Məhkəmə qərarları › İş №e-2(025)-514/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-514/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-514/2021 18.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 827,86 (səkkiz yüz iyirmi yeddi manat səksən altı qəpik) manat sığorta ödənişi məbləğinin və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** FS *** dövlət qeydiyyat nişanlı “Mazda 6” markalı nəqliyyat vasitəsi ilə 24.02.2019-cu il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Yol-nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşı tərəfindən TP2768686 saylı inzibati xəta haqqında protrokol və qərar tərtib olunmuşdur. “xxxx” MMC tərəfindən tərtib olunmuş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 4486.36(dörd min dörd yüz səksən altı manat otuz altı qəpik) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 15.07.2019-cu il tarixli sığorta aktına əsasən ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün 4486.36(dörd min dörd yüz səksən altı manat otuz altı qəpik) manat sığorta ödənişin zərərçəkənə ödənilməsi qərara almış və köçürmə həyata keçirmişdir. Cavabdeh tərəfindən idarə olunan nəqliyyat vasitəsi mülki məsuliyyətinin "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından ödəniş məbləğindən 3658.50 (üç min altı yüz əlli səkkiz manat əlli qəpik) manat məbləğin "xxxx" ASC tərəfindın ödənildiyini nəzərə aılınaraq cavabdehə 827.86 (səkkiz yüz iyirmi yeddi manat səksən altı qəpik) manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi xahiş olunmuş, lakin köçürmə həyata keçirilməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəməyə gəlməməsinin səbəbinin üzrlü hesab edilməsini, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan “İcbari sığorta müqaviləsinə dair Məlumat”-dan görünür ki, sığortalı “xxxx” MMC-nə məxsus “İveco Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobil 11.06.2018-ci il tarixdən 31.03.2019-cu il tarixədək olan dövrü əhatə edən müddətdə «xxxx» ASC tərəfindən sığortalanmışdır. Bundan əlavə, sığortalı “xxxx” MMC-nə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında C-MİC-1370/18 saylı şəhadətnamə verilmişdir. İşdə olan ƏN-İV № 585312 saylı 04.07.2018-ci il tarixli Etbarnamənin surətindən görünür ki, X3 tərəfindən “Mazda 6 markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək və digər hərəkətlər” 9 il 9 ay 1 gün müddətinə - 03.05.2028-ci il tarixinə kimi Cavabdeh etibar edilib. İşdə olan digər sənədlərdən göründüyü kimi, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində – 24.02.2019-cu il tarixdə saat 05:45 radələrində Cavabdeh idarə etdiyi “Mazda 6”markalı ** FS *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Bülbül prospektində yol-nəqliyyat hadisəsi törədərək ”xxxx” MMC-nə məxsus olan ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. DİN BDYPİ-nin YPXB-nin 26.02.2019-cu il tarixli 046-10208 saylı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışda yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh qeyd olunmuşdur. Cavabdeh barəsində TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul olunmuş, İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İşdə olan Cavabdeh tərəfindən 25.02.2019-cu il tarixdə Bakı şəhəri, BYPİ-nə verilmiş izhatından görünür ki, 24.02.20290-cu il saat 05:45-ə Bakı şəhəri, Bülbül prospektində etibarnamə ilə idarə etdiyi ** FS *** dövlət qeydiyyat nişanlı “Mazda 6” markalı avtomobili işıqforun qadağanedici, yəni işıqforun qırmızı işında keçib yol ayrıcında olan iki avtomaşın ilə toqquşmuşdur. Toqquşma nəticəsində həm xxxxa, həm də digər Hundaya ziyan dəymişdir. İşdə olan «xxxx» ASC-in 24.02.2019-cu il tarixli hesablama aktından görünür ki, “İveco Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün lazım olan ehtiyyat hissələrinin və s. adları, həmçinin onların dəyəri siyahıda ardıcıllıqla göstərilmiş, avtomobilin bərpasına 4.486.26 manat (ƏDV daxil) pul vəsaiti tələb olunması qeyd edilmişdir. İşdə olan 15.07.2019-cu il tarixli sığorta aktından görünür ki, sığortalıya 4486.36 manat sığorta ödənişi edilməsi qərara alınmışdır. İşdə olan 26.07.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, 4486.36 manat sığorta ödənişi faydalanan “xxxx” MMC-nə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi, mülki hüquq pozuntusu məhz cavabdeh X1 tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu nəticəsində vurduğu zərəri ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 827,86 (səkkiz yüz iyirmi yeddi manat səksən altı qəpik) manat məbləğində verilmiş sığorta ödənişi və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia təmin edilsin. 827.86 (səkkiz yüz iyirmi yeddi manat səksən altı qəpik) manat məbləğində verilmiş sığorta ödənişi və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar