Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-109/2025 26.02.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddiası ilə bağlı mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X2 Azərbaycan” QSC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1322,25 manat məbləğində pulun və 33,22 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 21 oktyabr 2021-ci il tarixdə “Bank hesabı, debet kartı və fərdi müştərilər üçün internet/mobil bankçılıq xidməti haqqında qarışıq müqavilə” bağlanmışdır. Cavabdeh 2024-cü ilin mart ayının 16 və 17-si tarixlərində X1 (AÖS) vasitəsilə toplam sayı 1424 ədəd və ümumi məbləği 1322,25 manat olmaqla bankın vəsaitini çoxsaylı pul köçürmə əməliyyatları vasitəsilə digər banklardakı hesablara köçürmüşdür. Qeyd olunan məbləğ cavabdehin hesabından çıxılmadığı halda, məbləğlər qarşı bankdakı hesablara uğurlu əməliyyat olaraq köçürülmüşdür. Vəsaitin banka geri qaytarılması ilə bağlı cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, qanunvericiliyin imperativ tələblərinə görə geri qaytarılmalı olan vəsaiti qaytarmamışdır. Cavabdeh ona öhdəlikdən kənar ödənilmiş pul vəsaitlərini geri qaytarmaq öhdəliyi daşıyır, lakin bu barədə dəfələrlə ona bildirilməsinə baxmayaraq, həmin vəsaitləri qaytarmaq öhdəliyini icra etmir. Məhkəmə hazırkı iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, iddia 15 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehin iddia ərizəsinə qarşı hər hansı bir etirazı məhkəməyə daxil olmamışdır. MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşdə surəti olan “X2 Azərbaycan” QSC ilə müştəri (kart sahibi) Cavabdeh arasında bağlanmış 21 oktyabr 2021-ci il tarixli bank hesabı, debet kartı və fərdi müştərilər üçün internet/mobil bankçılıq xidməti haqqında qarışıq müqavilədən görünür ki, bu müqaviləyə əsasən bank müştəriyə cari hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə bank tərəfindən aparılan bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqq(lar)ı ödəməyi öhdəsinə götürür. Müştəriyə bank tərəfindən 353448 nömrəli müştəri kodu verilmişdir və müştəri bu koduna bağlı olaraq bankda yuxarıda qeyd ediləndən əlavə olaraq hər hansı valyutada digər hesab(lar) aça bilər, müştərinin bankdakı digər hesabı (hesabları) üzrə bu müqavilənin şərtləri tətbiq edilir. Müştəri hesabındakı pul vəsaitinin köçürülməsi və ya nağd verilməsi barədə banka sərəncam (tapşırıq) vermək hüququna malikdir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh 16-17 mart 2024-cü il tarixlərində “X1” vasitəsilə “X2 Azərbaycan” QSC tərəfindən onun üçün açılmış bank hesabından öhdəlikdən kənar şəkildə xeyli sayda əməliyyatlar icra etməklə ümumilikdə 1322,25 manat məbləğində pul vəsaitini başqa bank hesablarına köçürmüşdür. Belə ki, onun tərəfindən "xxxx" ASC-dəki AZ34AZRT******************** nömrəli hesaba 531,96 manat, "xxxx" ASC-dəki AZ75İBAZ******************** və AZ40İBAZ******************** nömrəli hesablara müvafiq olaraq 493,32 manat və 3,72 manat, eləcə də, "xxxx" QSC-dəki AZ95PAHA41010AZNFK********** nömrəli hesaba 293,25 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşdən görünür ki, “X2 Azərbaycan” QSC tərəfindən Cavabdeh 21 noyabr 2024-cü il və 02 dekabr 2024-cü il tarixli pretenziya məktubları göndərilmişdir. İşdə surəti olan 15 yanvar 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 33,22 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş hallarına görə tərəflər arasında bank hesabı, debet kartı və fərdi müştərilər üçün internet/mobil bankçılıq xidməti haqqında qarışıq müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, lakin cavabdeh öhdəlikdən kənar şəkildə öz hesabından başqa hesablara pul məbləğləri köçürməklə iddiaçının vəsaiti hesabına əsassız varlanmışdır. İddiaçı tərəfindən həmin vəsait cavabdehdən pretenziya qaydasında tələb olunsa da, geri qaytarılmışdır. Bu hal iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin müəyyən edilmiş hallarına qeyd edilən hüquq normalarını tətbiq edən məhkəmə bildirir ki, cavabdehin iddiaçının vəsaiti hesabına öhdəlikdən kənar şəkildə 1322,25 manat məbləğində əsassız varlanması öz təsdiqini tapdığından, cavabdeh də iddiaya qarşı hər hansı etiraz irəli sürmədiyindən, iddia təmin edilməli, 1322,25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 33,22 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1322,25 manat məbləğində pul vəsaiti və 33,22 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-109/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-109/2025
26.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver