Məhkəmə qərarları › İş №e-2(025)-455/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-455/2025

03.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-455/2025 03.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, işdə iştirak edən şəxs İddiaçı və nümayəndəsi Nümayəndə, işdə iştirak edən şəxs Cavabdeh və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehna qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddiasına və iddiaçı Cavabdeh İddiaçı qarşı təzminat tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehna qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh xx.xx.2025-ci il tarixdə “KM38” nömrəli növbə bileti əsasında bağışlanma müqaviləsinin təsdiq edilməsi ilə bağlı xidmətdən əsassız imtina etməsi səbəbindən maddi və mənəvi zərər çəkdiyini göstərərək 1.000,0 manat məbləğində maddi və 5.000,0 manat məbləğində mənəvi zərərin ödənilməsi, o cümlədən 80,0 manat məbləğində dövlət rüsumu tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı təzminat tələbi barədə qarşılıqlı iddia qaldıraraq AR Ədliyyə Nazirliyinə, AR ƏN Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinə, AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, AR DİN Qəbələ RPŞ-yə və Qəbələ rayon prokurorluğuna göndərilən çoxsaylı şikayət ərizələrində Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu onun qanunazidd fəaliyyət göstərməsi və vətəndaşların hüquqlarını qəsdən pozulması barədə həqiqətə uyğun olmayan məlumatların yer aldığını, həmin hərəkətlərlə işgüzar nüfuzuna xələl gətirildiyini və fəaliyyətinin dəfələrlə araşdırıldığını, bu səbəbindən mənəvi zərər çəkdiyini göstərərək dəymiş zərərin ödənilməsindən ötrü 10.000 (on min) manat məbləğində təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisində xx.xx.2004-cü il tarixdə vəfat etmiş X2 miras qalmış Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,1 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi, o cümlədən xx.xx.2012-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,1 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və ümumi sahəsi 58,0 kv/m, yaşayış sahəsi 44,6 kv/m, yardımçı sahəsi 13,4 kv/m olan 2 otaqlı fərdi yaşayış evindən vərəsəlik üzrə İddiaçı və X6 düşən payların müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əlaqədar notariat işi açılmış və notariat ofisi əməkdaşlarının tələb olunan sənədlərin siyahısını dəqiq bildirməyərək hər dəfə yeni sənədlər tələb etmələri səbəbindən əməliyyat təxminən altı ay müddətində davam edərək yalnız doqquzuncu cəhddə baş tutmuşdur. İddiaçı məsələni həll etməkdən ötrü özünə məxsus şəxsi avtomobilə doqquz dəfə Bakı şəhərindən Qəbələ şəhərinə gələrək hər dəfə 100,0 manat xərcləmiş, lüzumsuz yerə vaxt sərf etmiş, fiziki cəhətdən yorulmuş və əziyyət şəkmişdir. Notarial əməliyyatın uzanmasına qarşı ifadə edilən narazılığa qarşı Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh biganəliik göstərmiş, onun hərəkətləri ilə bağlı xidmətin təşkili mənfi qiymətləndirilərək bu barədə Mərkəzin şikayətlər kitabında dəfələrlə qeydlər edilmişdir. xx.xx.2024cü il tarixdə İddiaçı və X9 daşınmaz əmlakın bağışlama müqaviləsinin təsdiq olunmasından ötrü Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə müraciət edib həmin gün saat 09:40da “KM28” nömrəli onlayn növbə bileti ilə qeydiyyatdan keçərək saat 10:48-də xidmət pəncərəsinə yaxınlaşmış, lakin müqavilə predmetini təşkil edən fərdi yaşayış evində qeydiyatda olan şəxslərin siyahısı barədə Qəbələ RİHB Vəndam kənd İƏD üzrə İN-dən arayış tələb olunduğu bildirilərək xidmət göstərilməmişdir. “KM28” nömrəli növbə biletinin gözləmə rejiminə keçirilməsindən imtina olunduğu üçün xx.xx.2024-cü il tarixdə, saat 11:16-da “KM38” nömrəli yeni növbə bileti götürülərək Qəbələ rayonu Vəndam qəsəbəsinə gedilmiş və tələb olunan arayış alınaraq yenidən Mərkəzə qayıdılmışdır. X5 Mərkəzin müvafiq xidmət pəncərisi önündə gözləməsinə baxmayaraq saat 17:47 radələrində monitorlar qəsdən söndürülmüş və “yaxınlaşmadı” statusu seçilərək xidmət göstərilməmişdir. Qəbələ Regional “Asan Xidmət” Mərkəzinin Hüquq şöbəsinə şikayət edildikdən sonra Mərkəzin direktoru Fədai Ziyaddinov tərəfindən Cavabdehna müraciət üzrə xidmət göstərməli olduğu izah edilmiş və müvafiq notariat hərəkətinin icra edilməsi təklif edilmişdir. Həmin vaxt Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin bütün əməkdaşlarının iş yerində olmasına və müraciət üzrə xidmət göstərilməsinə mane olan heç bir halın olmadığına baxmayaraq Cavabdeh iş vaxtının bitdiyini bildirərək müvafiq notariat hərəkətini icra etməkdən qərəzli surətdə imtina etmiş və qapını çırparaq nümayişkarənə surətdə Mərkəzi tərk etmişdir. Həmin gün Qəbələ Regional “Asan Xidmət” Mərkəzinin şikayətlər kitabında İddiaçı və A.H.Rəhimova tərəfindən bir neçə dəfə qeydlər etmiş və Cavabdeh hərəkətləri barədə AR ƏN Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinə və digər qurumlara şikayətlər edilmişdir. Qəbələ Regional “Asan Xidmət” Mərkəzi tərəfindən aparılan araşdırma nəticəsində xx.xx.2024-cü il tarixli “KM 38” növbə bileti üzrə xidmət göstərilməməsi əsassız hesab edilmiş və notariat xidmətinin bütün əməkdaşları barədə müvafiq tədbirlər görülmüşdür. Cavabdeh barəsində nəzarət qaydasında iki bildiriş tətbiq edilmiş və AR ƏN Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinə göndərilməsinə baxmayaraq onun intizam məsuliyyətinə cəlb edilməsi məsələsi həll edilməmişdir. İddiaçı və X9 daşınmaz əmlakın bağışlama müqaviləsinin təsdiq olunmasından ötrü Bakı şəhərində fəaliyyət göstərən “Asan Xidmət” Mərkəzində notariat ofisinə müraciət etmiş və məsələ cəmi 15 dəqiqə müddətində həll edilmişdir. Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh xidmətdən əsassız imtina etməsi səbəbindən İddiaçı maddi və mənəvi zərər çəkdiyi üçün 1.000,0 manat məbləğində maddi və 5.000,0 manat məbləğində mənəvi zərərin ödənilməsi barədə iddia qaldırmışdır. İddiaçı nümayəndəi Nümayəndə izahatında göstərilən xüsusatları eyni ilə tədiq etmiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Vəkil göstərmişdir ki, İddiaçı və X9 xx.xx.2004-cü il tarixdə vəfat etmiş X2 miras qalmış Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,1 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi, o cümlədən xx.xx.2012-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,1 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və ümumi sahəsi 58,0 kv/m, yaşayış sahəsi 44,6 kv/m, yardımçı sahəsi 13,4 kv/m olan 2 otaqlı fərdi yaşayış evindən vərəsəlik üzrə paylarının müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Qəbələ Regional “Asan Xidmət” Mərkəzinə müraciət etmiş və notariat işində olan sənədlər əsasında notariat ofisinin xüsusi notariusu Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 2V-232 və 2V-233 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin notariat işi üzrə əməliyyatın təxirə alınması təqdim olunan sənədlərin natamam olması ilə əlaqədar əlavə sənədlərin tələb olunması zərurəti ilə bağlı olmuşdur. xx.xx.2024-cü il tarixdə İddiaçı və X9 daşınmaz əmlakın bağışlama müqaviləsinin təsdiq olunmasından ötrü Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə müraciət edib həmin gün saat 09-40-da “KM28” nömrəli onlayn növbə bileti ilə qeydiyyatdan keçərək saat 10:48də xidmət pəncərəsinə yaxınlaşmış, lakin müqavilə predmetini təşkil edən fərdi yaşayış evində qeydiyatda olan şəxslərin siyahısı barədə Qəbələ RİHB Vəndam kənd İƏD üzrə İN-dən arayış təqdim olunmadığından xidmət göstərilməmişdir. Həmin tarixdə “KM38” nömrəli bilet üzrə növbə vaxtı saat 17:47-də çatmış və xidmət üçün yaxınlaşan olmadığından xidmət göstərilməmişdir. Qəbələ Regional “Asan Xidmət” Mərkəzinin rəhbərliyinə şikayət edildikdən sonra “KM38” nömrəli bilet üzrə müvafiq notariat hərəkətlərinin icra edilməməsi iş vaxtının bitməsi və əməkdaşların yorğun olması ilə əlaqədar olmuşdur. İddiaçı həmin notarial əməliyyatı daimi yaşayış yeri üzrə Bakı şəhərində fəaliyyət göstərən “Asan Xidmət” Mərkəzlərinin birində həyata keçirtmək imkanı olduğundan yenidən Qəbələ şəhərinə gələrək Qəbələ Regional “Asan Xidmət” Mərkəzinə müracət etməsinə zərurət olmamışdır. Buna baxmayaraq o, AR Ədliyyə Nazirliyinə, AR ƏN Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinə, AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, AR DİN Qəbələ RPŞ-yə və Qəbələ rayon prokurorluğuna şikayət etmiş, Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh qanunazidd fəaliyyət göstərməsi və vətəndaşların hüquqlarını qəsdən pozulması barədə həqiqətə uyğun olmayan məlumatları yaymaqla onun işgüzar nüfuzuna xələl gətirmiş, o cümlədən şərəf və ləyaqətini alçaltmışdır. Həmin şikayətlər əsasında X1 fəaliyyəti dəfələrlə araşdırılsa da, barəsində qeyd olunanlar öz təsdiqini tapmamışdır. Cavabdeh qeyd olunan səbəbdən mənəvi zərər çəkmiş və dəymiş zərərin ödənilməsindən ötrü 10.000 (on min) manat məbləğində təzminat ödənilməsi barədə iddia qaldırmışdır. Ona görə də, İddiaçı tələbləri əsassız olduğundan rədd edilməli və Cavabdeh qarşılıqlı iddiası təmin edilməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli 2V-232 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2012-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,1 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və ümumi sahəsi 58,0 kv/m, yaşayış sahəsi 44,6 kv/m, yardımçı sahəsi 13,4 kv/m olan 2 otaqlı fərdi yaşayış evindən ibarət olan miras əmlakdan İddiaçı və X9 vərəsəlik üzrə hər biri ½ hissədə pay almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli 2V-233 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2004-cü il tarixdə vəfat etmiş X2 miras qalmış Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,1 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən ibarət miras əmlakdan İddiaçı və X9 vərəsəlik üzrə hər biri ½ hissədə pay almışdır. İşdə olan Qəbələ Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli 3-45-20/2-13/2025 saylı məlumatda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə “KM28” nömrəli onlayn növbə bileti ilə bağışlanma müqaviləsinin təsdiq edilməsi ilə bağlı Mərkəzə müraciət etmiş X4 09:40-da yaxınlaşaraq növbəsini aktivləşdirmiş, aktiv edilən elektron növbə bileti üzrə saat 10:48-də müvafiq xidmət pəncərəsinə çağırılmış, lakin sənədlər natamam olduğu üçün xidmətdən “imtina” statusu seçilmişdir.Daha sonra saat 11:16-da vətəndaş “KM38” elektron növbə bileti əldə etmiş və tələb edilən digər sənədləri tamamlayaraq gün ərzində yenidən Mərkəzə qayıtmışdır. Saat 17:47-də “KM38” elektron nömrəsi növbə planşetində çıxdıqdan sonra 17:50-də əməkdaş tərəfindən xidmət üçün “yaxınlaşmadı” statusu verilmişdir; Araşdırma zamanı xidmət üçün müraciət etmiş şəxsə xidmət göstərilməməsi AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində və səyar xidmətlərdə nəzarət və Qiymətləndirmə Qaydalarının 6.9-cu bəndinə əsasən “əsassız” hesab edilmiş və notariat xidmətinin əməkdaşları barəsində müvafiq tədbirlər görülərək xüsusi notarius Cavabdeh barəsində 22/11-035 və 22/11-035 nömrəli bildiriş, notariat xidmətinin əməkdaşları Elşən Şirinbəyliyə 22/11-037 nömrəli bildiriş, Elvin Əhmədliyə 11/11-038 nömrəli bildiriş, Elnur Nəzirova 22/11-039 nömrəli bildiriş və Xəyalə Hüseynli barəsində şifahi xəbərdarlıq tətbiq edilmişdir; xx.xx.2024-cü il tarixdə Tamerlan Qurban saat 19:10-da, Elvin Əhmədli saat 18:42-də, Elşən Şirinbəyli saat 19:10-da, Xəyalə Hüseynlisaat 18:43-də mərkəzi tərk etmiş, Elnur Nəzirov mərkəzi tərk edərkən giriş-çıxış qeydiyyatından keçməmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə “KM38” nömrəli növbə bileti əsasında bağışlanma müqaviləsinin təsdiq edilməsi ilə bağlı Qəbələ Regional “Asan Xidmət” Mərkəzinə müraciət edən İddiaçı və X6 tələb olunan bütün sənədləri təqdim etmələrinə baxmayaraq Mərkəzin notariat ofisində fəaliyyət göstərən xüsusi notarius Cavabdeh tərəfindən xidmət göstərilməsindən əsassız olaraq imtina edilmişdir; 2023-cü ilin sentyabr ayında vərəsəlik üzrə payların müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Qəbələ Regional “Asan Xidmət” Mərkəzinə müraciət edən İddiaçı və X6 tələb olunan bütün sənədləri təqdim etmələrinə baxmayaraq Mərkəzin notariat ofisində fəaliyyət göstərən xüsusi notarius Cavabdeh tərəfindən xidmət göstərilməsindən əsassız olaraq imtina edilməsi təsdiq olunmamışdır. “Notariat haqqında” AR Qanunun 26-1-ci maddəsinə əsasən xüsusi notarius notariat hərəkətlərinin aparılması zamanı tətbiq edilən qanunvericiliyin tələblərini, habelə əmək və icra intizamını pozduğuna görə onun barəsində intizam tənbehinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxs tərəfindən həyata keçirilir;İntizam pozuntusunun mövcudluğuna dair məlumat olduqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən araşdırma aparılır, xüsusi notariusdan yazılı izahat alınır. Xüsusi notariusun izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiq edilməsinə mane olmur. İntizam pozuntusu ilə bağlı əsaslı şübhələr olduqda və yerində araşdırılması zəruri olan hallar yarandıqda müvafiq icra hakimiyyəti orqanı notariat fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumu vasitəsilə yoxlama təyin edir. Yoxlama bu Qanunun 14-cü maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş qaydalara uyğun aparılır;Aparılan araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi notariusa vəzifə funksiyalarının pozulması dərəcəsindən asılı olaraq intizam tənbehi kimi töhmət verilə, min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə tətbiq edilə, həmçinin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallara müvafiq olaraq xüsusi notariusun şəhadətnaməsi ləğv edilə bilər; Xüsusi notariusa intizam tənbehi bu maddədə nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən iki ay keçənədək verilə bilər. “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydalarının 2.1-ci bəndinə əsasən “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzi haqqında – Nümunəvi Əsasnamənin 1.3-cü bəndinə əsasən Mərkəz fəaliyyətini Agentliyin struktur bölmələri və tabeliyində olan digər qurumlarla əlaqəli həyata keçirir. Əsasnamənin 2.1.1-ci bəndinə əsasən Mərkəz orda fəaliyyət göstərən dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təşkil edir. Əsasnamənin 9.1-ci bəndinə əsasən Mərkəzin fəaliyyətinə Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Əsasnamənin 9.2-ci bəndinə əsasən Mərkəzin direktoru mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Əsasnamənin 9.9-cu bəndinə əsasən Mərkəzin hər bir əməkdaşı vəzifə təlimatlarında nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməsinə, həmçinin hazırladığı, araşdırdığı və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, sədrin əmr və sərəncamlarına uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, fəaliyyət göstərən dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təşkil etmək vəzifəsi bilavasitə Mərkəzə aid oldğundan xx.xx.2025-ci il tarixdə “KM38” nömrəli növbə bileti əsasında bağışlanma müqaviləsinin təsdiq edilməsi ilə bağlı Qəbələ Regional “Asan Xidmət” Mərkəzinə müraciət edən İddiaçı və X6 tələb olunan bütün sənədləri təqdim etmələrinə baxmayaraq notariat hərəkətlərinin aparılması ilə bağlı xidmət göstərilməməsinə görə Mərkəzin notariat ofisində fəaliyyət göstərən xüsusi notarius Cavabdeh deyil, bilavasitə Mərkəzin direktoru məsuliyyət daşıyır. Cavabdeh yalnız vəzifə təlimatlarında nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməsinə, həmçinin hazırladığı, araşdırdığı və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, sədrin əmr və sərəncamlarına uyğunluğuna görə şəxsən məsuliyyət daşıdığı üçün (Əsasnamənin 9.9-cu bəndi) İddiaçı xidmətdən əsassız imtinaya görə dəymiş maddi və mənəvi zərərin ödənilməsini ondan tələb etməkdə haqlı deyil. AR Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olmadığını sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» AR Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 nömrəli qərarının 3-cü bəndinin 2-ci abzastında göstərilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşların tənqid edilməsi şərəf və ləyaqətin ləkələnməsi kimi qiymətləndirilə bilməz; Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. “Vətəndaşların müraciətləri haqqında” AR Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 3.0.5-ci madəsinə əsasən şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir. Həmin Qanunun 12.4-cü madəsinə əsasən Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2025-ci il tarixdə “KM38” nömrəli növbə bileti əsasında bağışlanma müqaviləsinin təsdiq edilməsi ilə bağlı Qəbələ Regional “Asan Xidmət” Mərkəzinə müraciət edən İddiaçı tələb olunan bütün sənədləri təqdim etməsinə baxmayaraq Mərkəzin notariat ofisində fəaliyyət göstərən xüsusi notarius Cavabdeh tərəfindən xidmət göstərilməsindən əsassız olaraq imtina edilməsi həqiqət olduğundan həmin məlumatı müxtəlif dövlət orqanlarına göndərdiyi çoxsaylı şikayət ərizələrində qeyd etdiyinə görə İddiaçı hər hansı bir məsuliyyət daşımır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı Cavabdehna qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddiası təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı təzminat tələbi barədə qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar