Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2313/2024 19.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı törətdiyi avtoqəza nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 2577,00 manat məbləğində maddi zərərin, həmçinin tərəfindən ödənilmiş 49 manat dövlət rüsumunun və vəkil xidməti üçün ödədiyi 350 manat rüsumun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 18:15 radələrində Cavabdeh idarə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz 2103” minik markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomaşınla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbini pozaraq, mülkiyyətində olan “Hyundaı Sonata” minik markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq ona maddi zərər vurmuşdur. Faktla əlaqədar olaraq araşdırılma aparılmış, cavabdeh şəxsin barəsində AR İXM-nin 327.2-ci,332.4-cü maddələri ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, təqsirli bilinirək 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Qeyd edir ki, mülkiyyətində olan “Hyundaı Sonata” minik markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomaşına 2577,00 manat məbləğində zərər dəymişdir. Həmin zərəri cavabdehden tələb etsə də, ona hər hansı ödəniş etməmişdir. O, könüllü olaraq avtomaşına vurduğu zərəri ödəmək istəməmişdir. Dəfələrlə ondan pulunu tələb etsə də, heç bir müsbət nəticə olmamışdır. Ona görə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, dəymiş maddi zərərə görə 2577,00 manat məbləğində pul cavabdehden tutularaq ona verilməlidir. Həmçinin dövlət rüsumu kimi ödədiyi 49 manat və vəkil xidməti üçün ödədiyi 350 manat rüsum da cavabdehə aid olunmalıdır. İddiaçının nümayəndəsi qismində vəkili Vəkil məhkəmə iclasında izhatında bildirmişdir ki, cavabdehin nə sürücülük hüququ, nə də kasko sığortası vardır. Onun təqsirli hərəkəti nəticəsində iddiaçıya zərər dəymişdir. Buna baxmayaraq o dəyən zərəri də qaytarmamışdır. Daha sonra ərizə ilə müraciət edərək, onun iştirakı olmadan işə baxaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, maddi imkanı olmadığından zərəri qarşılaya bilməmişdir. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialında olan İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 18:15-də idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 2106” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri Azərbaycan küçəsi istiqamətinə çıxarkən, “Hyundai Sonata” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı hüquqi yardıma görə 350 (üç yüz əlli) manat vəsait, məhkəməyə iddianın verilməsi üçün 49 (qırx doqquz) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan “Auto Azərbaycan” Servis mərkəzinin AA041/1100 xx.xx.2024-cü il tarixli aktından göründüyü kimi, “Hyundai Sonata” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpasına 2577 manat vəsai tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehin idarə etdiyi nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarının pozması iddiaçıya məxsus avtomobilə maddi ziyan vurulması ilə nəticələnmişdir. Cavabdeh yol nəqliyyat hadisəsi ilə bağlı təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə məhkəmə iş üzrə müvafiq sübutları əsas götürərək, habelə iddiaçıya maddi ziyanın vurulması, vurulmuş ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi, vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olmasını nəzərə alaraq, hesab edir ki, iddiaçı cavabdehə qarşı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, iddiaçı iddia tələbinin əsası kimi əmlaka cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində 2577 manat məbləğində maddi ziyan vurulduğunu, cavabdeh tərəfindən ona pul ödənilmədiyin kimi hallara istinad etmişdir. Cavabdeh isə iddia tələbinə münasibətində zərər məbləğinin ödəyə bilməməsini maddi imkanının olmaması ilə əsaslandırmışdır. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh məhz 2577 (iki min beş yüz yetmiş yeddi) manat maddi ziyanın tutulması hissəsində əsaslı olmaqla təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). İddiaçı həmçinin hüquqi yardıma görə ödənilmiş 350 (üç yüz əlli) manat vəsaitin, iddianın verilməsi üçün ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220,
227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh 2577 (iki min beş yüz yetmiş yeddi) manat maddi ziyan, hüquqi yardıma görə ödənilmiş 350 (üç yüz əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 49 (qırx doqquz) manat olmaqla, cəmi 2976 (iki min doqquz yüz yetmiş altı) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev