Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № e-2(026)-189/2025 23.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X3” publik hüquqi şəxsinin Cavabdeh qarşı “müqaviləyə əsasən istifadəyə verilən aktivlərlə eyni növlü və keyfiyyətli aktivlərin cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X3” publik hüquqi şəxsi iddia ərizəsi ilə Qobustan Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında bağlanan özünüməşğulluğa kömək göstərilməsinə dair 05 may 2022-ci il tarixli, 2022/ÖM/01995 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin təyinatı üzrə istifadə olunmaması səbəbindən eyni növlü və keyfiyyətli aktivlərin natura şəklində cavabdehdən tutularaq Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan özünüməşğulluğa kömək göstərilməsinə dair 05 may 2022-ci il tarixli, 2022/ÖM/01995 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “PVC qapı və pəncərə istehsalı” zərfinə daxil olan aktivlər, yəni PVC qaynaq maşını, PVC kəsim maşını, masaüstü PVC frezi, hava kompressoru (xüsusiyyətləri 05 may 2022-ci il tarixli təhvil-təslim aktında göstərilmişdir) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 05 may 2022-ci il tarixli aktla cavabdehin “PVC qapı və pəncərə istehsalı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli, 168 nömrəli qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 30 avqust 2024-cü il tarixli yekun monitorinq aktına əsasən cavabdehə verilmiş “PVC qapı və pəncərə istehsalı” zərfinə daxil olan aktivlərdən, yəni PVC qaynaq maşını, PVC kəsim maşını, masaüstü PVC frezi, hava kompressorundan təyinatı üzrə istifadə edilmədiyi aşkar edilmişdir. Cavabdehə ünvanlanmış 09 dekabr 2024-cü il tarixli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Yuxarıda qeyd edilən işin faktiki hallarına görə, iddia ərizəsi təmin edilməli, cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli “PVC qapı və pəncərə istehsalı” zərfinə daxil olan aktivlərin natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. Şəxslərə özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər ilk öncə onların mülkiyyətinə yox, sadəcə istifadəsinə verilməkdədir. Monitorinqlərin aparıldığı dövr ərzində şəxslər onlara verilən aktivlərdən istifadə edərək öz məşğulluqlarını təmin etməli, habelə aktivlərdən istifadənin onun verilmə anında nəzərdə tutulan təyinatından kənara çıxmamasını təmin etməlidirlər. Özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin yekun monitorinqi zamanı tərtib edilən akta əsasən onların aktivlərdən biznes-plana uyğun istifadəsi müəyyən edildikdə və qanunvericilikdə nəzərdə tutulan 1 il müddət tamamlandıqdan sonra Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın mülkiyyət hüququ proqrama cəlb edilmiş şəxslərə keçir. Qeyd edilən müddət çərçivəsində şəxslərə verilən aktivlərin özgəninkiləşdirilməsi, habelə əvəzli və ya əvəzsiz qaydada üçüncü şəxslərin istifadəsinə verilməsi nə tərəflər arasındakı münasibətlərin xarakterinə, nə də mülki qanunvericilikdə nəzərdə tutulan mülkiyyət hüququna dair tələblərə uyğundur. İşin faktiki hallarından da müəyyən olunur ki, Agentliyin yerli qurumu tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubuna münasibətdə cavabdeh tərəfindən aktivin natura şəklində geri qaytarılması təmin edilməmişdir. İşin faktiki halları üzrə yaranan mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə Agentlik tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək ya aktivlərin geri qaytarılması, ya da dəymiş zərərin əvəzinin ödənilməsi təklif olunsa da, cavabdeh bu müraciətə münasibət bildirməmiş və nəticə etibarilə tərəflər arasında olan mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Məhkəmənin 17 mart 2025-ci il və 14 aprel 2025-ci il tarixli iclaslarında iştirak edən Cavabdeh bildirmişdir ki, onun istifadəsinə özünüməşğulluğa kömək göstərilməsinə dair 05 may 2022-ci il tarixli müqavilə üzrə həmin tarixdə PVC qaynaq maşını, PVC kəsmə maşını, masaüstü PVC freze maşını və hava kompressoru verilmişdir. Hazırda həmin aktivlərdən yalnız sonuncusu – hava kompressoru onun faktiki sahibliyində və istifadəsindədir. Digər aktivlər isə onun biznes fəaliyyətinə uyğun gəlmədiyinə görə onlardan təyinatı üzrə istifadə edə bilməmişdir. Bununla bağlı hətta nazirin qəbulunda da olmuş, nazir isə ona həmin aktivlərin onun işinə yaramadığı təqdirdə dəyişdirə biləcəyini bildirmişdir. Buna görə də aktivləri qəbul etdikdən təxminən 8 ay sonra onları Bakı şəhərində üçüncü şəxslərin icarəsinə vermişdir. Həmin şəxslər isə PVC qaynaq maşını və PVC kəsmə maşınını başqa əşyalarla dəyişmişlər. İcarəyə verdiklərindən yalnız masaüstü PVC freze maşını olduğu kimi qalmışdır. Qeyd etdi ki, ona verilmiş əşyalarla eyni növlü və keyfiyyətli əşyalar tapa bilmədikdə, onların real dəyərini ödəyə bilər. Qobustan Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, e-2(026)-189/2025 saylı qərardadı ilə mülki iş üzrə qiymətləndirmənin həyata keçirilməsi və qiymətləndiricinin rəyi məhkəməyə təqdim edilənə kimi mülki işin icraatının dayandırılması qərara alınmışdır. İşdəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 may 2025-ci il tarixli, UNİ/M 24- 241/2025 saylı qiymətləndirmə rəyindən görünür ki, 1) PVC qaynaq maşını. Tək başlıqlı qaynaq avadanlığı. Enerji təchizatı 220V 50Hz. Yüksək gücü 1.2 KW. Hava təzyiqi 0.5- .8MPa. Qaynaq şkalası (G×H×L) 120×120×1800 mm. Size L×W×H 96 sm×90sm×146 sm. Zimer Machinery SH120WM – 1 ədəd – bazar dəyəri 800 manat; 2) PVC kəsmə maşını. Mühərrikin gücü 1.1 KW. Əsas mühərrikin fırlanma sürəti 2840 r/dəq. Bıçağın ölçüsü D=5 sm, d=3 sm. Mişar bıçağının yelləncək bucağı 45° ̴ 90°-dir. 80V 50Hz. Yenidən yerləşdirmə müddəti 050.05 mm. Bütün ölçülər (L*W*H) 80*90*130 sm. Maşının çəkisi (təxminən) 260 KG. Zimer Machinery SHC500M – 1 ədəd – bazar dəyəri 600 manat; 3) Masaüstü PVC freze maşını. Güc 220V/50V, Ölçülər: Uzunluq 55 sm, eni 40 sm, hündürlük 41 sm, çəki 41 kq, 900 vatt gücündə freze maşını. Plasmak SC 551 – 1 ədəd – bazar dəyəri 300 manat; 4) Hava kompressoru, 50 litr. 2.5 HP. Gərginlik 220-240v 50HZ, Güc 735W (1HP), RPM 2850/d, Həcmi 50l/dəq. KİNGCHAİ 50L – 1 ədəd - bazar dəyəri 200 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Qobustan Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, e-2(026)-189/2025 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etdiyini bildirərək, işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh işə baxılıb-baxılmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini iş materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tətbiq edilməli hüquq normalarının tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı ilə özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh arasında 05 may 2022-ci il tarixli, 2022/ÖM/01995 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən filial tərəflər arasındakı təhvil-təslim aktında göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin predmetini “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq özünüməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi təşkil edir. İşdə surəti olan özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair 05 may 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı aşağıda göstərilən əmlakları Cavabdeh təhvil vermiş, Cavabdeh isə həmin əmlakları təhvil almışdır: 1) PVC qaynaq maşını. Tək başlıqlı qaynaq avadanlığı. Enerji təchizatı 220V 50Hz. Yüksək gücü 1.2 KW. Hava təzyiqi 0.5-.8MPa. Qaynaq şkalası (G×H×L) 120×120×1800 mm. Size L×W×H 96 sm×90sm×146 sm. Zimer Machinery SH120WM – 1 ədəd; 2) PVC kəsmə maşını. Mühərrikin gücü 1.1 KW. Əsas mühərrikin fırlanma sürəti 2840 r/dəq. Bıçağın ölçüsü D=5 sm, d=3 sm. Mişar bıçağının yelləncək bucağı 45° ̴ 90°dir. 80V 50Hz. Yenidən yerləşdirmə müddəti 050.05 mm. Bütün ölçülər (L*W*H) 80*90*130 sm. Maşının çəkisi (təxminən) 260 KG. Zimer Machinery SHC500M – 1 ədəd; 3) Masaüstü PVC freze maşını. Güc 220V/50V, Ölçülər: Uzunluq 55 sm, eni 40 sm, hündürlük 41 sm, çəki 41 kq, 900 vatt gücündə freze maşını. Plasmak SC 551 – 1 ədəd; 4) Hava kompressoru, 50 litr. 2.5 HP. Gərginlik 220-240v 50HZ, Güc 735W (1HP), RPM 2850/d, Həcmi 50l/dəq. KİNGCHAİ 50L – 1 ədəd. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Müqavilənin inzibati və ya mülki hüquqi müqavilə olması, tərəflər arasında yaranan münasibətlərin xarakteri mübahisənin mülki mühakimə icraatı qaydasında, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması, yəni məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. “Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi barədə müraciətinə dair” 18 aprel 2025-ci il tarixli qərardadında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati müqavilələrin əsas səciyyəvi xüsusiyyətlərinə aşağıdakılar aid edilə bilər: - müqavilə tərəflərindən ən azı birinin inzibati orqan olması; - müqavilənin predmetinin dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlı olması; - müqavilənin məqsədinin ictimai və ya ümumdövlət maraqlarının təmin olunmasına, ictimai ehtiyacların ödənilməsinə və ya birbaşa ictimai xidmətlərin icra edilməsinə yönəldilməsi; - müqavilənin bir sıra şərtlərinin inzibati hüquq normaları ilə tənzimlənməsi; - müqavilə tərəflərinin qeyri-bərabərliyi və s. Hazırda iddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı ilə özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh arasında bağlanmış 05 may 2022-ci il tarixli, 2022/ÖM/01995 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilə də yuxarıda göstərilən xüsusiyyətləri özündə birləşdirdiyindən, inzibati müqavilə hesab edilir. Yuxarıda adı çəkilən 18 aprel 2025-ci il tarixli qərardadında “özünəməşğulluğa kömək göstərilməsinə dair” müqavilələrlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİİİ hissəsinə əsasən, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Konstitusiyasının 35-ci maddəsinə uyğun olaraq məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən etmək məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Dövlətin işsizliyin aradan qaldırılması ilə bağlı funksiyalarının icrasından irəli gələrək “Məşğulluq haqqında” Qanunun 24-cü maddəsində özünüməşğulluğa kömək göstərilməsi ilə əlaqədar münasibətlər tənzimlənmişdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə, işsiz, habelə bu Qanunun 4.1.3cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir: özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi; təcrübəsinin, peşəsinin (ixtisasının), məşğulluq tarixçəsinin, maddi rifahının, habelə şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə ilkin monitorinqin həyata keçirilməsi; əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi; özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi. Beləliklə, “Məşğulluq haqqında” Qanunun 24.1-ci maddəsi ilə natura şəklində material, avadanlıq və digər əmlakın verilməsi ilə bağlı müqavilənin bağlanması nəzərdə tutulmuş, bu müqavilənin bağlana biləcəyi xüsusi subyektlərin konkret dairəsi (işsiz, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan, digər məşğulluğu olmayan işaxtaran şəxs) göstərilmiş, müqavilənin bağlanacağı subyektin müəyyənləşdirilməsi üçün xüsusi prosedurlar və müqavilənin müddəti müəyyənləşdirilmişdir. Həmin Qanunun 24-cü maddəsində özünüməşğulluğun təşkilinə dair müqavilə əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin məsuliyyəti ilə bağlı, habelə müqavilə münasibətlərini tənzimləyən bir sıra normalar müəyyən olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli, 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 7 və 8-ci maddələri ilə özünüməşğulluğun təşkili üçün əmlakın verilməsi, bununla bağlı, özünüməşğulluğa cəlb olunmuş şəxslə X1 müvafiq yerli qurumları və ya DOST mərkəzləri arasında müqavilənin bağlanması, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin həmin qurumlar və ya mərkəzlər tərəfindən dövri monitorinqinin aparılması ilə bağlı müddəalar öz əksini tapmışdır. Göründüyü kimi, inzibati orqanlar və özünüməşğulluğa cəlb olunmuş şəxs hakimiyyət-tabeçilik münasibətlərində olmasalar da, müqavilənin bağlanması proseduru və müqavilənin bir sıra şərtləri məhz inzibati xarakterli normativ hüquqi aktlarla müəyyən edilmişdir. Həmin şərtlər isə tərəflər üçün məcburi xarakterə malikdir. O da göstərilməlidir ki, “Məşğulluq haqqında” Qanunda həmin Qanunun pozulmasına görə məsuliyyət və mübahisələrin həlli ilə bağlı müddəalar da öz əksini tapmışdır. Belə ki, bu Qanunun 33.3-cü maddəsinə əsasən, məşğulluq sahəsində mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Konstitusiya Məhkəmənin Plenumu sözügedən 18 aprel 2025-ci il tarixli qərardadında vurğulamışdır ki, qeyd edilən norma “Məşğulluq haqqında” Qanundan irəli gələn məşğulluq sahəsində yaranan mübahisələrin inzibati xarakterli mübahisələr olduğuna dəlalət edir. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və özünüməşğulluq sahəsində qanunvericiliyin müddəalarını nəzərə alan məhkəmə bildirir ki, özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilə üzrə yaranan mübahisələr inzibati xarakterli olduqlarından, bu cür mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir və bu səbəblə hazırkı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. MPM-in 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə qeyd edilən normalara uyğun olaraq bildirir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X3” publik hüquqi şəxsi özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilə üzrə yaranan mübahisələr ilə bağlı olaraq müvafiq inzibati məhkəməyə müraciət edə bilər. MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən normaları və qiymətləndirmənin cavabdehin bildirdiklərinə uyğun olaraq keçirilməsini nəzərə alan məhkəmə qeyd edir ki, qiymətləndirmə rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261-264, 267 və 268-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X3” publik hüquqi şəxsinin Cavabdeh qarşı “müqaviləyə əsasən istifadəyə verilən aktivlərlə eyni növlü və keyfiyyətli aktivlərin cavabdehdən tutularaq iddiaçıya qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qiymətləndirmə rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat məbləğində xidmət haqqı Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-189/2025
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №e-2(026)-189/2025
23.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver