı qətnaməsinə əsasən Cavabdeh1 14715 ABŞ dolları məbləğində kredit borcun və ödənilmiş 30 manat rüsum tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, tutmanın “HUNDAİ ELANTRA” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə ediləcək məbləğin cavabdehlərin banka olan borcunun ödənilməsinə sərf edilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsaitin yuxarıda göstərilən pul tələblərinin təmin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması qət edilmişdir. Qəbələ rayon məhkəməsinin 18.05.2021-ci il tarixli, e-2(025)-693/2021 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün Qəbələ rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən Qəbələ rayon Məhkəməsinin 2(025)-693/21 saylı, 18 may 2021-ci il tarixli icra vərəqəsi əsasında icraat başlanılmışdır. Qəbələ rayon İcra və probasiya şöbəsinin qərarı və məktubu ilə ipoteka predmetinin qiymətləndirilməsi Cavabdeh2 MMC-yə həvalə edilmişdir. Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 məxsus HYUNDAİ ELANTRA markalı, **-SH-*** nömrəli avtomobilin bazar qiyməti 16 000 manat məbləğinə müəyyənləşdirilmişdir. Hesab edirlər ki, qeyd edilən qiymətləndirmə rəyində göstərilən qiymət həqiqəti əks etdirmir və həddən artıq artırılmışdır. Ekspert əslində əmlakın bazar dəyəri ilə yanaşı avtomobilin likvid qiymətini də müəyyən etməli idi. 31.08.2021-ci il tarixli, 150/21 nömrəli ekspert rəyində isə Cavabdeh1 məxsus Hyundai Elantra markalı **-SH- *** nömrəli avtomobilin likvid qiyməti göstərilməmişdir. Həmçinin onu da bildirmək istəyir ki, LPO Bankın ipotekasında olan avtomaşın 2013-cü il buraxılışlıdır, həmin maşının arxa və ön buferində cızıqlar, əzik var, təkərləri yazarsız vəziyyətdədir. Həmin avtomaşının qiymətinin həddindən artıq yüksək qiymətləndirilməsi üçün hər hansı bir əsasın olmadığı halda, onun dəyərinin Cavabdeh2 MMC tərəfindən yuxarı göstərilməsi rəydə əsaslandırılmamışdır. Hesab edirlər ki, qiymətləndirmə düzgün həyata keçirilməmişdir və subyektiv xarakter daşıyır, reallığı əks etdirmədiyi üçün işin tam həlli üçün əsas ola bilməz. Çünki, 2 il ərzində qeyd olunan nəqliyyat vasitəsinin dəyəri əlbəttə ki, aşağı düşmüşdür və sözü gedən daşınar əmlakın bazar dəyəri əlbəttə ki, ipoteka müqaviləsində və 31 avqust 2021-ci il tarixli ekspert rəyində göstərilən qiymətdən də aşağı olmalıdır. 05.04.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında Qəbələ rayon İcra və probasiya şöbəsi mülki işə cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə görə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiklərini, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 2019-cu ildə 2013-cü il istehsalı olan avtomobilin alınması üçün ona 14980 ABŞ dolları məbləğində kredit verilmişdir. Qəbələ Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli e-2(025)- 693/2021 nömrəli qətnaməsi qəbul edilmiş və iş icraya yönəldilmişdir. Sonradan maşın ondan alınaraq, saxlanca verilmişdir. Uzun müddətdir ki, maşın onun istifadəsində deyil. Həmçinin ünvanına göndərilmiş iddia ərizəsində qeyd edilmişdir ki, avtomobil 16.000 manat məbləğində qiymətləndirilmişdir. Bu qiymətlə razı deyildir. Belə ki, 2019-cu ildən bəri avtomobil qiymətlərində artım var. Hesab edir ki, maşını aparıb özü satsa, 20000 manatdan artıq qiymətə sata bilər. Həmçinin bankla razılıq əldə edib, aylıq ödənişlər etmək istəyir. Məhkəmə iclasında cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon İcra və probasiya şöbəsinin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, Qəbələ Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli e-2(025)-693/2021 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Tərəflərindən icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, digər zəruri hərəkətlər edilmişdir. Həmçinin ipoteka predmeti olan avtomobil qiymətləndirilməsi üçün Cavabdeh2 MMC-yə qiymətləndiricinin dəvət edilməsi haqqında qərar göndərilmişdir. Lakin hal-hazıradək Qəbələ rayon İcra və probasiya şöbəsinə Cavabdeh2 MMC tərəfindən qiymətləndirmə rəyi daxil olmamışdır. Eyni zamanda hazırkı məsələ ilə Cavabdeh2 MMC-nin nümayəndəsi ilə danışmış, sonuncunun nümayəndəsi rəsmi rəy verilmədiyini bildirmişdir. Belə ki, Cavabdeh2 MMC-nin nümayəndəsi bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən qiymətləndirmə rəyinin verilməsi üçün müvafiq məbləğin ödənilməsini tələb etmişlər və bank isə onlardan rəyi istəmiş, lakin rəyin verilməsi üçün müvafiq məbləği ödənilmədən məhkəməyə şikayət etmişlər. Göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına üzürsüz səbəblərdən gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəflərin izahatlarını, dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Mülki işdə olan sənədlər: Belə ki, mülki işin materiallarında olan 31.08.2021-ci il tarixli, 150/21 nömrəli "xxxx" MMC tərəfindən verilmiş rəyin surətindən görünür ki, Qəbələ rayon İcra və probasiya şöbəsinin 7509/6 saylı, 25.08.2021-ci il tarixli sifariş məktubu əsasında Cavabdeh1 məxsus Hyundai Elantra markalı **-SH-*** nömrəli avtomobil ilə bağlı əmlakın qiymətləndirməsi aparılmış, Cavabdeh1 məxsus Hyundai Elantra markalı **-SH-*** nömrəli avtomobilin real bazar dəyəri 16.000 (on altı min) manat təşkil edir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli e-2(025)- 693/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 02 oktyabr 2019-cu il tarixli, 5981 SAK nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 14715 (on dörd min yeddi yüz on beş) ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutma kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus “Hundai Elantra” markalı (Tip: sedan, buraxılış ili – 2013, Ban-KMHDH41E6EU877857) **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, avtomobil açıq hərracdan satılsın, satışdan əldə ediləcək məbləğ cavabdehlərin banka olan borcunun ödənilməsinə sərf edilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcunun ümumi qaydada Cavabdeh1 tutulması qət edilmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 03.03.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1985-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə tətbiq edilən hüquq: Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göstərilən Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı etməyi zəruri hesab edir ki, tərəflərin təqdim etdiyi sübutlardan da göründüyü kimi, Cavabdeh1 məxsus “Hyundai Elantra” markalı **-SH-*** nömrəli avtomobil Qəbələ rayon İcra və probasiya şöbəsinin 7509/6 nömrəli, 25.08.2021-ci il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən 16000 manata dəyərləndirilmişdir. Məhkəmə qeyd edir ki, adıçəkilən daşınmaz əmlak müvafiq İcra Şöbəsinin sifariş məktubu əsasında cavabdeh "xxxx" MMC-i tərəfindən qiymətləndirilərkən, bu zaman həmin daşınmaz əmlakın təyinatı, onun vəziyyəti tam olaraq nəzərə alınmış, onların dəyəri qiymətləndirmənin keçirildiyi tarixdə təşəkkül tapmış bazar qiymətlərinə uyğun müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin avtomobilin qiymətləndirilməsi barədə hesabat realdır. İddiaçının iddia ərizəsində həmin daşınmaz əmlakın qiymətinin daha az olmasını sübut edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, məhkəmə iclasında qeyd edilən Cavabdeh1 məxsus Hyundai Elantra markalı **-SH-*** nömrəli avtomobilin həmin dövrdə bazar dəyərinin az olması sübuta yetirilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı üçüncü şəxs Qəbələ rayon İcra və probasiya şöbəsinin nümayəndəsi Nümayəndə2 izahatından müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirdiyi "xxxx" MMC-nin 31 avqust 2021-ci il tarixli, 150/21 nömrəli ekspert rəyi öz təsdiqini tapmamışdır və mübahisələndirilən rəy Qəbələ rayon İcra və probasiya şöbəsinə daxil olmamışdır. Bu səbəbdən məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" X2 "xxxx" MMC-nin 31 avqust 2021-ci il tarixli, 150/21 nömrəli ekspert rəyinin halhazırda qüvvədə olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı "xxxx" X1 (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və qiymətləndirilən daşınar əmlakın həqiqi likvid dəyərin müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" X1 (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “qiymətləndirmə rəyinin ləğv edilməsi və qiymətləndirilən daşınar əmlakın həqiqi likvid dəyərin müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar