Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2398/2021 07.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi, Həsənov Rahim Təşəkkül oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1407 (bir min dörd yüz yeddi) manat zərər məbləğinin və ödənilmiş 34,07 (otuz dörd manat yeddi qəpik) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1441,07 (bir min dörd yüz qırx bir manat yeddi qəpik) manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 03.08.2019-cu il tarixdə, saat 13:45 radələrində Quba yolu, Qonaqkəndində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, cavabdeh tərəfindən idarə edilmiş "VAZ-2106" markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil, “VAZ-21074” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. "VAZ-2106" markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 24.09.2018-ci il tarixindən 24.09.2019-cu il tarixinə qədər PXA********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. Hadisə ilə bağlı Quba RPŞ DYPB-nin 17.08.2019-cu il tarixli, ***-*******6-1219 saylı YNH-nin təfərrüatları barədə Arayışdan, 03.08.2019-cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında Protokoldan, 15.08.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, həmin hadisənin törədilməsində cavabdeh AR İXM-nin 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi), 327.2-ci (əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması) və 332.4-cümaddələri (İXM-nin332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması) ilə təqsirli şəxs kimi tanınmışdır. 20.09.2019-cu il tarixli 3913 nömrəli ödəniş tapşırığından çıxarışdan görünür ki, PXA50367 saylı Sığorta Aktına əsasən zərərin məbləği olaraq 1407 manat sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkmiş şəxs X1 bank hesabına ödənilmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında əlavə olunmuş "xxxx" ASC-nin PXA50367 saylı sığorta aktından görünür ki, zərərçəkən şəxs X2 yol nəqliyyat hadisəsi zamanı 1407 manat ziyan dəymişdir. İş materiallarından görünür ki, 03.08.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxs X1 hesabına "xxxx" ASC tərəfindən 1407 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş Quba RPŞ DYPB-nin İXP ******* saylı inzibati xəta haqqında protokol və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh 03.08.2019-cu il tarixdə idarə etdiyi "VAZ-2106" markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 327.2, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş xəta törətmiş, 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1407 manat zərər məbləği və məhkəmənin hesabına köçürülmüş 34,07 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİM: İddia təmin edilsin. İddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1407 (bir min dörd yüz yeddi) manat zərər məbləği və ödənilmiş 34,07 (otuz dörd manat yeddi qəpik) manat məbləğində dövlət rüsumu, ümumilikdə 1441,07 (bir min dörd yüz qırx bir manat yeddi qəpik) manat pul məbləği Cavabdeh tutularaq "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-2398/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2398/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver