Məhkəmə qərarları › İş №e-2(027)-2029/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2029/2024

17.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2029/2024 17.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 7250 (yeddi min iki yüz əlli) manat məbləğində sığorta ödənişinin, 92.5 (doxsan iki manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqının, cəmi 7342.9 (yeddi min üç yüz qırx iki manat, doxsan qəpik) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən “VAZ 21214” minik markalı 99-X-851 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Quba şəhəri, H.Əliyev prospektində “Mersedes Benz 508” mikroavtobus markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşmuşdur. Hadisə nəticəsində mikroavtobusun sərnişinləri X11, X12 və X4 sağlamlıqlarına zərər dəymiş və yol kənarındakı işıq dirəyinə maddi zərər vurulmuşdur. Hadisə Quba RPŞ tərəfindən qeydə alınaraq, araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Qərara əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş, onun barəsində materiallar AR İXM-in 328.2-ci maddəsi ilə inzibati məsuliyyət tədbirlərinin görülməsi üçün Quba RPŞ DYPB-ə göndərillmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X1 dəyən zərərə görə 3292.95 (üç min iki yüz doxsan iki manat, doxsan beş qəpik), X2 dəyən zərərə görə 1500 (min beş yüz) manat, X3 dəyən zərərə görə 750 (yeddi yüz əlli) manat və işıq dirəyinə dəymiş zərərlə bağlı isə “Təmiz Quba” MKTB-yə 1707.05 (min yeddi yüz yeddi manat, sıfır beş qəpik) manat məbləğində sığorta ödənişi verilmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 7250 (yeddi min iki yüz əlli) manat məbləğində sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna sahib olmuşdur. Bundan başqa, hesab edirik ki, iddianın qaldırılması ilə bağlı dövlət rüsumu və xidmət haqqı da cavabdehdən tutulmalıdır. Bununla bağlı bildiririk ki, 92.5 (doxsan iki manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqının ödənilməsi haqqında qəbz iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 elektron ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə keçiriləcək məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini, iş üzrə məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdеh Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, o heç yerdə işləmir və gəlir yeri yoxdur. Tələb olunan vəsaiti ödəmək qabiliyyətində deyil. Belə ki, 5000 manat sığorta məbləği ayrıldığı halda ondan 7342.9 manat tələb olunur. Hesab edir ki, iddia əsassızdır, təmin edilməməlidir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, PAZ********** saylı icbari sığorta müqaviləsinə görə X7 məxsus “VAZ 21214” minik markalı, **-XE-*** dövlət qeydiyyatı nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığorta məbləğiləriəmlaka vurulan zərərə görə 5000 (beş min) AZN, sağlamlığa vurulan zərərə görə-bir şəxs üçün 5000 (beş min) AZN, bir hadisə üzrə isə 50 000 (əlli min) AZN müəyyən edilmişdir. İş materiallarında olan CML-0049/2023-AKT210/23, CML-0049/2023-AKT212/23, CML- 0049/2023-AKT403/23 və CML-0049/2023-AKT706/23 saylı “Sığorta Aktı”larından görünür ki, xx.xx.2023-cü il tarixində X8 1500 manat, xx.xx.2023-cü il tarixində X9 hesabına 750 manat, xx.xx.2023-cü il tarixində X10 3292.95 manat və “Təmiz Quba” MKTB-nin hesabına 1707.05 manat məbləğində sığorta ödənişi icra edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC vasitəsilə X9 hesabına 750 manat, X6 hesabına 1500 manat, X5 hesabına 3292.95 manat və “Təmiz Quba” MKTB-nin hesabına 1707.05 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan “Ziyan Aktı”ndan görünür ki, “Təmiz Quba” MKTB-nə ümumilikdə 3125, 50 qəpik ziyan dəymişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitələrinin texniki ekspertizası”nın ekspert rəyindən göründüyü kimi, “Mersedes Benz 508” mikroavtobus markalı,**-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 5980 (beş min doqquz yüz səksən) manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAET və TB-nin ekspert rəylərindən göründüyü kimi; xx.xx.2005-ci il təvəllüdlü X4 bədəni üzərində aşkar olunan xəsarətlər - sağ gözünün üst qapağının və sağ yanağının kəsilmiş yaraları iti əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə YNH nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığaın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olduğu müəyyən edilmişdir. xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh bədəni üzərində aşkar olunan xəsarətlər – alt çənəsinin yan səthinin tikişli kəsilmiş yarası küt əşyanın təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə YNH nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığaın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olduğu müəyyən edilmişdir. xx.xx.1962-ci il təvəllüdlü X6 bədəni üzərində aşkar olunan xəsarətlər – alnının sol tərəfinin əzilmiş, çapılmış yarası, iç və tış topuqların yerini dəyişməyən oynaqdaxili sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə YNH nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğu müəyyən edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 dekabr 2022-ci il tarixli qərardan göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinin tələblərinə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməsi, barəsində cinayət işinin başlanması rədd edilməsi, X6 barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti RPŞ-nin DYPB-nə verilməsi, Cavabdeh barəsində inzibati xəta üzrə iş üzrə icraatın başlanmasının rədd edilməsi, toplanmış materialın RPŞ-nin arxivinə təhvil verilməsi və qərarın surəti ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Quba rayon prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarından göründüyü kimi Cavabdeh AE 622416 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş materiallarında olan pretenziya məktubunun surətindən göründüyü kimi, Cavabdeh borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən AsanPay vasitəsilə 92 (doxsan iki) manat 50 (əlli) qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 dekabr 2022-ci il tarixli qərardan göründüyü kimi, 05 dekabr 2022-ci il tarixdə X13 ərizə ilə Quba RPŞ-nə müradət edərək Cavabdeh heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin toplanmış materialda sürücünün özü və avtomobilində olan sərnişin X3 yüngül zərər vurması müəyyən edilmiş, lakin X14 ərizə ilə müraciət edərək sürücü Cavabdeh şikayət və tələbinin olmadığını bildirdiyindən Cavabdeh barəsində Azəıbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati icraatın başlanması rədd edilmişdir. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən idarə edilən “VAZ 21214” minik markalı 99-X-851 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Quba şəhəri, H.Əliyev prospektində “Mersedes Benz 508” mikroavtobus markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşmuşdur. Mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC tərəfindən hadisə nəticəsində sağlamlıqlarına ziyan dəymiş sərnişinlərə və yol kənarındakı işıq dirəyinə, habelə mikroavtobusa zərərə görə sığorta ödənilmişdir. Hazırda iddiaçı olan sığorta şirkəti subroqasiya qaydasında ödənilmiş sığorta ödənişlərini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında” Qanunun 13.1-ci və 13.4-cü maddələrinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən s ığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən həmçinin edilmişdir ki, cavabdeh müvafiq sığorta ödənişinin ödənilməsindən imtina etmiş, buna əsas cinayət işinin başlanmasının rədd edildiyi və sığorta ödənişinin 5000 manatdan artıq olmamasına istinad edilmişdir. İddiaçı "xxxx" ASC 7250 (yeddi min iki yüz əlli) manat məbləğində sığorta ödənişini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 14 aprel 2023-cü il tarixli Qərarına əsasən

1. “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir. 2. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. 3. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər. Göründüyü kimi, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir və sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməzdi. İddiaçı "xxxx" ASC cavabdehin “İcbari sığortalar haqqında” Qanununun məhz hansı maddəsinə əsasən subroqasiya qaydasında məsuliyyət daşıması baxımından iddianın əsasını qeyd etməmişdir. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən azad edildikdən və barəsində cinayət işinin başlanması rədd edildikdən sonra Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti RPŞ-nin DYPB-nə verilməsi müəyyə olunsa da, Cavabdeh məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında protokol, qərar və ya digər mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 65.4-cü maddəsin əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Qeyd edilən 10 dekabr 2022-ci il tarixli qərardan göründüyü kimi, qərarın surətinin Cavabdeh əməlində İXM-nin 328.2-ci maddəsinin tərkibi ilə tədbir görülməsi məqsədilə RPŞ DYPB-ə göndərilməli olması müəyyən olunmuşdur. Yəni qeyd edilən qərarla müvafiq bölməyə inzibati məsuliyyətə cəlb etmə baxımından qəbul ediləcək qərarla bağlı əvvəldən müəyyən olunmuş hər hansı mövqe qoyulmadan verilmişdir və inzibati məsuliyyətə cəlb edilib-edilməmə barədə müvafiq qərarı inzibati orqan öz səlahiyyətləri daxilində fakt üzrə qiymətləndirmə aparmaqla qəbul etməli, həmin qərarın da müvafiq məhkəmədə mübahisələndirilməsi imkanı qanunvericiliklə hər kəs üçün tanınmış hüquqdur. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ qeyd edilən Qanunun 25.1-ci maddəsinə əsasən müəyyən edilmiş hallarda yaranır. 25.1.1-ci maddə: sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda. Yuxarıda qeyd edildiyi kimi, sığorta hadisəsi üzrə inzibati məsuliyyətin istisna edilibedilməməsi və sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olub-olmaması müəyyən olunmur. Habelə, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilərsə, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ sığorta olunana qarşı yaranır. Lakin iddiaçı tərəfindən qeyd edilən halla bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, bununla da məhkəmə araşdırması zamanı həmin halların müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda, sığorta haqqında qanunvericiliyin tələbini əsas götürərək, cavabdehin sığorta şirkəti qarşısında qeyd edilən məbləğdə sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı mülki hüquqi məsuliyyəti müəyyən olunmadığından, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Həmçinin, iddia ilə 92.5 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, qeyd edilən məbləğlər iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i:

İddiaçı "xxxx" ASC nin Cavabdeh 7250 (yeddi min iki yüz əlli) manat məbləğində sığorta ödənişinin, 92.5 (doxsan iki) manat, 50 (əlli) qəpik məbləğində dövlət rüsumunun və 0.4 (qırx) qəpik məbləğində xidmət haqqının, cəmi 7342 (yeddi min üç yüz qırx iki) manat, 90 (doxsan) qəpik pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar