Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-663/2022 21.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmurunun hərəkətləri qanunsuz hesab edilməsi və Qəbələ rayon İcra və probasiya şöbəsinin icraatında olan 61198/2022-11-5-003 saylı icra işinin dayandırılması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmurunun hərəkətləri qanunsuz hesab edilməsi və Qəbələ rayon İcra və probasiya şöbəsinin icraatında olan 61198/2022-11-5-003 saylı icra işinin dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 icra hərəkətlərinin yerinə yetirilməsindən şikayətçidir. Lakin məhkəmə iddiaçıya izad edir edir ki, icra məmurunun hərəkət və hərəkətsizliyindən məhkəməyə iddia ərizəsi formasında deyil, inzibati qaydada şikayətlə müraciət edə bilər. Çünki “İcra haqqında” qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. "İcra haqqında" Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. "İcra haqqında" Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati qaydada baxılması üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. İddia ərizəsindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07.07.2021-ci il tarixli 2(107)-1346/2021 nömrəli qətnaməsi ilə iddiaçı X3 apellyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 14.08.2020-ci il tarixli 2(025)-813/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddiaçı X3 cavabdeh "X4 Zavodu" MMC-yə qarşı işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi, "X4 Zavodu" MMC-nin direktorunun 19.07.2020-ci il tarixli X-20/10 nömrəli əmrinin ləğv edilməsi, iddiaçı X3 "X4 Zavodu" MMC-də işlədiyi Təsərrüfat şöbəsinin rəisi vəzifəsinə bərpa olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07.02.2022-ci il tarixli 2(102)-167/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 07.07.2021-ci il tarixli 2(107)-1346/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 07.07.2021-ci il tarixli 2(107)-1346/2021 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Hazırkı işdə icra məmurunun mübahisələndirilən hərəkətləri məhz həmin icra işi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, belə olan halda, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı iddiaçı iddia ərizəsi ilə deyil, inzibati qaydada şikayət ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Eyni zamanda məhkəmə iddiaçıya izah edir ki, Qəbələ rayon İcra və probasiya şöbəsinin icraatında olan 61198/2022-11-5-003 saylı icra işinin dayandırılması ilə bağlı icra məmuru qətnamənin icrası qaydasında müvafiq təqdimatla məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda sadalananlar nəzərə alınaraq İddiaçı Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmurun hərəkət və hərəkətsizliyindən iddia ərizəsi ilə deyil, şikayətlə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və Qəbələ rayon İcra və probasiya şöbəsinin icraatında olan 61198/2022-11-5-003 saylı icra işinin dayandırılması” tələbinə dair iddia ərizəsi qəbul edilməkdən imtina edilsin və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmurun hərəkət və hərəkətsizliyindən iddia ərizəsi ilə deyil, şikayətlə məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-663/2022
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-663/2022
21.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver