Məhkəmə qərarları › İş №e-2(026)-254/2021

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-254/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-254/2021 27.07.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 1500 sığorta ödənişi məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1530 manat məbləğində pulun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 1500 sığorta ödənişi məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1530 manat məbləğində pulun tutulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, "xxxx" ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh 19 iyul 2020-ci il tarixdə idarə etdiyi “Ford” markalı ** BV *** dövlət nömrə nişanlı avtomobillə Qobustan rayonunun Mərəzə qəsəbəsi ilə hərəkətdə olarkən təhlükəsizlik qaydalarını pozmuş və nəticədə piyada X1 az ağır xəsarət yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Qobustan rayon polis şöbəsində tərtib olunmuş 09 avqust 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən Cavabdeh barəsində İXM-nin 327.1 və 332.1-ci maddələri üzrə inzibati tənbeh tədbirləri görülməsi qərara alınmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində X1 az ağır xəsarət dəyməsi ilə əlaqədar PME ********** saylı sığorta müqaviləsinə və 10 dekabr 2020-ci il tarixli İAS 201257 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 1500 manat məbləğində sığorta ödənilməsi həyata keçirilmişdir. “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi nəticəsində müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməli və sığorta hadisəsi nəticəsində zərərçəkənə ödənilmiş 1500 manat sığorta ödənişi subroqasiya hüququ əsasında Cavabdeh geri tələb olunmalıdır. Yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği sığorta ödənişi məbləği olan 1500 manat və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış X4 içkili vəziyyətdə idi və avtomaşının arxasında dayandığından onu görməmişdir və avtomaşını arxaya sürdüyü zaman Amilə dəymişdir. Dəymiş ziyanı ödəmişdir və onun bütün xərclərini çəkmişdir. İddiaçı "xxxx" ASC-nin tələb etdiyi 1500 manatı ödəməyə maddi imkanı yoxdur. 750 manat ödəyə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən edildi ki, Cavabdeh 19 iyul 2020-ci il tarixdə idarə etdiyi “Ford” markalı ** BV *** dövlət nömrə nişanlı avtomobillə Qobustan rayonunun Mərəzə qəsəbəsində hərəkətdə olarkən təhlükəsizlik qaydalarını pozmuş və nəticədə piyada X1 az ağır xəsarət yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd olunan yolnəqliyyat hadisəsi ilə bağlı Qobustan rayon polis şöbəsində tərtib olunmuş 09 avqust 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən Cavabdeh barəsində İXM-nin 327.1 və 332.1-ci maddələri üzrə inzibati tənbeh tədbirləri görülməsi qərara alınmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində X1 az ağır xəsarət dəyməsi ilə əlaqədar PME ********** saylı sığorta müqaviləsinə və 10 dekabr 2020-ci il tarixli İAS 201257 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 1500 manat məbləğində sığorta ödənilməsi həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş 10 dekabr 2020-ci il tarixli İAS201257 saylı sığorta ödənişi aktından görünür ki, "xxxx" ASC tərəfindən X3 1500 manat məbləğində sığorta pulu ödənilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin 10 dekabr 2020-ci il tarixli 004394 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən X3 1500 manat ödənilmişdir. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin 19 avqust 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin 16 mart 2021-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinib barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin 10 mart 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-in 332.1 və 327.1-ci maddələri ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüquqların bərpası üçün çəkdiyi və ya çəkməli olduğu xərclər , əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsində göstərilir ki, bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən aslı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin yalnız təqdim etdikləri sübutları araşdırlmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" ASC tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X3 dəymiş zərər üçün ödənilmiş 1500 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X3 dəymiş zərər üçün ödənilmiş 1500 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar