Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-144/2025 14.04.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4620 manat pulun alınaraq ona ödənilməsi, ödənilmiş 67 manat məbləğində dövlət rüsumunun və vəkilə ödənilmiş 325 manat məbləğində pulun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 19 fevral 2024-cü ildə Cavabdeh ilə arasında **-NS-*** dövlət qeydiyyat nişanlı “Mercedes 190” minik markalı avtomobilə dair icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə, cavabdeh 12 ay müddətinə hər ay 385 manat olmaqla cəmi 4620 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyini müqavilə bağlanan gündən bugünə kimi icra etməmişdir. Hazırda onun 4620 manat borcu var. Lakin o, borcunu ödəmir. Ona görə də iddiaçı pretenziya qaydasında ona müraciət edərək, 10 gün müddətində aralarında olan müqavilənin şərtlərinin icra edilməsini, əks halda pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin cavabdeh buna məhəl qoymamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh bildirdi ki, o, 2023-cü ilin mart ayının əvvəllərində avtomobil almaq istədiyi üçün Sumqayıtda yerləşən maşın bazarına getmiş, orada Telman adlı şəxslə tanış olmuşdur. Telman orada “Mercedes Benz E220” markalı maşın satırdı. Maşının zahiri vəziyyətinə baxmış və maşın onun xoşuna gəlmişdir, həm də maşını ucuz qiymətə satırdı. Onlar maşının qiymətini 4300 manata razılaşdırdılar. Lakin onun həmin vaxt cəmi 1300 manat nağd pulu olmuşdur. Telman isə ona narahat olmamasını, həmin yerdə öz adamları olduğunu və maşını lizinqə salmağın mümkün olduğunu bildirmişdir. Bundan sonra onu yaxınlıqda yerləşən bir ofisə aparmışdır. Orada Telman adlı şəxsə hazırkı iş üzrə İddiaçı tərəfindən pul verilmiş, ona isə hansısa sənədə qol çəkdirilmişdir. O da həmin pulu sanki onlardan kredit götürürmüş kimi hissə-hissə qaytarmalı idi. Lakin həmin vaxt avtomobil onun adına keçirilməmiş, iddiaçı həmin maşının sənədlərini özündə saxlamış, yalnız avtomobilin texniki pasportunda onun mülkiyyətçisi kimi göstərilmiş Emin adlı şəxs gəlib 3 saylı notariusda ona avtomobili idarə edə bilməsi üçün etibarnamə vermişdir. Bundan sonra o, aldığı maşına minib rayona qayıdarkən, rayona çatmamış yolda olanda maşının motoru tökülmüşdür. Həmin vaxt Telmana zəng etsə də, ona zəng çatmamışdır. Ona görə də maşını evakuatora mindirib öz qapısına gətirmiş, maşın 4 ay onun qapısında qalmışdır. O, Telmana zəng çatmadığına görə “102” xidmətinə zəng etmiş, polisə müraciət etmiş, orada araşdırma aparılmış, lakin Telmanı tapa bilməmişlər. Nəhayət, 4 ay sonra o, yenidən maşın bazarına gedəndə Telmanı orada tapmışdır. Telman həmin vaxt ona bildirmişdir ki, o, maşının motorunu yığdırsın, xərci nə etsə, yarısını ona verəcəkdir. Buna görə o, maşını Şamaxıda motor ustasının yanına aparmışdır. Bildirdi ki, maşını aldığı gündən 7 ay ərzində hər ay 300-310 manat civarında ödənişlər etmişdir. Bununla bağlı qəbzləri də var. O, borc taparaq maşına 1000 manat özü xərc qoymuş, lakin maşının yararlı vəziyyətə gətirilməsinin mümkün olmadığını görmüşdür. Bundan sonra o gedib iddiaçı olan İddiaçı tapmışdır. İddiaçı ona hər dəfəsində 1000 manat olmaqla, 2 dəfəyə cəmi 2000 manat məbləğində pul vermişdir ki, maşını düzəltdirsin. Hər dəfə İddiaçı ona pul verəndə bir sənədə qol çəkdirirdi. Bir neçə gün keçdikdən sonra İddiaçı maşının düzəlmədiyini görüb ona maşını geri qaytarmasını söyləmişdir. Buna görə də o, sonuncu dəfə 1000 manatı aldıqdan 5-6 gün sonra, təxminən 2024-cü ilin fevral ayının sonlarında Şamaxıdan bir cavan oğlanın sürdüyü evakuatora maşını mindirib Sumqayıtdakı maşın bazarına yola salmışdır. Həmin evakuator da maşını aparıb İddiaçı təhvil vermişdir. Bununla da onlar arasındakı söhbət bağlanmışdır. Lakin bundan təxminən 3 ay keçdikdən sonra iddiaçı tərəf ona zəng edərək, onlara borcu olduğunu bildirmiş, onu ödəməsini tələb etmiş, o da buna etiraz etmişdir. Bildirdi ki, o, iddiaçıdan ümumiyyətlə icarəyə avtomobil götürməmiş, avtomobili onlardan almış, pulun 1300 manatını özü ödəmiş, qalan 3000 manatını isə lizinq verən İddiaçı Telmana vermişdir. Cəmi 2210 manat olmaqla, o, 7 dəfə hissə-hissə ödəniş etmiş, sonradan maşının motorunu yığdırmaq üçün ona cəmi 2000 manat pul verilmiş, lakin maşın yenə də düzəlmədiyinə görə maşını aparıb qaytarmalı olmuşdur. O, iddiaçıdan icarəyə maşın götürməmişdir və ona heç bir borcu yoxdur. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o, hazırda “Sea Breeze” ərazisində daşıma işi ilə məşğuldur. O, cavabdehi qonşu kənd sakini kimi tanıyır. Özü əvvəllər şəxsi evakuatoru ilə fəaliyyət göstərirdi. Cavabdeh maşın aldıqdan sonra öz evakuatoru ilə onu bir neçə dəfə Şamaxıya ustanın yanına aparmışdır. Avtomobilin markası “Mercedes” idi. Axırıncı dəfə maşını cavabdehin kənddəki həyətindən götürmüş, cavabdehin verdiyi nömrə və ünvana əsasən onu Sumqayıtda yerləşən ofisə aparmışdır. Lakin həmin nömrə ilə əlaqə saxladıqda ofisin rəhbəri ona maşını təmir sexinə aparıb düşürməsini tapşırmış, o da həmin maşını Sumqayıtda yerləşən təmir sexinə aparmışdır. Telefonla danışdığı şəxsin adını xatırlamasa da, həmin şəxsin özü yox, adını bilmədiyi başqa bir şəxs gəlib maşına baxış keçirmiş, təxminən yarım saat sonra da onun kartına daşıma xərci olaraq 130 manat pul göndərilmiş, o da bundan sonra Qobustan rayonuna qayıtmışdır. Lakin hazırda telefonunu da dəyişdiyi üçün hansı nömrə ilə danışmasını dəqiq deyə bilmir. Həmçinin bildirdi ki, həmin vaxt xeyli evakuasiya işi ilə məşğul olduğuna görə cavabdehin maşınını nə vaxt apardığını dəqiq xatırlamır. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışdır. İddiaçının nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasına iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini və işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan icarəyə verən İddiaçı ilə icarə alan Cavabdeh arasında icarə predmeti olan “Mercedes 190” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı 19 fevral 2024-cü il tarixli, 981 nömrəli icarə müqaviləsindən görünür ki, icarə verən ilə icarə alan arasında bağlanmış ödəniş qrafikinə əsasən icarəyə verən icarə alana 12 ay müddətinə aylıq 385 manat hesablamaqla 4620 manat məbləğində avtomobili icarəyə verir. İcarə müqaviləsinə əsasən icarə alan cədvəldə qeyd olunmuş məbləği qeyd olunan tarixə ödəniş edib avtomobilin hüquqi sahibinə keçməlidir. İcarə alan razılaşır ki, müqavilədə qeyd olunan məbləği qeyd olunmuş vaxtda qaytarana kimi icarəyə götürülən avtomobil icarəyə verən şəxsin mülkiyyəti hesab olunur. Müqavilənin 7-ci bəndində qeyd edilmişdir ki, öhdəlik tam icra olunduqdan sonra icarə alan icarə predmeti olan avtomobilin onun mülkiyyətinə keçməsini tələb edə bilər. İcarə verən müqavilədə qeyd olunan məbləği icarə alanın tam ödənişindən sonra 3 gün ərzində icarə alanın adına keçirilməsini həyata keçirməlidir. Həmin müqavilənin arxa hissəsində əlyazma ilə “** NS *** mercdes avtomobili tam saz vəziyyətdədir gələcəkdə nasazlıq yaranarsa vaxtında krediti ödənilməsinə maniyə törətməyəcək” şəklində qeyd edilərək, “Mustafayev” soyadı ilə imza atılmışdır. İşdə surəti olan BD 353130 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-NS-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E220” markalı nəqliyyat vasitəsinin sahibi X2r. İddiaçı tərəfindən təqdim edilən və hazırda qüvvədən düşmüş 14 mart 2023-cü il tarixli etibarnamə üzrə “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, mülkiyyətçi X3 tərəfindən İddiaçı verilmiş etibarnamə əsasında sonuncu **-NS-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E220” markalı nəqliyyat vasitəsindən istifadə hüququnu Cavabdeh etibar etmişdir. Cavabdeh tərəfindən məhkəmə iclaslarında daha iki icarə müqaviləsinin – 14 mart 2023-cü il və 05 noyabr 2023-cü il tarixli müqavilələrin surətləri təqdim edilmişdir. Həmin müqavilələrdə icarəyə verən kimi kimin çıxış etməsi qeyd edilməsə və icarəyə verən tərəfindən imzalanmasa da, icarə predmeti kimi **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin göstərilməsi, eləcə də, 14 mart 2023-cü il tarixli kredit pul çekində “Rüstəm” adının qeyd edilməsi onu deməyə əsas verir ki, cavabdehlə sözügedən 14 mart 2023-cü il və 05 noyabr 2023-cü il tarixli icarə müqavilələrini də iddiaçı bağlamışdır. Həmin çekdə Cavabdeh 14 aprel 2023-cü ildə 311 manat, 16 may 2023-cü ildə 311 manat, 21 iyun 2023-cü ildə 312 manat, 14 iyul 2023-cü ildə 310 manat, 24 avqust 2023-cü ildə 311 manat, 15 sentyabr 2023-cü ildə 300 manat, 30 oktyabr 2023-cü ildə isə 355 manat məbləğində olmaqla, ümumilikdə 2210 manat məbləğində ödəniş etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-in 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə qeyd etməyi zəruri sayır ki, tərəflər arasında müqavilə münasibətləri əslində 19 fevral 2024-cü il tarixində başlamamış, 2023-cü ilin mart ayından etibarən onlar arasında müqavilə münasibətləri formalaşmış, sonuncu müqavilə isə 19 fevral 2024-cü ildə bağlanmışdır. Həmin müqavilə icarə müqaviləsi, müqavilənin tərəfləri isə icarəyə verən və icarəçi adlandırılsa da, əslində müqavilə lizinq müqaviləsi, tərəflər isə lizinq verən və lizinq alan olmuşdur. Cavabdeh də məhkəmə iclaslarında onun iddiaçı ilə münasibətinin əslində icarə olmadığını, ona avtomobili aldıqdan sonra lizinq münasibətlərinə daxil olduqlarının bildirildiyini qeyd etmişdir. Nəzərə alınmalıdır ki, pul öhdəliyi tam icra olunduqdan sonra şəxsin müqavilə predmeti olan avtomobilin onun mülkiyyətinə keçməsini tələb edə bilməsi və müqavilədə qeyd olunan məbləğin ödənilməsindən sonra müqavilə predmeti olan avtomobilin 3 gün ərzində ödənişi etmiş şəxsin adına keçirilməsi həmin müqavilənin icarə deyil, lizinq müqaviləsi olduğunu göstərir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. MM-in 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 28 dekabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və MM-in 747-1.2-ci və 748-2.1-ci maddələrindən aydın olur ki, hər hansı bir əşyanı lizinqə verən şəxs yalnız onun mülkiyyətçisi ola bilər. Əşyanın sublizinqə verilməsi zamanı hökmən ilkin lizinq verən şəxsin yazılı razılığının tələb olunması da lizinq müqaviləsində mülkiyyətçinin lizinq verən kimi çıxış etməsinin zəruriliyini göstərir. Lakin hazırda iddiaçı tərəfindən cavabdehə lizinqə verilmiş nəqliyyat vasitəsinin mülkiyyətçisinin iddiaçı deyil, Emin Mustafayev olduğu müəyyən edilir. İddiaçının lizinqə verilən nəqliyyat vasitəsinin mülkiyyətçisi olmamaqla yanaşı, həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi Emin Mustafayevin ona sözügedən nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququnun etibar edilməsini təsdiq edən etibarnamə də təqdim edilməmişdir. Bu səbəblə hazırkı halda iddiaçının özünə məxsus olmayan nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququnun mövcud olduğunu da müəyyən etmək mümkün olmur. Bundan əlavə, məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı nə şəxsən, nə də nümayəndəsi vasitəsilə məhkəmə iclaslarında iştirak etməmişdir. MPM-in tələblərinə uyğun olaraq isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən yekun qərar qəbul edir. Belə olan halda isə iddiaçının tələbinin təmin edilməsi üçün hazırda əsas müəyyən edilmir. MM-in 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” 24 iyul 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, etibarnamə konkret subyektə münasibətdə təmsil olunanın iradə və maraqlarının realizə və təmin edilməsi məqsədilə verilir və etibarnamə üzrə təmsilçi təmsil olunanın ifadə etdiyi iradəsinin vasitəçisi qismində çıxış edir. Mövcud qanunvericilikdə etibarnamə məhz əqdlərin bağlanması üçün təmsilçiliklə bağlı münasibətlərin hüquqi tənzimlənməsi vasitəsi kimi nəzərdə tutulmuşdur. Bundan əlavə, mübahisəli avtomobilin mülkiyyətçisi olan X1 adından iddiaçının vəkili Vəkil adına verilmiş 03 iyul 2024-cü il tarixli etibarnamə də hazırda hər hansı hüquqi əhəmiyyət kəsb etməyib, yalnız Emin Mustafayevin məhkəmədə təmsilçiliyi ilə bağlı səlahiyyətləri özündə əks etdirir. Vəkil isə Emin Mustafayevin vəkili olmaması, eləcə də, Emin Mustafayevin hazırkı iş üzrə hər hansısa tərəf kimi işə cəlb edilməməsi həmin etibarnamənin hazırda hər hansı əhəmiyyətinin olmadığını göstərir. Bundan başqa, MM-in 748.2.2-ci maddəsində lizinq müqaviləsində lizinq obyektinin dəqiq təsvirinin göstərilməli olduğu qeyd edilsə də, müqavilə predmeti olduğu qeyd edilən **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin markası “Mercedes Benz E220” olsa da, 19 fevral 2024-cü il tarixli icarə müqaviləsində onun markası “Mercedes 190” şəklində qeyd edilmişdir. Məhkəmə icraatının gedişində, 17 mart 2025-ci il tarixində iddiaçı tərəf sözügedən icarə müqaviləsinin arxasına birtərəfli şəkildə, yalnız iddiaçı tərəfindən imzalanmaqla bir qeyd əlavə etmiş, bildirmişdir ki, texniki səhvlik səbəbindən “Mercedes 220” markalı avtomobil əvəzinə “Mercedes 190” yazılmışdır. Lakin məhkəmə faktiki olaraq müqaviləyə düzəliş xarakteri daşıyan bu cür birtərəfli qeydi mötəbər qəbul etmir. Göründüyü kimi, müqavilədə lizinq obyekti də dəqiq təsvir edilməmişdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə iddiaçının cavabdehə qarşı pul tələbinin təmin edilməsi üçün hər hansı əsas mövcud deyil və iddia tələbi cavabdehdən 4620 manat pulun alınması hissəsində təmin edilməməlidir. İşdə surəti olan 24 yanvar 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, bağlanmış müqavilə üzrə Vəkil tərəfindən iddiaçıya hüquqi yardımın göstərilməsi məqsədilə Sumqayıt Regional Vəkil Bürosunun hesabına 325 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşdə surəti olan dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in qeyd edilən maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, iddia tələbi əsas hissədə təmin edilmədiyinə görə, ödənilmiş dövlət rüsumunun və vəkilə ödənilən xidmət haqqının cavabdehdən alınması hissəsində də təmin olunmamalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-144/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-144/2025
14.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver