Məhkəmə qərarları › İş №e-2(027)-346/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-346/2023

15.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-346/2023 15.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı öhdəliyin icra edilməməsinə görə pul tələbinə dair ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)-5314/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş 78.366 manat əsas borc məbləğinə hesablanan 39.183 (otuz doqquz min yüz səksən üç) manat Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış illik 5 faiz məbləğində vəsaitin və mənəvi zərərin əvəzi kimi 10.000 manat (on min) məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 238 manat məbləğində pulun, cəmi 49.421 manat (qırx doqquz min dörd yüz iyirmi bir) məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2011-ci ildə Cavabdeh və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, 78366 manat məbləğində borcun və həmin borca görə hesablanmış 8228,40 manat məbləğində faizin və ödənilmiş dövlət rüsumunun əvəzəi olaraq 20 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)-5314/2011 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh borca görə 78.366 manatvə həmin borca hesablanmış 8224.40 manat, cəmi 86594.40 manat və 20 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1711/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)-5314/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2012-ci il tarixli icra vərəqəsi verilmiş, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Zaur Əzizov tərəfindən xx.xx.2013-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra icraatı çərçivəsində məcburi icra tədbirlər həyata keçirilmiş, lakin borclu qanuni qüvvəsini almış məhkəmə qərarı üzrə öz öhdəliklərini yerinə yetirməməmiş və məhkəmə qərarı üzrə pul vəsaitini iddiaçıya ödəməmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirəm ki, 39.183 manat maddi ziyanın və 10.000 manat mənəvi ziyanın Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməlidir. 2012-ci ildə qanuni qüvvəsini almış məhkəmə qətnaməsini cavabdeh icra etmədiyindən iddiaçı mənəvi sarsıntı keçirmişdir. Bu səbəbdən hesab edir ki, cavabdeh vurulmuş mənəvi ziyana görə 10.000 manat məbləğində pulu iddiaçıya ödəməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş materiallarına əlavə edilən qətnamədən görünür ki, 78.366 manat məbləğində pul vəsaiti cavabdehə 2009-cu ildə verilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini 2012-ci ildə almışdır. Cavabdeh 10 ildir ki, (2012-2022) iddiaçının pul vəsaitini qaytarmamışdır. 78.366 manata illik 5% faiz olmaqla hesablanan məbləğ 1 il üçün 3918.3 manat təşkil edir (78.366x5:100= 3918.3). Həmin məbləği 10 il müddətinə hesabladıqda 39.183 manat təşkil edir (3918.3x10=39.183). Cavabdeh Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)-5314/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş pul vəsaiti qaytarmadığına görə 39.183 manat məbləğində əsas borca hesablanmış illik 5 % olmaqla hesablanan məbləği ödəməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, məhkəmə iclasına gəlməyən İddiaçı vəkili və səlahiyyətli nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək, həmin ərizədə iddia tələbini müdafiə etdiyini və məhkəmə baxışının iştirakları olmadan keçirilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddələrinə əsaslanaraq, hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1711/2012 saylı 26 aprel 2012-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5314/2011 saylı mülki iş üzrə qəbul etdiyi 27 dekabr 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Mülki işin materiallarında olan 03 fevral 2013-cü il tarixli icraata başlmaq haqqında qərardan görünür ki, icra məmuru həmin tarixdə 2(103)-1711/2012 saylı 26 aprel 2012-ci il tarixli icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğunu müəyyən edərək, icraata başlamaq haqqında qərar qəbul etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 240 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2011-ci il tarixliqətnaməsi ilə Cavabdeh borca görə 78366 manat və həmin borca hesablanmış faizə görə 8228,40 manat, cəmi 86594,40 manat və 20 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1711/2012 saylı 26 aprel 2012-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5314/2011 saylı 27 dekabr 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış, həmin qətnamə icraya yönəlmiş, iş üzrə Cavabdeh öz öhdəliklərini yerinə yetirməməmiş borcunu ödəməmişdir. Həmçinin, iddiaçı hazırki iddianın qaldırılması üçün 240 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarının 2-ci bəndinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı 78.366 manat əsas borc məbləğinə illik 5 (beş) faiz olmaqla hesablanan 39.183 (otuz doqquz min yüz səksən üç) manat məbləğində pul tələbi əsaslıdır və təmin olunmalıdır. İddiaçı həmçinin cavabdehdən 10000 manat məbləğində mənəvi zərər tələb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında da göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Məhkəmə göstərilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, qanunda zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş olduğu hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin real olması və bununla əlaqədar əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsəsən “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına əsasən “Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Zərər tələb edilərkən, zərər tələb edən şəxs, yəni iddiaçı bu zərərin göstərilən məbləğdə olması, həmin zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş yaranması, zərərlə cavabdehin qanunsuz hərəkətlər arasında səbəbli əlaqənin olması və zərər vurulmasında cavabdehin təqsirli olmasını sübut etməlidir. Bu halları da qanun görə iddiaçı sübut etməlidir. İddiaçı cavabdeh X1 10000 manat məbləğində mənəvi zərər tələb etsə də, iddiaçının hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, bunun nəticəsində ona cavabdeh tərəfindən 10000 manat məbləğində mənəvi zərər vurulması, cavabdehin hansısa qanunsuz hərəkətləri ilə bu mənəvi zərər arasında səbəbli əlaqənin olması və bu məbləğdə mənəvi zərərin vurulmasında cavabdehin təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də 10000 manat mənəvi ziyan tələbi hissəsində iddia əsassızdır və təmin olunmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddia qismən təmin olunduğu üçün cavabdehdən 188,70 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2011-ci il tarixli, 2(006)-5314/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 78.366 manat əsas borc məbləğinə illik 5 (beş) faiz olmaqla hesablanan 39.183 (otuz doqquz min yüz səksən üç) manat məbləğində pul və 188,70 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2011-ci il tarixli, 2(006)-5314/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 78.366 manat əsas borc məbləğinə illik 5 (beş) faiz olmaqla hesablanan 39.183 (otuz doqquz min yüz səksən üç) manat məbləğində pul və 188,70 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar