Məhkəmə qərarları › İş №e-2(025)-466/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-466/2024

07.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-466/2024 07.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: payın müəyyən olunması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı (eyni zamanda üçüncü şəxs X2 etibarnamə üzrə nümayəndəsi), Cavabdeh və üçüncü şəxs X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli, 03 saylı qərarı ilə ailə başçısı olmuş Cavabdeh Nemət oğlunun 3 nəfər ailə üzvü ilə birlikdə paylı mülkiyyət hüququ əsasında verilmiş və JN-0198 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə qeydə alınmış 0,64 ha torpaq sahəsindən payların müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli, 03 nömrəli qərarı ilə ailə başçısı olan Cavabdeh Nemət oğlunun adına torpağa mülkiyyət hüququna dair JN-0198 nömrəli Dövlət Aktına əsasən 3 nəfər ailə üzvləri ilə birlikdə 0,64 ha torpaq sahəsi verilmişdir. Ailə üzvləri ailə başçısı olmuş Cavabdeh Nemət oğlu, o, yəni İddiaçı, X5 və X1 ibarətdir. Qeyd edir ki, onlara verilmiş torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqdır və həmin torpaq sahəsinə dair JN-0198 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı da verilmişdir. Ailə başçısı kimi adına torpaq sahəsi verilmiş Cavabdeh Nemət oğlu ilə onlar ər-arvad olmuşlar və aralarında olan nikah pozulmuşdur. Nikahları pozulduqdan sonra payçılardan X5 və X4 onunla qalmış və onların payların müəyyən edilməsinə dair heç bir etirazları yoxdur. Lakin, iş üzrə cavabdeh olan Cavabdeh Nemət oğlu payların müəyyən edilməsinə və öz pay torpağı üzərində müstəqil olaraq hüquqlarının həyata kekirilməsinə və hətta paylarının onlara verilməsinə qətiyyətlə etiraz edir. Payları müəyyən olunmadan mülkiyyət üzərində hüquqlarını həyata keçirə bilmirlər. Ona görə də hesab edir ki, ümumi mülkiyyətdə olan torpaq sahəsində paylar müəyyən edilməlidir. Bu səbədən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə dair payına düşən torpağın adına rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsi araşdırılmış və ona 18 yanvar 2024-cü il tarixli, 3-21-3-42/2-S-00xx-xx/2024 saylı məktubla cavab verilmişdir ki, məhkəməyə müraciət etməlidir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinin tələbinə uyğun olaraq məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı (eyni zamanda üçüncü şəxs X2 etibarnamə üzrə nümayəndəsi) qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh izahatında göstərmişdir ki, payların müəyyən edilməsinə heç bir etirazı etirazı yoxdur. Odur ki, qanuna uyğun olaraq, kimin payına nə düşürsə həmin qaydada mübahisəli torpaq sahəsi aralarında bölünsün. Sonda isə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs X5 qeyd olunanlara uyğun izahat verib iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin izahatlarını dinləyərək və işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan JN-0198 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, Qəbələ rayonu AİK-nın 26 aprel 2002-ci il tarixli, 03 saylı qərarı ilə Cavabdeh Nemət oğlunun, İddiaçı, X3 və X2 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu ərazisində 0,64 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 18 yanvar 2024-cü il tarixli 3-21-3-42/2-9-00xx-xx/2024 məktubundan görünür ki, JN-0198 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən birgə mülkiyyətə verilmiş torpaq sahəsindən payların müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 223.2-ci maddəsinin tələbinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin araşdırılan halları ilə müəyyən olunur ki, Qəbələ rayon AİK-nın 26 aprel 2002-ci il tarixli, 03 saylı qərarı ilə Cavabdeh Nemət oğlunun, İddiaçı, X3 və X2 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu ərazisində 0,64 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində payçıların mülkiyyət hüququ JN-0198 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin tərəflər arasında mübahisələndirilən torpaq sahəsi üzərində paylarının müəyyən olunmasına dair razılıq olmadığından, İddiaçı və digər iki övladları X3 və X2 qeyd olunan torpaq sahəsində payı müəyyən olunmadığı üçün hazırkı tələblə, başqa sözlə torpaq sahəsindən payının müəyyən olunması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, JN-0198 nömrəli dövlət aktı ilə Cavabdeh Nemət oğlunun, İddiaçı, X3 və X2 birgə mülkiyyətinə Qəbələ rayonu ərazisində 0.64 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsində payların müəyyən olunmasına dair İddiaçı iddia tələbi əsaslıdır. Qanunvericiliyin mənasından göründüyü kimi, paylı və ya birgə olmasından asılı olmayaraq ümumi mülkiyyətdə olan əmlaka hər bir mülkiyyətçinin payı bərabər sayılır. Bu baxımdan, mübahisəli torpaq sahələrinin 4 nəfər bərabər birgə mülkiyyətçisi olduğundan, torpaq sahəsinin paylı mülkiyyətçilərindən olan İddiaçı payı da 1/4 hissə üzrə müəyyən olunmalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 03 saylı qərarı ilə JN-0198 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən birgə mülkiyyətə verilmiş 0,64 ha həyətyanı torpaq sahəsindən İddiaçı, Cavabdeh Namət oğlunun, üçüncü şəxslər X3 və X2 payları 1/4 (0,16 ha) hissə üzrə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 03 saylı qərarı ilə JN-198 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən birgə mülkiyyətə verilmiş 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı, Cavabdeh, üçücü şəxslər X3 və X2 hər birinin payı 1/4 (0,16 ha) hissə üzrə müəyyən olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar