Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1781/2025 14.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Feysəl Surxay oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı məcburi pay almaq hüququndan məhrum etmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Hüseyn oğlunun onlara məxsus Quba şəhəri, 29-cu Məhəllə ünvanında yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə münasibətdə mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh onların övladıdır. Onlara məxsus ünvan 2 ünvanında daimi pasport qeydiyyatında olsa da, aralarında yaranmış münaqişə və mübahisələr səbəbindən onu evdən çıxarmışlar və hazırda haradasa kirayədə qalır. Aralarında yaranmış münaqişə və mübahisələrin səbəbi isə onun onları Quba şəhəri, 29-cu Məhəllə ünvanında yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş və xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********18- 10301 reyestr nömrəli çıxarışla iddiaçılardan İddiaçı1 adına qeydiyyata alınmış mülkü onun adına keçirməyini tələb etməsidir. Həmin mülk birgə nikahda əldə edildiyindən onların birgə əmlaklarıdır. Dəfələrlə bununla əlaqədar aralarında ciddi münaqişələr olmuş, cavabdeh tez-tez bu səbəbdən dava-dalaş salmış, onların hər ikisini dəfələrlə söyərək təhqir etmiş, əgər həmin mülkü onun adına keçirməsələr hətta onalara qarşı fiziki zor tətbiq edəcəyini bildirmişdir. Onlar isə həmin mülkü mərhum oğulları X2 övladlarına vermək niyyətindədir. Bununla əlaqədar notariat qaydasında öz iradələrini ifadə etmişlər. Onlardan sonra həmin əmlakdan cavabdehə pay çatmasın deyə onu qanunda nəzərdə tutulmuş məcburi pay almaq hüququndan da mərhum etmək istəyirlər ki, gələcəkdə mərhum övladı Hüseyn Hüseynovun övladlarına problem yarada bilməsin. Onlar qəti qərara gəlmişlər ki, cavabdehin onlara qarşı etdiyi nalayiq hərəkətlərə görə onu vərəsəlik hüququndan və mirasdan məcburi pay almaq hüququndan məhrum etsinlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh onlara məxsus Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə münasibətdə mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi və iddianın təmibn olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Həmçinin məhkəməyə ünvanladığı yazılı notariat qaydada ərizə ilə iddianı qəbul etdiyini bildirmişdir. İİİ. İşin faktiki halları: İş materiallarında olan nikah haqqında V-JQ seriyalı, 463039 №-li şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə Məmmədova (Hüseynova) Həqiqət Hüseynağa qızı arasında nikah 26 aprel 1991-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan AZ-T seriyalı, 294268 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1993-cü ildə Quba şəhərində anadan olmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. İş materiallarında olan 19 aprel 2021-ci il tarixli vəsiyyətnamədən görünür ki, İddiaçı1 və İddiaçı2 özlərinə məxsus olan Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evini X1 və X3 vəsiyyət etmişlər. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, iddiaçıların nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlə hər hansı münaqişənin olmasını təsdiq edən hal movcud deyil. Beləliklə, iddiaçıların cavabdehə qarşı iddia tələbi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 31.3-cü maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətindən tamamilə və ya qismən imtina etməsi və hüquq qabiliyyətinin və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yönəldilmiş digər əqdlər əhəmiyyətsizdir. - 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. - 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. -1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. -1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. -1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. -1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. -1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, .........Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında “mirasda məcburi pay hüququ” ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətlərinin iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Digər tərəfdən notarial təsdiq edilmiş xx.xx.2025-ci il tarixli məcburi paydan məhrum edilməsi ilə bağlı iddanı qəbul etməsinə dair ərizəya münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 31.3-cü maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətindən tamamilə və ya qismən imtina etməsi və hüquq qabiliyyətinin və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yönəldilmiş digər əqdlər əhəmiyyətsizdir. Eyni zamanda məcburi pay hüququ vərəsəlik üzrə keçdiyi üçün digər şəxslərin də gözlənilən hüququnu poza bilər. Mülki Prosesual Məcəllənin 52.5-ci maddəsinə istinad edərək iddianın cavabdeh tərəfindən etiraf edilməsini məhkəmə qəbul etmir və işə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı məcburi pay almaq hüququndan məhrum etmə tələbinə dair iddiası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetrilmədiyindən və iddiaçı qeyd edilən əsaslarla bağlı məhkəməyə sübut təqdim etmədiyindən təmin edilməməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. -77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “məcburi pay almaq hüququndan məhrum edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №e-2(027)-1781/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1781/2025
14.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver