Məhkəmə qərarları › İş №e-2(027)-487/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-487/2023

18.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-487/2023 18.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nə qarşı əmlakın cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh2 16 sentyabr 2019-cu il tarixli aktda göstərilən, dəyəri 59000 ABŞ dolları olan bir ədəd 4 rəng Roland çap avadanlığı, dəyəri 44000 ABŞ dolları olan bir ədəd 70/100 BOBTS Vupa kəsim avadanlığının və məhkəmə üçün ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə 2019-cu ildə Türkiyə Respublikasına səyahət edərkən tanış olmuşdur. Türkiyə Respublikasında olarkən ailə üzvləri arasında yaxın münasibət yaranmışdır. Cavabdeh ona "xxxx" MMC-nin direktoru olduğunu bildirmiş və iş təklif etmişdir. Belə ki, fabrikin gəlirli fəaliyyət göstərə bilməsi üçün maliyyə vəsaiti və avadanlıqlar lazım imiş. Bu sahədə istifadə edilən yüksək gəlir gətirəcək bahalı avadanlıqlar olduğunu, lakin onlara almağa vəsaiti olmadığını bildirmiş, ona fabrikin fəaliyyət göstərə bilməsi üçün onu maliyyələşdirməsini, beləcə fabrikin gəlirlərinə şərik olacağını bildirmişdir. Cavabdeh ona lazım olan avadanlıqla alınarsa həmin avadanlıqla ayda 30000 manat gəlir gətirəcək ki, onun da yarısı olan 15000 manat hər ay ona veriləcəyini bildirmişdir. O, razılaşmış və fabriki maliyyələşdirməyə başlamışdır. Ona fabrikin onun maliyyələşdirilməsindən faydalandığı müddətdə, habelə aldığı avandanlıqla onun istifadəsində olduğu müddətdə onun gəlirinin yarısına şərik olacağı, gəlirin yarısını ona veriləcəyi bildirilmişdir. Bu şərt direktorun imzaladığı və fabrikin möhürü ilə təsdiqlənmiş xx.xx.2019-cu il tarixli aktda da öz təsdiqini tapmışdır. Beləliklə o dəyəri 103000 ABŞ dolları olan avadanlıqları (bir ədəd 4 rəng Roland çap avadanlığı – 59000 ABŞ dəyərində və bir ədəd 70/100 BOBTS Vupa kəsim avadanlığı -44000 ABŞ dolları dəyərində) alıb fabrikin istifadəsinə vermişdir. Habelə xammalın alınması və fabrikin maliyyələşdirilməsi üçün müxtəlif vaxtlarda cavadbeh Cavabdeh2 cəmi manatla ifadədə (pulun bir hissəsini ABŞ dolları ilə vermişdir) 175100 manat pul vəsaiti vermişdir. Cavabdeh onu şərik etsə də, onun bildirdiyi gəlir vəd etdiyi gəlirdən az idi. Məsələn 2019cu ilin oktyabr ayında bir aylıq gəlirin yarısı olaraq 2974 manat vermişdir. O, cavabdehin gəlirlərini ondan gizlətdiyini şübhələnməyə başlamışdır. Bununla bağlı narazılıqları ifadə edəndə sonra cavabdeh 2021-ci ilin yanvar ayı üçün ona bir aylıq gəlir olaraq 7116 manat pul vermişdir. O, fabrikin mühasibatlıq sənədləri ilə maraqlanmağa cəhd etmiş, bundan sonra cavabdeh tamamilə ondan yayınmağa başlamışdır. Onu fabrikə buraxmamış və telefon zənglərinə cavab verməmişlər. Məcbur qalıb hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Bundan sonra cavabdeh ondan aldığı pul vəsaitinin təsdiqi olaraq xx.xx.2021-ci il tarixdə borcun etirafı haqqında iltizam imzalayıb ona vermiş və pulun 2022-ci ilin iyun ayının sonunadək ödəyəcəyini vəd etdi. Lakin vədinə əməl etmədi. Belə ki, cavabdeh bu vaxtadək həmin puldan sadəcə 120000 manat qaytarıb, 55100 manat qalmaqdadır. Habelə ona məxsus avadanlıqlar fabrikin istifadəsindədir və ondan gəlir götürülür. Ona məxsus avadanlıqların aylıq ən aşağı gəliri 6000 manat, yuxarı gəliri 14000 manat olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 iddia ərizsəində yazılanlara uyğun izahat verərək və iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək məhkəməyə verdiyi izahatında bildirdi ki, iddia ərizəsində qeyd edilənlərin əksinə olaraq iddiaçı ilə cavabdeh 2019-cu ilin avqust ayında Türkiyə Cumhuriyyətinə gedəndə təyyarədə tanış olmuşlar. Türkiyədə olduqları müddətdə iddiaçı ilə təsadüfən qaldıqları otelin eyni olmasına görə aralarında münasibətlər yaranmışdır. İddiaçı ondan nə iş gördüyünü soruşmuş, iddiaçıya karton fabrikinin olduğunu, gördüyü işlə bağlı ilə danışmışdır. İddiaçı ona işi böyütməyi, əlavə avadanlıqların alınması üçün pul verməyə hazır olduğunu bildirmişdir. Elə həmin vaxt yeni tanış olduğu bir şəxsə bu cür təklif verilməsinin qeyri adi olduğunu və bu təklifdə başqa bir məqsəd gizləndiyindən şübhələnmişdir. Lakin iddiaçı o dərəcədə özünü səmimi göstərmişdir ki, iddiaçıdan şübhələnməyinə belə utanmışdır. Lakin iddiaçının təklifini düşünəcəyimi bildirmişdir. Azərbaycan Respublikasına qayıtdıqdan bir müddət sonra iddiaçı onun fabrikinə gələrək avadanlıqlar üçün 103000 (yüz üç min) ABŞ dolları Azərbaycan pulu ilə təxminən 175100 (yüz yetmiş beş min yüz) Azərbaycan manatı məbləğində pulu ona vermişdir. İddiaçının ona etdiyi bu təklifi onu tora salmaq olduğunu sonralar aldanandan sonra bilmişdir. O, avadanlıq alınması üçün Türkiyə Cumhuriyyətinə getmiş və bir həftə axtarışlarından sonra avadanlıqları tapmış, həmin avadanlıqları gətirərək zavodda quraşdırmışdır. Həmin avadanlıqların gətirilməsi, gömrükdən keçirilməsi, burada quraşdırılması xərclərini özü çəkmişdir. Avadanlıqlar quraşdırıldıqdan sonra oktyabr ayından avadanlıqlarla məhsullar istehsal edilməyə başlamışdır. Avadanlıqların xərclərini, xammalın alınması isə onun öhdəsində idi. İşə başladıqları müddətdən sonra həmin avadanlıqlardan əldə etdiyi gəlirdən xərclər çıxıldıqdan sonra təmiz gəlirin yarını iddiaçıya vermişdir. Bir müddət işlədikdən sonra iddiaçının qazancla bağlı mübahisə yaratmaq istəyini görüb pulu kart vasitəsilə göndərmişdir. Göndərdiyi pulların çeklərini də məhkəməyə təqdim etmişdir. Lakin get-gedə iddiaçının təqsiri üzündən aralarında mübahisə böyümüşdür. Nəhayət aralarındakı mübahisəyə görə polis şöbəsinə getmişlər. Bundan sonra aralarında heç bir ortaqlıq qala bilməzdi. İddiaçıya fabrikə verdiyi avadanlıqlara görə 103000 (yüz üç min) ABŞ dolları Azərbaycan pulu ilə təxminən 175100 (yüz yetmiş beş min yüz) Azərbaycan manatı məbləğində pulun ilkin olaraq 20000 (iyirmi min) manatını dərhal, daha sonra isə 100000 (yüz min) manatını qaytarmışdır. İddiaçının iddia ərizəsində qeyd etdikləri tamamilə yalan və əsassızdır. Ona görə ki, iddiaçıya ortaqlığı o yox iddiaçı təklif etmişdir. Bundan başqa iddiaçı ona avandalıqların pulu kimi verdiyi 103000 (yüz üç min) ABŞ dolları Azərbaycan pulu ilə təxminən 175100 (yüz yetmiş beş min yüz) Azərbaycan manatı məbləğində puldan başqa heç bir manat məbləğində pul verməmişdir. Ona verdiyi avadanlıqlara görə akt tərtib etdirən, qazanca şərik olmaqla bağlı akt tərtib etdirən iddiaçı niyə görə ona verdiyini iddia etdiyi 175100 manat məbləğində pula görə heç bir sənəd imzalatmamışdır? İddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.2021-ci il tarixli iltizam isə aralarındakı mübahisə ilə bağlı Nərimanov rayon Polis İdarəsində avadanlıqlara görə verdiyi iltizamdır. Bunu iş materialları ilə də müəyyən etmək olar. İddiaçı nəinki ona xammal üçün və fabrikin maliyyəşdirilməsi üçün pul verib, əksinə məni tora salıb əlavə avadanlıq aldırdıqdan sonra o küllü miqdarda ziyana düşmüşdür. Bundan başqa iddia ərizəsində qeyd edilənlərin əksinə olaraq fabrikdə təkcə iddiaçının verdiyi pulla aldığı avandanlıqlar olmamış, başqa avandanlıqlarda olmuşdur, hansı ki, o iddiaçı ilə tanış olmamışdan qabaq həmin avadanlıqlara gəlir əldə edirdi. İddia ərizəsində göstərilənlərin əksinə olaraq həmin avadanlıqlardan 6000-14000 arası gəlir əldə etməmişlər. Nə əldə etmişlər onun yarısını iddiaçıya vermişdir. Bundan əlavə iddiaçıya ona verdiyi avadanlıqlara görə cəmi 50000 manata yaxın pul qalmışdır. İddiaçı ondan avadanlıqları tələb etməsi qanunsuzdur. Həmin avadanlıqların pulu verilmişdir, həmçinin avadanlıqlar ona ziyan vurulmadan götürülə bilməz. Həmin avadanlıqlar götürülərsə fabrikin fəaliyyəti dayanacaqdır. Hansı ki, fabrikdə onlarla adam işləyir, ailələrinə qazanc aparırlar.Qalan 50 min manatı ödəməyə hazırdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, aşağıda göstərilən avadanlıqlar İddiaçı tərəfindən dəyərləri ödənilərək şirkət balansında keçirilmişdir. Qarşılıqlı alğı satqı olmadığı müddətcə adı keçən avadanlıqla İddiaçı aiddir. İşləmə prinsipləri qarşılıqlı razılaşdırılmış qaydada tam ortaq olaraq çalışdırılacaqdır. Tədbiq edilmiş işləmə maliyyətindən əldə olunan qazanc şirkət və İddiaçı arasında iki hissəyə bölünəcəkdir. Çap xidmətinin dəyəri 1 list 70/100 ölçülü üçün - 0,06 azn, kəsim xidmətinin dəyəri 1 list 70/100 (400 qrama qədər) ölçü üçün 0,02 azn. Kəsim xidməti 2mm lik mukavva karton 70/100 ölçüdə - 0, 07 azn. Bir ədəd 4 rəng Roland çap avadanlığı 59000 ABŞ dolları, bir ədəd 70/100 BOBST Vupa kəsim avadanlığı 44000 ABŞ dolları, ümumi dəyəri 103000 (yüz üç min) ABŞ dolları olan avadanlıqların nəqliyyat xərcləri, gömrük rüsumları və quraşdırma xərcləri AKQQF-ə (Azərbaycan katron qutu və qablaşdırma fabriki) aiddir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 001 nömrəli qaimədən görünür ki, kəsim üçün AKQQF (Azərbaycan katron qutu və qablaşdırma fabriki)-nə 2974 manat məbləğində pul verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, AKQQF (Azərbaycan katron qutu və qablaşdırma fabriki) və İddiaçı Elbəli oğlu arasında əldə olunan razılaşmaya əsasən çap və kəsim fəaliyyətindən əldə olunan aylıq maddi qazancın təhvil verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixə hesablanmış qazanc 7116 manat təşkil edir. İş materiallarında olan Cavabdeh2 tərəfindən Nərimanov rayon Polis İdarəsində verilmiş xx.xx.2021-ci il tarixli iltizamdan da görünür ki, İddiaçı 175100 manat pulu hər ayın 30-na kimi 2022-ci ilin iyn ayının 30-dək tam ödəyəcəyini öhdəsinə götürür. İlkin olaraq 20000 manat məbləğində pulu 2021-ci ilin dekabr ayının 28-nə kimi ödəyəcəkdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktlarından görünür və hesabat dəftərlərindən görünür ki, AKQQF (Azərbaycan katron qutu və qablaşdırma fabriki)-nin fəaliyyətindən əldə olunan aylıq gəlirin yarısı İddiaçı ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, AKQQF (Azərbaycan katron qutu və qablaşdırma fabriki)-nə Roland 600 və Vupa aqreqatları vardır. İddiaçının ondan tələb etdiyi aqreqatlar digər aqreqatlar ilə birlikdə işləyir, məhsul istehsal edir. Həmin aqreqatlar fabrikdən götürülərsə, fabrikin fəaliyyəti dayanacaq, məhsul istehsal edə bilməyəcəkdir. Həmin aqreqatların fəaliyyəti dayandırılmadan götürülməsi mümkün deyildir. Bundan başqa iddiaçı tərəfindən alınan 175000 AZN həcmində məbləğin 120000 geri qaytarılmışdır. İş materiallarında olan qeydiyyat cədvəlindən görünür ki, Cavabdeh2 İddiaçı xx.xx.2020-ci il tarixdə 2000 manat, xx.xx.2020-ci il tarixdə 5000 manat, xx.xx.2020-ci il tarixdə 3000 manat, xx.xx.2020-ci il tarixdə 3200 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat, xx.xx.2020-ci il tarixdə 7000 manat, xx.xx.2020-ci il tarixdə 6000 manat, xx.xx.2020-ci il tarixdə 9000 manat (6000 diamed, 3000 çap), 2020-ci ilin sentyabr ayında 4832 manat (çap), 3000 manat (diamed), 2020-ci ilin oktyabr ayı üçün 3000 manat (diamed), 1500 manat (çap kəsim), 3800 manat (çap kəsim), 2020-ci ilin noyabr aylı üçün 8840 manat məbəğində ödəniş etmişdir. Beləliklə tərəflərin izahatları, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin, işdə olan sübutların və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə avadanlıqların alınması üçün ABŞ dolları ilə məzənnə nisbətində 175100 manat pul verilmiş, cavabdeh öz hesabına Türkiyə Cumhuriyyətindən həmin avadanlıqları gətirmiş, quraşdırmış, tərəflər birlikdə ümumi fəaliyyət göstərmiş, cavabdeh iddiaçıya birgə fəaliyyət göstərdiyi müddətdə ödənişlər etmiş, sonradan aralarında münasibətlər pozulduqdan sonra cavabdeh avadanlıqların dəyərindən 120000 manatı pulu ödəmiş, avandanlıqların dəyərindən 55100 manat məbləğində pul qalmış, tərəflər arasında alğı-satqı baş tutmuş, cavabdeh avadanlıqların dəyərindən qalan 55000 manatı ödəməyə etiraz etməmiş, lakin iddiaçı hüququndan suiistifadə edərək avadanlıqların özünü tələb etmişdir. Həmçinin məhkəmə iclasdında o da müəyyən olundu ki, iddiaçının göstərdiklərindən fərqli olaraq cavabdeh birgə fəaliyyət göstərdiyi müddətcə ididaçıya qazancının yarısını ödəmişdir. Hər şeydən əvvəl, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə hazırkı mübahisənin hüquqi tənzimlənməsi ilə bağlı aşağıdakı maddi hüquq normalarına istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə isə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 157-ci maddəsinə istinad edir. Belə ki, ilk əvvəl nəzərə almaq lazımdır ki, hazırkı işdə olduğu kimi, əşyaların tələbi ilə bağlı hallarda, ümumi qaydaya müvafiq olaraq-«sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərədə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki: Birinci- tələb olunan əşya mövcuddur; İkinci- tələb olunan əşya iddiaçıya məxsusdur; Üçüncü- tələb olunan əşya cavabdehdədir; Dördüncü- tələb olunan əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, O, qanunsuz sahibdir. Yalnız qeyd olunan bu halların, həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübutetmə ardıcıllığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlamasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir. Məlum məsələdir ki, iddiaçı yalnız mövcudluğu sübut olunan əşyanın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır. Tələb olunan əşyanın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əşyanın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əşyanı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər. (Mülki Məcəllə, maddə 157.2, 157.8, 164.2.) Əşyanın mövcudluğunu və özünə məxus olduğunu sübut etmiş iddiaçı, növbəti mərhələdə tələb olunan əşyanın məhz cavabdehdə olmasını, başqa sözlə, cavabdehin həmin əşyanı özündə saxlamasını sübut etməlidir. Çünki qanunun mənasına görə iddia tələbinin yönəldiyi şəxs (fiziki və ya hüquqi), yəni irəli sürülmüş tələbə cavab verməli olan şəxs, başqa sözlə, mübahisənin həlli bilavasitə ixtiyarından və iradəsindən asılı olan şəxs cavabdeh hesab olunur. İddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə, iddia təmin oluna bilməz. (Mülki Prosessual Məcəllə, maddə 50.4, 54.1, 54.2.) Bununla belə, iddiaçı tərəfindən birinci üç halın-əşyanın mövcud olmasının, onun iddiaçıya məxsus olmasının və nəhayət onun cavabdehdə qalmasının- sübut olunması, hələ öz-özlüyündə iddianın təmini üçün yetərli sayıla bilməz. Bunun üçün sonuncu halın, yəni əşyanın cavabdehdə qalmasının, başqa sözlə, iddiaçının tələb etdiyi əşyanı cavabdehin özündə saxlamasının qanunsuz olması da sübut olunmalıdır. Çünki qanun yalnız qanunsuz sahiblikdən əşyanın geri tələb edilməsini nəzərdə tutur. (Mülki Məcəllə. 157.2 və 164.2-ci maddələr.) Mümkündür ki, iddiaçıya məxsus əşya cavabdehdə olsun, lakin cavabdehin onu özündə saxlaması, başqa sözlə, cavabdehin həmin əşyaya sahibliyi qanuni olsun. Lakin iş materillarından görünür ki, cavabdeh həmin əşyalara görə iddiaçıya pul ödəmişdir. Belə ki əmlakın dəyərinin 2/3 iddaçıya ödənilmiş, iddiaçı qeyd edilən pulu qəbul etmişdir. Göründüyü kimi cavabdehi qeyd edilən əmlakların qanunsuz sahibi kimi qəbul etmək olmaz. Həmçinin həmin əmlakların xaricdən gətirilməsi və quraşdırılması xərcini də cavabdeh çəkib. Göründüyü kimi, istinad olunan hallarda qeyd edilən əmlakın cavabdehdə qalması, başqa sözlə, cavabdehin həmin əmlakı özündə saxlaması və ona sahiblik etməsi qanunsuz deyildir. Sadəcə tərəflər arasında əmlakın dəyəri ilə bağlı mübahisə mövcuddur ki, o da hazırki iddanın predmeti deyildir. Hazırki tələb təmin edildiyi təqdirdə cavabdeh və qeyd edilən fabrikdə işləyənlər daha çox ziyan çəkə bilərlər. Çünki,cavabdehin iddiaçıya verdiyi 120 min manatın və qeyd edilən fabrikdə işləyən şəxslərin, onların ailə üzvlərinin taleyi 55 min manatdan aslı edilə bilməz. Bu hüquqlardan sui istifadə olacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eyni zamanda hüquqdan sui-istifadəni qadağan edən Mülki Məcllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe Avropa Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervsog Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddia təmin edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nə qarşı əmlakın cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-nə qarşı əmlakın cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar