Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-129/2021 16.04.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan Rayon Məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 136 manat sığorta ödənişinin və 20 manat dövlət rüsumunun, 0,40 qəpik əlavə xidmət haqqının “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində Cavabdeh tərəfindən idarə olunan ** TD *** dövlət qeydiyyat nişanlı QAZ SAZ 3507 22B markalı avtonəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** PS *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtonəqliyyyat vasitəsinə zərər vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaəqdar DYP əməkdaşı tərəfindən xx.xx.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. “xxxx” MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** PS *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 236 manat müəyyən edilmişdir. “xxxx” ASC-nin 06.011.2019-cu il tarixli sığorta aktına əsasən “xxxx” ASC tərəfindən dəymiş ziyana görə azadolma məbləği çıxılmaqla 136 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödəniməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Təmir edildikdən sonra zərərvuran şəxsi mülki məsuliyyətini icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığorta tərəfindən sığorta ödənilmiş 136 manat məbləğdə vəsaitin “xxxx” ASC-nin bank hesabınaa ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx xxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edildiyini və mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli 5470/1 saylı subroqasiya hüququ ilə əlaəqdar məktubun surətindən görünür ki, Cavabdeh borcunun ödənilməsi üçün xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qobustan rayonu Çuxanlı kəndində yaşayan Cavabdeh Azərbaycan Respublikasının İXM-in 327.1 maddəsində nəzərdə tutulan inzinati xəta törətmiş və xx.xx.2019-cu il tarixli TP ******* saylı qərarla yuxarıda sadalanan maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə DYP əməkdaşının tərtib etdiyi xx.xx.2019-cu il tarixli 128-65934 saylı arayışda göstərilir ki, xx.xx.2019-cu il tarixdə saat 17:00-da baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “xxxx” MMC-yə məxsus Cavabdeh idarə etdiyi ** PS *** dövlət qeydiyyat nişahlı “Hyundai Elantra” markalı avtomaşının sol güzgüsünə zərər dəymişdir. İşə olan avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin surətindən görünür ki, “xxxx” MMC-nin mülkiyyətində olan “Hyundai Elantra” markalı ** PS *** dövlət qeydiyyat nişahlı avtomaşın “xxxx” ASC-də 516,20 manat sığorta haqqı ödənilməklə 17800 manat məbləğində sığortalanmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, “xxxx” ASC tərəfindən dəymiş ziyana görə 236 manatdan 100 manat azadolma məbləği çıxılmaqla 136 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödəniməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında ona verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 136 manat sığorta ödənişinin və 20 manat dövlət rüsumunun, 0,40 qəpik əlavə xidmət xidmət haqqı “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 136 manat sığorta ödənişinin və 20 manat dövlət rüsumunun, 0,40 qəpik əlavə xidmət xidmət haqqı “xxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №e-2(026)-129/2021
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-129/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver