Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-250/2025 14.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14197 manat əsas borc, 1020 manat vəkil üçün ödənilmiş pul və 137 manat dövlət rüsumu olmaqla, cəmi 15354 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, tanışı Cavabdeh adlı şəxsə uzun müddət biznesinə dəstək üçün müxtəlif vaxtlarda bir neçə dəfə olmaqla, təxminən 200000 manat pul vermişdir. Cavabdeh avto-ehtiyat hissələri dükanı işlədirdi və iddiaçıya deyirdi ki, gələcəkdə onu da şərik edəcək. Əlavə olaraq, təxminən 2019-cu ildə cavabdeh gələrək ona demişdir ki, ev almışdır və ev aldığı adam onu sıxıb pulunu tələb edir. Bu adla iddiaçıdan əlavə 50000 manat borc pul almışdır. Həmin dövrdən indiyə qədər cavabdeh çox az-az olsa da, borcunun bir hissəsini vermişdir. Hətta iddiaçı ona 5000 manat bağışlamışdır. Hal-hazırda cavabdehin ona 14197 manat borcu qalmışdır. Cavabdehdən dəfələrlə pulunu istəsə də, cavabdeh ona hədə-qorxu gələrək deyir ki, özünü öldürəcək, ondan pul istəməsin. Səbəbini soruşduqda isə deyir ki, pulu vermək istəmir, gedib özünə nəsə edib deyəcək ki, iddiaçı onu bu həddə çatdırmışdır. Bütün bunlar “Whatsapp” telefon tətbiqindəki yazışmalarda öz təsdiqini tapır. İddiaçının çıxış yolu qalmadığından və cavabdeh bu cür yollara əl atdığından o, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmənin 21 aprel 2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş İddiaçı bildirmişdir ki, o, cavabdehi artıq uzun müddətdir ki, tanıyır, onların arasında yoldaşlıq münasibətləri mövcud olmuşdur. O, cavabdehin bazarda avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olduğundan məlumatlı olmuş, öz fəaliyyətini həyata keçirməsi üçün cavabdehə borc pul lazım olduqda ona dəfələrlə ümumi olaraq təxminən 200000 manat məbləğində borc vermişdir. Cavabdeh fəaliyyətindən əldə etdiyi pulla verdiyi borcları qaytarmışdır. Bunlardan sonra təxminən 2021-ci ildə o, cavabdehə aldığı evin pulunu ödəyə bilməsi üçün 50000 manat da borc vermiş, həmin məbləği verməsinin səbəbi isə cavabdehin əvvəllər aldığı pulları ona geri qaytarması və özünün artıq cavabdehə etibar etməsi olmuşdur. Hazırda cavabdehdən tələb etdiyi pul da həmin evə görə verdiyi borcla bağlıdır. Hətta o, cavabdehin çətin vəziyyətə düşməsini də nəzərə alıb ona 5000 manat da bağışlamışdır. Bununla bağlı “Sərin” restoranında cavabdeh öz xətti ilə qəbz də yazmış, qəbzdə 37597 manat borcunun qaldığını qeyd etmişdir. Həmin qəbzin əsli də növbəti iclasda təqdim ediləcəkdir. Lakin bir müddət cavabdeh müəyyən ödənişlər etsə də, onun 14197 manat ödənilməmiş borcu qalmışdır. Sonradan ona aydın olmuşdur ki, cavabdeh artıq qalan borcunu ödəmək istəmir. Ona görə də bundan sonra ona qarşı məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının iddiaçının nümayəndəsi Vəkil İddiaçı ilə eyni məzmunda çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının tələb etdiyi hazırkı məbləğ onun cavabdehə evin pulunu ödəyə bilməsi üçün verdiyi 50000 manat borcdan irəli gəlir. Cavabdehin iddiaçıya borclu olmasını təsdiq edən qəbz və “Whatsapp” tətbiqindən çıxarışlar da mövcuddur. Belə ki, cavabdeh 2021-ci ildə özü qəbz yazaraq iddiaçıya təqdim etmiş, iddiaçının ona 5000 manat borcu bağışladığını və özünün iddiaçıya 37597 manat borcu qaldığını təsdiq etmişdir. Həmin qəbzdə qeyd edilən 82097 manat məbləğində borc isə cavabdehin həmin dövrdə iddiaçıya olan bütün ümumi borcunun məbləği olmuşdur. İddiaçı özü də qəbul edir ki, cavabdeh təsdiq etdiyi 37597 manat borcdan sonra müəyyən ödənişlər etmiş, yekunda 14197 manat borcu qalmışdır. Bu isə iddiaçının vicdanlılığını da göstərən bir faktdır, belə ki, onun cavabdeh tərəfindən qəbzdə yazılmış məbləği tam tələb etmək imkanı olsa da, bunu etməmişdir. O, iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Belə ki, cavabdeh məhkəmə hazırlıq iclası zamanı ailə məsələləri ilə əlaqədar olaraq, 21 aprel 2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, hazırlıq iclasını təxirə salıb başqa tarixə təyin edilməsini xahiş etmişdir. Daha sonra isə Cavabdeh 13 may 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı iddia tələbi ilə bağlı bildirmişdir ki, onun iddiaçıya hər hansı məbləğdə ödənilməyən borcu yoxdur. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzlə bağlı bildirir ki, qəbzin əsli məhkəməyə təqdim olunmadığına görə, həmin qəbz iddia tələbinin əsasını təsdiq edən sübut kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Digər tərəfdən, sözügedən qəbz işin hazırlıq mərhələsində deyil, iş məhkəmə baxışına təyin olunduqdan sonra məhkəməyə təqdim edilmişdir. Halbuki, MPM-in 78.1-ci maddəsinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göstərilənləri nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsassızdır və məhkəmə tərəfindən rədd olunmalıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdəki xx.xx.2021-ci il tarixli əlyazma qəbzin məzmununda qeyd edilmişdir ki, “Cavabdeh İddiaçı 2 idən artıqdı ki 82097 manat verəcəyim var idi. xx.xx.2021 il 39500 manatı vermişəm özünə və İddiaçı mənə 5000 manat bağışlayıb. Hal-hazırda 37597 manat verəcəyim qalıb və bu sumaya qarşı vəd verirəm ki may ayının 30. kimi bu pulu qaytaracam heckim məni məcbur etmir”. Bundan sonra “Mikaylov Ramin” yazılaraq imza icra edilmişdir. İş materiallarına iddiaçı ilə cavabdeh arasında borc münasibətlərinin mövcudluğunu göstərən yazışmaların əks olunduğu “Whatsapp” tətbiqindən çıxarışlar da əlavə olunmuşdur. Məhkəmə ilk öncə cavabdehin elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı 13 may 2025-ci il tarixli ərizə ilə bağlı bildirir ki, cavabdeh qəbzin əslinin deyil, onun surətinin təqdim edilməsi səbəbindən həmin qəbzin sübut olaraq qəbul edilə bilməyəcəyini bildirsə də, iddiaçı tərəf əvvəllər məhkəmənin icraatında olmuş, lakin öz ərizələrinə əsasən baxılmamış saxlanılmış mülki iş materiallarından həmin qəbzin əslinin götürülməsi barədə məhkəməyə müraciət edərək, sözügedən qəbzi məhkəmə iclasında təqdim etmişdir. Bundan başqa, sözügedən qəbz elektron kabinet vasitəsilə məhkəmə baxış iclası başlanana qədər təqdim edilmiş, həmin qəbzin mötəbərliyinə hər hansı şübhə yaranmaması üçün isə qəbzin əsli məhkəmənin baxış iclasında təqdim olunmuşdur. Bu isə MPM-in 78.1-ci və 78.1-1-ci maddələri baxımından sözügedən qəbzin sübut olaraq qəbul edilməsinin mümkünlüyünə əsas verir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı müxtəlif vaxtlarda cavabdehə bir neçə böyük məbləğlərdə borc pul vermiş, sonuncu dəfə isə 50000 manat məbləğində cavabdehin aldığı evin pulu ödəyə bilməsi üçün ona borc verdiyini qeyd etmişdir. Həmin borc məbləğləri verilən zaman tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə verilən borcun məbləği həmin borc müqaviləsinin yazılı qaydada bağlanmasını tələb etsə də, onlar arasında həmin vaxt qüvvədə olmuş mülki qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. İddiaçı tərəfindən cavabdehə pulun verilməsi yalnız cavabdehin imzası ilə təsdiq etdiyi əlyazma qəbz ilə rəsmiləşdirilmişdir. Lakin məhkəmə bildirir ki, iddiaçı tərəfindən cavabdehə borcun verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında borc münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci, 740.1-ci və 740.2-ci maddələrinin məzmununa əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Bununla belə xx.xx.2021-ci il tarixli qəbzlə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə verilmiş məbləğlərdən ödənilməmiş yekun məbləğ 37597 manat təşkil edir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı həmin qəbzin yazıldığı vaxtdan sonra da cavabdeh tərəfindən bir sıra ödənişlərin edildiyini qəbul edərək, cavabdeh tərəfindən yekun ödənilməmiş məbləğin 14197 manat olduğunu bildirmişdir. Məhkəmə bununla bağlı bildirir ki, cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Göstərilənlərə əsasən, tərəflər arasında pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfindən tərtib edilərək imzalanmış qəbz ən azından iddiaçı tərəfindən cavabdehə 82097 manat pul verilməsini və cavabdehin iddiaçıya qaytarmadığı məbləğin 37597 manat olmasını təsdiq edir. İddiaçı isə sonradan həmin puldan geri qaytarmaların olduğunu bildirərək, yekun geri qaytarılmayan məbləğin 14197 manat olmasını qeyd edir. Tərəflər arasında sözügedən pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə ödənilməmiş 14197 manat pul məbləğini ona qaytarmalıdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə cavabdehin 13 may 2025-ci il tarixli ərizəsini təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh xx.xx.2021-ci il tarixli qəbzi özünün yazması faktını mübahisələndirməmiş, həmin qəbzin məzmununun doğruluğu barəsində də hər hansı bir etiraz irəli sürməmişdir. Cavabdehin yeganə etirazı onun iddiaçıya hər hansı məbləğdə ödənilməyən borcunun qalmaması ilə bağlı olmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə MM-in 529.3-cü maddəsinə uyğun olaraq, cavabdehin iddiaçıdan borc almasını təsdiq edən və borc sənədi olan qəbzin əsli hazırda iddiaçıda olduğundan və onun tərəfindən təqdim edildiyindən həmin öhdəliyə xitam verilmədiyini – pulun tam ödənilmədiyini qəbul edir. Həmçinin, iddiaçı cavabdehə borcun verilməsini və öhdəliklərə xitam verilmədiyini təsdiq edən sübutları təqdim etsə də, cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaçıya olan borcunun ödənilməsini təsdiq edən hər hansı sübut, qəbz, çek və ya digər sənəd təqdim etməmişdir. Bundan əlavə, cavabdehin iddiaçıya borcunun mövcudluğunu təsdiqləyən qəbzin üzərində də borcun ödənilmiş olmasına dair hər hansı qeyd icra edilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, həmin hissədə iddia təmin edilməli, 14197 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, işdə surəti olan 05 iyun 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 137 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdəki 21 may 2024-cü il tarixli, ******* nömrəli vəkil orderindən görünür ki, birinci instansiya məhkəməsində aparılan icraat zamanı İddiaçı hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil ilə 21 may 2024-cü il tarixli, 559 nömrəli müqavilə bağlanmışdır. İşdəki AR-İİİ 318788 seriya nömrəli, 21 may 2024-cü il tarixli etibarnamədən görünür ki, bu etibarnamə ilə İddiaçı məhkəmə orqanlarında təmsilçiliklə bağlı müvafiq səlahiyyətləri 5 il müddətinə Vəkil həvalə etmişdir. İşdə surəti olan 21 may 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına 1020 manat məbləğində vəsait köçürülmüşdür. Beləliklə, sözügedən sənədlərlə müəyyən edilir ki, iddiaçıya hüquqi yardımın göstərilməsinə görə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil ilə 21 may 2024-cü il tarixli, 559 nömrəli müqavilə bağlanmış, iddiaçı tərəfindən Vəkil 21 may 2024-cü il tarixli etibarnamə verilmiş, hüquqi yardımın göstərilməsi üçün iddiaçı tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına 1020 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan başqa, iş materiallarından görünür ki, Vəkil iddiaçıya hüquqi yardımın göstərilməsi çərçivəsində iddia ərizəsinin tərtib edilərək imzalanması ilə yanaşı, həm də “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizələr vermiş, sübutlar təqdim etmiş, məhkəmə iclaslarında iştirak etmişdir. Qeyd edilənlər onu göstərir ki, iddiaçıya hüquqi yardımın göstərilməsi ilə bağlı Vəkil tərəfindən müvafiq işlər görülmüşdür. MPM-in 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. MPM-in 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.5-ci və 115.0.6-cı maddələrinə görə, nümayəndələrə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə işin yuxarıda müəyyən edilmiş hallarını və vəkilin göstərdiyi yardımın həcmini nəzərə alaraq belə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş 1020 manat məbləğində pul vəsaiti ağlabatan hesab edilməli, hüquqi yardıma görə ödənilmiş 1020 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 137 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 14197 manat məbləğində pul, hüquqi yardım üçün vəkilə ödənilmiş 1020 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137 manat məbləğində pul olmaqla, cəmi 15354 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 14197 manat məbləğində pul, hüquqi yardım üçün vəkilə ödənilmiş 1020 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137 manat məbləğində pul olmaqla, cəmi 15354 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-250/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-250/2025
14.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver