Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-788/2021 15.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh3 iştirakları ilə İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “subroqasiya hüququ əsasında pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “subroqasiya hüququ əsasında pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək olaraq ümumilikdə 6500,0 (altı min beş yüz) manat məbləğində sığorta ödənişinin əvəzi, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 məxsus **-BG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtonəqliyyat vasitəsi 28.09.2018-ci il tarixində “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 16.12.2018-ci il tarixində Cavabdeh2 idarə etdiyi **-BG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində piyadalar X13 və X7 vurmuş, nəticədə Kərimov Elmin aldığı xəsarətlər nəticəsində vəfat etmiş, Əliyev Fazil isə az ağır xəsarət almışdır. Hadəsinin səbəbləri tam təfsilatı ilə aydınlaşdırarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir.”xxxx” ASC-nin 18.06.2019-cu il tarixli sığorta aktına əsasən X5 ölümü ilə bağlı 5000,0 (beş min) manat məbləğində sığorta ödənişinin həmçinin 07.08.2019-cu il tarixli sığorta aktına əsasən X6 az ağır xəsarət alması ilə bağlı 1500,00 (bir min beş yüz) manat sığorta ödənişinin zərərçəkənlərə ödənilməsi qərara alınmış və zərərçəkən şəxsin şəxsi hesabına köçürmə həyata keçirilmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, hadisə zamanı maşının mülkiyyətçisi Cavabdeh3 olduğundan o da digər cavabdehlərlə birgə məsuliyyət daşıyır. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək göstərdi ki, ** BG *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” minik markalı avtomobili Cavabdeh1 etibarnamə ilə satmışdır. Avtomobili satarkən Cavabdeh1 etibarnamə ilə vermişdir ki, sonuncu avtomobili öz adına keçirər. Lakin Cavabdeh1 ** BG *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” minik markalı avtomobili avtonəqliyyat hadisəsi baş verəndən sonra öz adına keçirmişdir. Buna baxmayaraq yol-nəqliyyat hadisəsi zamanı qeyd edilən avtomobil şəhadətnamə ilə ona məxsus olsa da, faktiki olaraq Cavabdeh1 sahibliyində və istifadəsində olmuşdur. O da avtomobili öz əmisi oğlu Cavabdeh2 idarəetmək üçün vermiş və sonuncu da avtonəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən iddia tələbi ona aid hissədə təmin edilməməlidir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AC seriyalı, 367503 nömrəli Azərbaycan Respublikası Nəqliyyat X3 surətindən görünür ki, ** BG *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” minik markalı avtomobil Cavabdeh3 məxsusdur. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, Cavabdeh3 Cavabdeh1 ** BG *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” minik markalı avtomobili idarə etməyi etibar etmişdir. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 may 2019-cu il tarixli 1(99)-187/2019 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 263.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir. İş materiallarında olan 08.07.2019-cu il tarixli Sığorta Aktının surətindən görünür ki, 16.12.2018-ci il tarixdə Ağcabədi rayonu, Boyad kəndi ərazinin 27-ci kilometrliyində baş vermiş hadisə nəticəsində Cavabdeh2 idarə etdiyi ** BG *** dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı avtonəqliyyat vasitəsi ilə piyada X11 vurmuş, nəticədə sonuncu az ağır xəsarət almışdır. Baş vermiş hadisə ilə əlaqədar “xxxx” ASC tərəfindən 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin 12.03.2019-cu il tarixli 126 nömrəli ekspert rəyindən görünür ki, X6 bədənində aşkar edilən xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. İş materiallarında olan 18.06.2019-cu il tarixli Sığorta Aktının surətindən görünür ki, 16.12.2018-ci il tarixdə Ağcabədi rayonu, Boyad kəndi ərazinin 27-ci kilometrliyində baş vermiş hadisə nəticəsində Cavabdeh2 idarə etdiyi ** BG *** dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı vasitəsi ilə piyada X8 vurmuş, nəticədə sonuncu vəfat etmişdir. Baş vermiş hadisə ilə əlaqədar mərhum zərər çəkən (hadisə nəticəsində ölmüş şəxs) şəxs X5 hüquqi varisinə X9 “xxxx” ASC tərəfindən 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya” ETT Birliyi Ağcabədi rayon şöbəsi tərəfindən verilmiş 09.01.2019-cu il tarixli 17 nömrəli ekspert rəyindən görünür ki, X5 bədəni üzərində olan xəsarətlər 16 dekabr 2018-ci il tarixdə hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərmişlər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər və məhrumun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər. İş materiallarında olan 15.01.2020-ci il tarixli Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış məktubdan görünür ki, cavabdehlərdən 15 (on beş) təqvim günü ərzində ödənişin həyata keçirilməsi tələbi irəli sürülmüşdür. Ödəniş həyata keçirilmədiyi halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 08.07.2019-cu il tarixli Cavabdeh2 tərəfindən xxxx ASC-nin idarə heyətinin sədrinə ünvanlanmış ərizədən görünür ki, vurulan maddi ziyanin əvəzində sığorta ödənişi verilməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 may 2019-cu il tarixli 1(99)-187/2019 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 263.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan 14.06.2019-cu il tarixli plastik kartların təhvil-təslim aktının surətindən görünür ki, X9 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC tərəfindən sığortalanmış ** BG *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” minik markalı avtomobili ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində piyada Elmin Kərimovun ölümünə, Fəzail Əliyevin isə az ağır zərər vurmaya aid bədən xəsarəti almasına səbəb olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “xxxx” ASC tərəfindən zərərçəkən X12 1500 (bir min beş yüz) manat, mərhum zərər çəkən (hadisə nəticəsində ölmüş şəxs) şəxs X5 hüquqi varisi X9 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bu səbəbdən iddiaçı hazırda ödənilməmiş 6500 manatın subroqasiya qaydasında cavabdehlərdən tələb edir. Cavabdehlər isə həmin məbləği ödəməkdən yayınmışlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh1 etibarnamə ilə idarə etdiyi avtomobili etibarnamə olmadan Cavabdeh2 vermiş və nəticədə Cavabdeh2 tərəfindən qəza törədilərək sığorta hadisəsi baş vermişdir. Bu səbəbdən “xxxx” ASC tərəfindən zərərçəkmişlərə sığorta ödənişləri edilməsinə görə Cavabdeh1 da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən digər cavabdehlər ilə birgə məsuliyyət daşımalıdır. Bundan əlavə Cavabdeh3 avtomobili Cavabdeh1 satması, faktiki olaraq Cavabdeh1 idarəçiliyində və istifadəsində olmasını, bu səbəbdən məsuliyyət daşımaması ilə bağlı məhkəmə qeyd edir ki, ** BG *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” minik markalı avtomobili ilə yol-nəqliyyat hadisəsi (sığorta hadisəsi) baş verən zaman Cavabdeh3 mülkiyyətində olmuş və bununla bağlı sonuncunun adına AC seriyalı, 367503 nömrəli Azərbaycan Respublikası Nəqliyyat X4 verilmişdir. Cavabdeh3 özünün də məhkəmə iclasında verdiyi ifadəsindən görünür ki, yol-nəqliyyat hadisəsindən sonra Cavabdeh1 avtomobili öz adına keçirmişdir, yəni sığorta hadisəsi zamanı ** BG *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” minik markalı avtomobil Cavabdeh3 mülkiyyətində olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 646.1 və 646.2-ci maddələrinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqısatqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə 11 aprel 2007-ci il tarixli fərmana əsasən Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinə aiddir. Göründüyü kimi avtomobil daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinə aiddir və daşınar əmlakın rəsmi reyestrlərini aparan icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyidir. Lakin Cavabdeh3 tərəfindən onunla Cavabdeh1 arasında belə bir müqavilə olmasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Əksinə olaraq məhkəmədə verdiyi ifadəsində sözügedən avtomobili etibarnamə ilə Cavabdeh1 verdiyini qeyd etmişdir. Avtomobilə mülkiyyət hüququnu təsdiq edən sənəd Azərbaycan Respublikası X1 və yol-nəqliyyat hadisəsi (sığorta hadisəsi) zamanı ** BG *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” minik markalı avtomobil AC seriyalı, 367503 nömrəli Azərbaycan Respublikası Nəqliyyat X4 ilə Cavabdeh3 məxsus olduğundan sonuncu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən digər cavabdehlər ilə birgə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, “”xxxx” ASC tərəfindən sığortalanmış ** BG *** dövlət qeydiyyat nişanlı “HYUNDAİ ELANTRA” minik markalı avtomobil ilə Cavabdeh2 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində zərərçəkən X12 1500 (bir min beş yüz) manat, mərhum zərər çəkən (hadisə nəticəsində ölmüş şəxs) şəxs X5 hüquqi varisinə X9 5000 (beş min) manat məbləğində sığorta ödənişi edildiyindən və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı və 1108-ci maddəsinə əsasən, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 6.500 (altı min beş yüz) manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-788/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-788/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver