Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № e-2(026)-543/2024 18.12.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş borc məbləğinə görə 5700 manat pulun, hüquqi xidmətə görə ödənilmiş 320 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 77 manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş qayınatası olmaqla, 2022-ci ilin əvvəllərində iddiaçıdan özünə ev tikmək üçün 10000 manat və 17000 manat olmaqla, ümumilikdə 27000 manat borc pul almışdır. Daha sonra cavabdeh ümumilikdə 27000 manat olan borcundan müəyyən ödənişlər etmiş, sonuncu ödənişi 2023-cü ilin ortalarında iddiaçının kart hesabına köçürmüşdür. Bugünə olan borc məbləği 5000 manat təşkil edir. Bundan başqa, cavabdeh iddiaçıdan öz şəxsi işi ilə əlaqədar 700 manat borc almışdır. Cavabdehin iddiaçıya ümumilikdə 5700 manat miqdarında borcu vardır. Məhkəmə baxış iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmənin baxış iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Ona görə də məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh iddiaçının keçmiş qayınatasıdır. Qızı ilə nikahda olduğu vaxt iddiaçı cavabdehə müəyyən məbləğdə borc məbləğləri vermiş, hazırda isə cavabdehin iddiaçıya ödənilməmiş ümumilikdə 5700 manat borcu qalmışdır. Odur ki, iddia tələbinin tam təmin edilməsini xahiş edir. Məhkəmənin 30 oktyabr 2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh çıxış edərək bildirmişdir ki, iddiaçı onun keçmiş kürəkənidir. O, həqiqətən də, iddiaçıdan 10000 manat məbləğində borc almış, həmin puldan 5000 manat hissəsini sonradan iddiaçının özünə qaytarmış, hazırda iddiaçıya 5000 manat borcu qalmışdır. Odur ki, iddia tələbini 5000 manat borc məbləğinə dair hissədə qəbul edir. Lakin onun iddiaçıya əlavə olaraq 700 manat məbləğində borcu yoxdur. Belə ki, qızı ilə iddiaçı arasında son dövrlərdə mübahisələr baş vermiş, həmin mübahisələrə iddiaçının qardaşı da qarışmışdır. Qızı ilə iddiaçının qardaşı arasında dava-dalaş baş vermiş, onların mübahisəsi polisdə davam etmişdir. Bu zaman mübahisənin həll olunması üçün iddiaçı da bir qədər xərc çəkmişdir. Qeyd etdiyi 700 manat da həmin hadisə ilə bağlıdır. Göründüyü kimi, o, 700 manat məbləğində iddiaçıdan borc almamışdır. Cavabdeh 30 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ona qarşı 5700 manat pul tələbini qismən qəbul edir. Belə ki, ona cəmi 5000 manat borcu var, 700 manat borcu qəbul etmir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2(002)-1020/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə X3 arasında 08 aprel 2009-cu il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 236 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 30 yanvar 2009-cu il təvəllüdlü X6, 07 yanvar 2011-ci il təvəllüdlü X7 və 05 sentyabr 2015-ci il təvəllüdlü X4 anaları X1 yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşağa görə 200 manat olmaqla, 600 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi, alimentin tutulmasının 02 fevral 2024-cü il tarixdən hesablanması qət edilmişdir. İddia ərizəsindən və cavabdehin məhkəmənin hazırlıq iclasında bildirdiklərindən görünür ki, iddiaçı cavabdehə 2022-ci ilin əvvəllərində verdiyi ümumilikdə 27000 manat borc məbləğindən cavabdehin ödənilməmiş 5000 manat borcunun qaldığını, eləcə də daha sonra şəxsi işi ilə əlaqədar verdiyi 700 manat borcun ödənilməmiş qaldığını bildirmiş, cavabdeh isə iddiaçıdan 10000 manat borc aldığını və həmin borcdan ödənilməmiş 5000 manat borcunun qaldığını qəbul etmişdir. Həmin 5000 manat borc məbləğinə dair iddiaçı tərəfin hər hansı sübut təqdim etməmiş olmasına baxmayaraq, cavabdehin məhkəmənin hazırlıq iclasında 5000 manat məbləğində iddiaçıya borcu qalmasını bildirməsi və bununla bağlı yazılı şəkildə ərizə təqdim etməsi MPM-in 106.3-cü maddəsi baxımından iddiaçını 5000 manat borc məbləğinə dair sübut etmə vəzifəsindən azad etmişdir. Odur ki, 5000 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddiaçı əlavə olaraq 700 manat məbləğində borc pulu tələb etməsinə baxmayaraq, həmin məbləğdə cavabdehə borcun verilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsi tələb edir ki, iddiaçı öz tələbinin əsasını təşkil edən halı təsdiq edən sübutları təqdim etməli, bununla sübutetmə vəzifəsini icra etməlidir. Lakin iddiaçı bu vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdeh də həmin hissədə iddia tələbini qəbul etməyərək sözügedən məbləğin ümumiyyətlə borc məbləği olmadığını, iddiaçının həmin məbləği polis şöbəsində arvadının məsələsini həll etməsi üçün ödədiyini qeyd etmişdir. Ona görə də həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci və 740.1-ci maddələrinin tərəflər arasında borc münasibətlərinin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə surəti olan 09 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 77,6 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 67,5 manat hissəsi cavabdehdən tutularaq ona ödənilməli, qalan hissədə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşdə surəti olan “PulPal” ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Vəkil göstərilən hüquqi yardıma görə 320 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə tələb olunan hüquqi yardım xərci məbləğini işin hallarını nəzərə alaraq ağlabatan hesab edir və bildirir ki, göstərilən hüquqi yardımın əvəzi olaraq 320 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 5000 manat məbləğində borc, göstərilən hüquqi yardıma görə 320 manat xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 67,5 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5000 manat məbləğində borc, göstərilən hüquqi yardıma görə 320 manat məbləğində xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67,5 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №e-2(026)-543/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(026)-543/2024
18.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver