Məhkəmə qərarları › İş №e-2(027)-542/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-542/2023

07.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-542/2023 07.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC məhkəməyə iddia ərizəsilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 534 (beş yüz otuz dörd) manat 20 (iyirmi) qəpik , həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) bir neçə dəfə istifadə etmiş, cavabdehin hesabı mənfiyə düşmüşdür. Cavadehin hesabına xx.xx.2020-ci il tarixdə 265,18 ABŞ dolları bir bundan əlavə eyni tarixdə 265,18 ABŞ dolları vəsait daxil olmuşdur. Lakin texniki səhvə gərə həmin məbləğlər karta 2 dəfə oturmuşdur. İkinci dəfə karta mədaxil edilmiş pul vəsaitləri yəni 212,15 ABŞ dolları (398,16 manat) və 265 ABŞ dolları (497,68 manat) cavabdehə aid deyildir. Lakin cavabdeh buna baxmayaraq həmin məbləğlərdən istifadə etdiyindən kart mənfiyə düşmüşdür. Həmin məbləğlər Bu səbəbdən də cavabdeh tərəfindən aparılmış əməliyatlar nəticəsində 895.20 manat ona aid olmayan puldan istifadə etmişdir və kart mənfiyə düşmüşdür. Həmin borcdan xx.xx.2021-ci il tarixdə 341 manat, xx.xx.2021-ci il tarixdə isə 20 manat qaytarılmışdır. (kart hesabından çıxarış əlavə edilir). Nəticədə Cavabdeh banka cəmi 534 (beş yüz otuz dörd) manat 20 (iyirmi) qəpik ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmişdir. Dəfələrlə özü ilə əlaqə yaradılmış, bildirmişdir ki, həmin vaxtı istifadə etmişdir, lakin hazırda pulu bir dəfəyə ödəməyə imkanı yoxdur. Qeyd edilən borcun hissə-hissə ödəməsinə razıdır. Lakin borclu tərəfindən bu günə kimi qalan məbləğlə bağlı heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi Elsəvər Əkbərov ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan ödəniş kartı üzrə çıxarışdan göründüyü kimi, Cavabdeh plastik kart istifadəçisi kimi “Debet CLASSİK” plastik kartdan istifadə etmiş və həmin hesaba xx.xx.2020-ci il tarixdə 265,18 ABŞ dolları, eyni tarixdə yenidən 265,18 ABŞ dolları vəsait daxil olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh qeyd olunan vəsaitin 5 (beş) təqvim günü ərzində karta mədaxil edilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İşə əlavə olunan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinə görə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh ******************** hesab nömrəli plastik kart istifadəçisidir və həmin hesaba hüquqi əsas olmadan 212,15 ABŞ dolları (398,16 manat) və 265 ABŞ dolları (497,68 manat) mədaxil olunmuşdur. Ümumilikdə 895.20 manat vəsaitdən 361 manat qaytarılsa da, 534 (beş yüz otuz dörd) manat 20 (iyirmi) qəpik qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Qeyd edilən Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi irəli sürülən məbləğ üzrə varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası müəyyən olunmadığından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Ona görədə cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi vəsaiti iddiaçının xeyrinə ödəməlidir. Beləliklə iddia bu hissədə əsaslı olmaqla təmin olunmalıdır. İddia ilə əsassız varlanma nəticəsində əldə etdiyi vəsaitin ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin tutulması xahiş olunmuşdur. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin oluna bilməz. Belə ki, iddia bu hissədə pul vəsaitinin tutulması haqqında olmaqla ödəniləcəyi gün müəyyən deyildir və hazırki vaxta hesablanan faizlərlə bağlı hər hansı sübut təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 534 (beş yüz otuz dörd) manat 20 (iyirmi) qəpik və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar