Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-614/2022 13.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4976,46 manat məbləğində vurulmuş zərər və 69,76 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 5046, 22 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “MİTSUBİSHİ L200” markalı, 90–NL–668 dövlət nömrə nişanlı avtomobil 24.06.2020-ci ildən 24.06.2021-ci ilədək "xxxx" ASCdə icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 22.06.2020-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il avqustun 07-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “MİTSUBİSHİ L200” markalı, 90– NL–668 dövlət nömrə nişanlı avtomobillə Quba rayonu, Susay–Xınalıq yolunda “MİTSUBİSHİ L200” markalı, H029554 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Quba RPŞ DYPB tərəfindən 08.07.2019-cu il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Quba RPŞ DYPB-in 08.08.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci(nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Zərərçəkən “MİTSUBİSHİ L200” markalı, H029554 dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də kasko sığorta növündə sığortalandığından "xxxx" ASC-nin 17.08.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən hadisə nəticəsində “MİTSUBİSHİ L200” markalı, H029554 dövlət nömrə nişanlı avtomobilə 21244 manat məbləğində zərər dəymişdir. “MİTSUBİSHİ L200” markalı, H029554 dövlət nömrə nişanlı avtomobil tam itki hesab olunduğu üçün "xxxx" ASC tərəfindən 9400 manat məbləğində dəymiş zərəri ödəmişdir. «İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləği 5000 manat kimi müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən 14.10.2020-ci il tarixində 4976,46 manat məbləği 4443 nömrəli ödəniş tapşırığı ilə "xxxx" ASC-yə ödəmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan PXA67158 saylı sığorta aktından görünür ki, “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə” də üçüncü şəxsin əmlakına vurulan zərərə görə nəzərdə tutulmuş limit 5.000 (beş min) manat təşkil edir və həmin məbləğ zərərçəkmiş üçüncü şəxslərə dəymiş zərərdən azdır, üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericiklilə müəyyən edilmiş sığorta məblərlər dairəsində mütənasib surətdə ödənilir, "xxxx" ASC-nin hesabına 4976,46 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “MİTSUBİSHİ L200” markalı, H029554 dövlət qeydiyyat nişanlı avtomobilə 21244 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli protokoldan görünür ki, Cavabdeh 08.08.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.2-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, etdiyi “MİTSUBİSHİ L200” markalı, 90– NL–668 dövlət nömrə nişanlı avtomobil 24.06.2020-ci il tarixdən 24.06.2021-ci il tarixədək 01 (bir) il müddətinə Cavabdeh tərəfindən "xxxx" ASC hesabına sığortalanmışdır. İş materiallarına əlavə edilmiş avtonəqliyyat vasitələrinin (kasko) sığortası şəhadətnaməsindən görünür ki, “MİTSUBİSHİ L200” markalı, H029554 dövlət nişanlı avtomobil 23.01.2020-ci il tarixdən 22.01.2021-ci il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 4976,46 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan Sığorta hadisəsi nəticəsində tam itkiyə uğramış avtonəqliyyat vasitəsinin qalıq hissə dəyərinin məbləğinin qarşılıqlı razılaşdırılmasın» dair aktdan görünür ki, "xxxx" ASC adından Sığorta iddiaları və hüquqi təminat departamentinin Ekspertiza şöbəsinin rəhbəri -X2 və sığortalı ‘*X4 Sanayi ve Ticaret Anonim Şirketinin Azərbaycan Respublikasındakı Filialına" bu aktı tərtib edirik ondan ötrü ki, C-ML-1118/20 saylı sığorta şəhadətnaməsi ilə sığortalanmış və 07 avqust 2020-ci il tarixində qəzaya məruz qalmış HO29554 (Ban: MMBJNKB40ED030047) dövlət qeydiyyat nişanlı Mitsubishi L 200 markalı avtomobil- tarn itkiyə məruz qalmış və avtomobilin hadisədən sonrakı qalıq hissə dəyəri 13500 (on üç min beş yüz) AZN, bazar dəyəri isə 23000 (iyirmi üç min) AZN məbləğində müəyyənləşdirilmişdir. Müvafiq sığorta qaydalarına uyğun daraq avtomobilin qalıq hissəsi sığortalının öhdəliyində qalmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 60 manat məbləğində cərimə növündə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə 40 manat məbləğində cərimə edilir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-6.2-ci maddələrinə görə icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-13.2-ci maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: Həmin Qanunun 25.1.5-ci maddəsinə əsasən sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. Həmin Qanunun 25.1.6-ci maddəsinə əsasən sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda Həmin Qanunun 25.1.7-ci maddəsinə əsasən sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrindən istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını iddia tələbi üzrə tətbiq edərək hesab edir ki, sığorta şirkəti qeyd olunan iş üzrə zərərçəkənə dəymiş zərərin əvəzini ödədiyindən, tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçmişdir. Beləki, iş materiallarında olan avtonəqliyyat vasitələrinin (kasko) sığortası şəhadətnaməsindən görünür ki, “MİTSUBİSHİ L200” markalı, H029554 dövlət nişanlı avtomobil 23.01.2020-ci il tarixdən 22.01.2021-ci il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. İcbari sığorta isə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 4976,46 manat məbləğində pul ödənilmişdir. Cavabdeh Cavabdeh tərəfindən idarə olunan “MİTSUBİSHİ L200” markalı, 90–NL–668 dövlət nişanlı avtomobil “MİTSUBİSHİ L200” markalı, H029554 dövlət nişanlı avtomobillə toqquşmuş nəticədə sonuncu avtomobilə maddi zərər dəymiş, Cavabdeh nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etmiş, nəticədə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.2-ci maddəsi ilə qərar qəbul edilmiş, yəni yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etməsi və bununla da, "xxxx" ASC-nin "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddəsinin tələbinə görə, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 4976,46 (dörd min doqquz yüz yetmiş altı manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 69,76 (altımış doqquz manat yetmiş altı qəpik) manat dövlət rüsumu, cəmi 5046,22 (beş min qırx altı manat iyirmi iki qəpik) manat pul məbləği "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4976,46 (dörd min doqquz yüz yetmiş altı manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 69,76 (altımış doqquz manat yetmiş altı qəpik) manat dövlət rüsumu, cəmi 5046,22 (beş min qırx altı manat iyirmi iki qəpik) manat pul məbləği iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-614/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-614/2022
13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver