Məhkəmə qərarları › İş №e-2(025)-580/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-580/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-580/2023 19.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, sığorta müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 6 709,88 (altı min yeddi yüz doqquz manat səksən səkkiz qəpik) manat məbləğində vəsaitin, 87,10 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 məxsus, Cavabdeh1 tərəfindən idarə olunan ** GJ *** dövlət qeydiyyat nişanlı X1 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PB *** dövlət qeydiyyat nişanlı Toyota Rav-4 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən olunan ** GJ *** dövlət qeydiyyat nişanlı X1 markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 təqsirli bilinmişdir. Sığortalı ** PB *** dövlət qeydiyyat nişanlı Toyota Rav-4 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı"xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** PB *** dövlət qeydiyyat nişanlı Toyota Rav-4markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 11767,75 manat (on bir min yeddi yüz altmış yeddi manat, 75 qəpik) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli“Sığorta aktı”na əsasən azadolma çıxılmaqla 11 667,75 (on bir min altı yüz altmış yeddi manat yetmiş beş qəpik) manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası“Azərsığorta Dövlət Sığorta” şirkətitərəfindən "xxxx" ASC-yə4 957,87 (dörd min doqquz yüz əlli yeddi manat səksən yeddi qəpik) manat məbləğində vəsait ödənilmişdir. xx.xx.20212-ci il tarixində qalıq məbləğ olan 6 709,88 (altı min yeddi yüz doqquz manat səksən səkkiz qəpik) manatın subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəməyə gəlməməsinin səbəbinin üzrlü hesab edilməsini, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixində etibarnamə ilə idarə etdiyi Mercedes markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 8 noyabr prospektində hətəkətdə olarkən qarşısında olan Toyota Rav 4 markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən dayandığından, həmin avtomobili arxadan vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Həmin X1 markalı avtomobil onun adına olmasa da avtomobili etibarnamə ilə idare edir. Hadisə nəticəsində dəymiş zərər həmin şəxslərə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilsə də, onun maddi imkanı olmadığına iddiaçıya həmin məbləği ödəyə bilməmişdir. Odur ki, müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin maddənin 2-ci bəndinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom eneıjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsində göstərilir ki, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan sığorta aktından görünür ki, “Toyota RAV 4 H 2.5 HİBRİD” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edən müddətdə "xxxx" ASC tərəfindən sığortalanmışdır. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh1 barəsində TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul olunmuş, o, İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nə 11767.75 manat sığorta ödənişi edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, 11767.75 manat sığorta ödənişi faydalanan şəxs "xxxx" MMC-nə ödənilmişdir. Bundan əlavə, sığortalı “SOCAR UEYST MENECMENT KOMPLEKS” MMC-i avtonəqliyyat vasitəsinə C-Mİ-1292/20 saylı şəhadətnamə verilmişdir. İşdə olan digər sənədlərdən göründüyü kimi, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində – xx.xx.2021-ci il tarixdə Cavabdeh1 idarə etdiyi ** GJ *** dövlət qeydiyyat nişanlı X3 markalı avtonəqliyyat vasitəsinin “Toyota Rav 4” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə “Toyota Rav 4” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə 11767.75 manat maddi ziyan vurmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-93358/2023 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Toyota RAV-4H 2.5 HİBRİD” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tədbiq edilməklə təxminən 13328,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Göründüyü kimi, mülki hüquq pozuntusu məhz Cavabdeh1 tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu nəticəsində vurduğu zərəri ödəməyə borcludur. Məhkəmə həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin Cavabdeh2 oğluna qarşı olan hissədə əsassız hesab edir. İş materillarından görünür ki, Cavabdeh2 oğlu özünə məxsus “X1” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 istifadəsinə vermişdir. Göründüyü kimi, ** GJ *** dövlət qeydiyyat nişanlı “X1” markalı avtomobili üzrə idarəetmə səlahiyyəti avtonəqliyyat hadisəsi baş verməmişdən əvvəl Cavabdeh1 verilmişdir və Cavabdeh1 qanuna zidd hərəkəti nəticəsində nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 hər hansı təqsirli qanunazidd hərəkət etmədiyindən, həmin şəxsin vurduğu zərər üçün Cavabdeh2 məsuliyyət daşımalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 6709.88 (altı min yeddi yüz doqquz manat səksən səkkiz qəpik) manat məbləğində verilmiş sığorta ödənişi və 87.10 (səksən yeddi manat on qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. 6709 manat 88 qəpik sığorta ödənişi, 87 manat 10 qəpik dövlət rüsumu və 40 qəpik bank xidməti Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar