Məhkəmə qərarları › İş №e-2(025)-889/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-889/2024

08.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-889/2024 08.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh və üçüncü şəxs Qəbələ rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsi üzərində qanunsuz inşa olunmuş özbaşına tikintinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində qanunsuz inşa olunmuş özbaşına tikintinin sökülməsi və torpaq sahəsinin boşaldılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə1 və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh və üçüncü şəxs Qəbələ rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsi üzərində qanunsuz inşa olunmuş özbaşına tikintinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh və üçüncü şəxs Qəbələ rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsi üzərində qanunsuz inşa olunmuş özbaşına tikintinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0.03 ha torpaq sahəsi (reyestr nömrəsi **********38) üzərində Cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikintinin sökülməsi və həmin torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Cavabdeh məxsus Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0.03 ha torpaq sahəsini (reyestr nömrəsi **********38) almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Hazırda "xxxx" KB ASC-nin mülkiyyətində olan torpaq sahəsi üzərində keçmiş mülkiyətçi Cavabdeh tərəfindən qanunsuz inşa olunmuş özbaşına tikinti mövcuddur və halhazırda bankın mülkiyyətində olan torpaq sahəsi üzərində həmin qanunsuz inşa olunmuş tikilinin mövcud olması və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadə edilməsi bankın mülkiyyətçi kimi hüquqlarını pozur. Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0.03 ha torpaq sahəsinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə1iddiada ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, hazırkı işdə isə görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın nömrəsi ******* qeyd edilsə də, Qəbələ rayonu İcra Hakimiyyəti başçısının Sərəncamında çıxarışın nömrəsi ******* olaraq göstərilmişdir. Bu səbəbdən cavabdehin dedikləri əsassızdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, sözügedən torpaq sahəsində ticarət obyektinin inşa edilməsi üçün Qəbələ Rayon İcra Hakimiyyətinə rəsmi qaydada müraciət etmişdir. Müraciəti əsasında inzibati icraat başlanmış və zəruri prosedurlar həyata keçirilmişdir. Aidiyyəti qurumlardan müvafiq razılıq və rəylər alındıqdan sonra Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 102 saylı sərəncamına əsasən ona əldə etdiyi tikinti layihəsi əsasında ticarət obyektinin inşasına icazə verilmişdir. Həmin ərəfədə tikintini həyata keçirmək üçün "xxxx" KB ASC-nin İsmayıllı Filialından kredit almışlar. Sərəncamın icrası tərəfindən zəruri tələblərə əməl edilməklə icra olunaraq müvafiq tikinti işləri aparılmışdır. Həmin kreditin təminatı olaraq yalnız ona və oğluna aid torpaq sahələri ipoteka ilə yüklü edilmişdir. Azərbaycanda baş vermiş devalvasiya ilə bağlı öhdəliklərini icra edə bilmədikləri üçün məhkəmə qətnaməsi əsasında borc ipoteka predmetlərinə yönəlmişdir. Hərracda əmlakların alıcısı olmadığı üçün həm ona, həm də oğluna məxsus torpaq sahələri tələbkara təklif olunmuş və tələbkar qəbul edərək əmlakları öz balansına qəbul etmişdir. Kredit alarkən də tələbkar "xxxx" KB ASC-nin əməkdaşları həmin torpaqda tikinti işləri aparacağından xəbərdar imiş və zamanla montorinqlər edərkən bunu müşahidə edirdilər. Göründüyü kimi onlar yalnız torpaq sahəsini girov qoymuşlar və onun üzərindəki tikiliyə aid hüquqlarını yüklü etməmişlər. Sözügedən torpaq sahəsi üzərində yerləşən tikiliyə olan hüquqlarını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsində qeydiyyata aldırmaq üçün sözügedən quruma müraciət etmişdir. Lakin həmin qurum xx.xx.2024-cü il tarixli məktubla sözügedən əmlakın qeydə alınmasından imtina etmişdir. İmtina səbəbi kimi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin"xxxx" KB ASC-nin mülkiyyətində olması qeyd edilmişdir. Cavabdehin bu mövqeyini qanunsuz və əsassız hesab etdiyi üçün Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Üçüncü şəxs Qəbələ rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən üçüncü şəxs Qəbələ rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsininvə cavabdehin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan X1 32 nömrəli Protokola və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 06mart 2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh və X2 məxsus ünvan 1ində yerləşən 0,03 ha torpaq sahələri"xxxx" Kommersiya Bankı ASC-nin balansına keçmiş, bu barədə "xxxx" Kommersiya Bankı ASC ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********238 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,03 ha yaşayış məntəqələri torpaqları "xxxx" KB ASCnin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Qəbələ Rayonu İcra Hakimiyyəti başçısının 12 dekabr 2014cü il tarixli, 102 nömrəli Sərəncamından görünür ki, Fiziki şəxs Cavabdeh ərizəsi nəzərə alınmalı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsi tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən ******* saylı və RX seriyalı çıxarışla ünvan 1i ünvanında sifarişçinin mülkiyyətinə verilmiş 0,03 ha yaşayış məntəqəsinin torpaqlarına aid torpaq sahəsində Mingəçevir şəhəri "xxxx" MMC (lisenziya №-022637, qeydiyyat №L-11-002, xx.xx.2011) tərəfindən işlənmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2014-cü il tarixli, 04-22/7- 3359 nömrəli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət ekspertiza idarəsinin xx.xx.2014-cü il tarixli, 15/3822 nömrəli və Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin xx.xx.2014-cü il tarixli, YTNƏŞ-2024 nömrəli rəyləri ilə razılaşdırılmış tikinti layihəsi əsasında ticarət obyektinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus qeyri yaşayış sahəsində özbaşına inşa edilmiş daşınmaz əmlakın sökülməsi barədədir. İddiaçı tələbinin əsası kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mübahisədə adı keçən torpaq sahəsini ipoteka yüklülüyü ilə təmin edilən kredit müqaviləsi üzrə tələbin yönəldilməsi qaydasında hərrac vasitəsilə almasına istinad edib. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci ildə qeydiyyata alınmışdır, cavabdeh isə hazırda həmin torpaq sahəsinin üzərində yerləşəşən qeyri-yaşayış sahəsindən istifadə etməkdədir. Məhkəmə qeyd edir ki, sökülməsi tələb olunan qeyri-yaşayış binası özbaşına tikintidir. Bu fakt mübahisə doğurmur, çünki lazımi icazələr alınmadan inşa edilib, icazələr barədə sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın Seriya nömrəsi ******* olaraq göstərilməkdədir. Cavabdehin məhkəməyə təqdim etdiyi etdiyi Qəbələ rayonu İcra Hakimiyyəti başçısının Sərəncamında qeyd olunan çıxarış nömrəsi ******* olaraq göstərilmişdir. Göründüyü kimi Qəbələ rayonu İcra Hakimiyyəti başçısının Sərəncamında tikinti tikilməsinə icazə verilən torpaq sahəsinin çıxarış nömrəsi ******* olaraq göstərilmişdir və hazırkı iddia tələbinə aidiyyəti yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə zamanı etiraf etmişdir ki, iddiaçının mübahisələndiriyi tikili (qeyri-yaşayış sahəsi) iddiaçının mübahisələndirdiyi torpaq sahəsində yerləşməkdədir. Məhkəmə hesab edir ki, cavabdehin tikdiyi özbaşına tikintinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşməsi cavabdeh tərəfindən etiraf edildiyindən mütəxəssis rəyinin alınmasına zərurət yoxdur. Bundan əlavə, özbaşına tikintinin sözügedən torpaq sahəsinin cavabdehin mülkiyyətində olan zaman tikilməsi iddianın rədd edilməsinə əsas ola bilməz. Cavabdeh özbaşına tikintiyə mülkiyyət hüququnun tanınması barədə iddia verməmişdir. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə əsasən iddiaçı özünə aid olmayan torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsini o halda tələb edə bilər ki, bu onun maraqlarına toxunsun. Göründüyü kimi qanunvericilik nəinki öz mülkiyətinə, hətta öz mülkiyyətində olmayan qanunsuz tikintinin sökülməsi ilə bağlı tələb irəli sürə bilər. Hazırkı işdə isə iddiaçı öz mülkiyyətində olan özbaşına tikintinin sökülməsini tələb etməkdədir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarına, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" KB ASC-nin mülkiyyətində olan Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0.03 ha torpaq sahəsi (reyestr nömrəsi **********38) üzərində Cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikinti sökülməli və həmin torpaq sahəsi boşaldılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. "xxxx" KB ASC-nin mülkiyyətində olan Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0.03 ha torpaq sahəsi (reyestr nömrəsi **********38) üzərində Cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikinti sökülsün və həmin torpaq sahəsi boşaldılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar