Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-263/2024 22.07.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Xoşbəxt oğlunun sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı protokolun ləğvi və vəsaitin geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, Abşeron Rayon Qaz İstismar Sahəsi tərəfindən ona qarşı tərtib edilmiş inzibati protokol ləğv edilməsi, onun ödənişlərindən tutulan 777,60 manat vəsait hesabına geri qaytarılması və eyni zamanda Abşeron Rayon Qaz İstismar Sahəsinin əməkdaşlarının qanuna zidd hərəkətlərinə hüquqi qiymətin verilməsi xahiş etmişdir. İddiaçı məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək, Cavabdeh İB tərəfindən abunə hesabına hesablanmış 777,6 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmədə iclasında iştirak edən zaman iddiaçı iddiasının təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin dekabr ayında Abşeron Rayon Qaz İstismar Sahəsinin əməkdaşı tərəfindən iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə qaz sayğacını dəyişdirərək, yeni qaz sayğacı qoymuşdular. O zaman hesabında 197 manat artıq ödəməsi olduğu üçün bir müddət qaz sayğacına baxmamışdır. 2023-cü ilin aprel ayında ərazi üzrə nəzarətçi ona zəng edərək qaz sayğacının yenidən dəyişdiriləcəyini bildirdi. O isə növbəti gün saat 11:00-da evdə olacağını bildirərək, qaz sayğacının dəyişdirilməsinə razılığını bildirdi. Lakin qaz idarəsinin əməkdaşları qaz sayğacının dəyişdirilməsinə söz versələr də, gəlib dəyişmədilər. Aradan 5 ay keçdikdən sonra 2023-cü ilin avqust ayında qaz idarəsinin əməkdaşları qaz sayğacını dəyişdirərək, yenisi ilə əvəz etdilər. Bu akt tərtib edilən zaman nümayəndələr onun qaz sayğacına müdaxilə edildiyini qeyd etdilər. Sayğac onun hasarının çöl hissəsində quraşdırılıbdır. Qaz sayğacı yenisi ilə əvəzlənəndə öncəki sayğacda sərfiyyat 0 olaraq göstərilmişdir. Bu o deməkdir ki, qaz sayğacı qoyulan gündən işləməmişdir. O, Abşeron Rayon Qaz İstismar Sahəsinin əməkdaşlarına müraciət edərək, bildirdi ki, əgər bu sayğac işləmirsə, onun qaz sayğacına müdaxilə etməyi məntiqsiz görünür. Xahiş etdi ki, aktı düzgün tərtib etsinlər, lakin onlar öz bildikləri kimi tərtib etdilər. Yeni sayğac qoyulduqdan sonra o, hər dəfə ödəniş etdikdə, ödənilən vəsaitin əsas hissəsi balansından yoxa çıxırdı. O, xx.xx.2024-cü il tarixdə Sumqayıt 1 saylı Asan Xidmət Mərkəzinə yaxınlaşaraq, məsələni aydınlaşdırmağa çalışmışdır. Orada əməkdaş o, qaz sayğacına müdaxilə olunduğu üçün 2023-cü ilin noyabr ayından 777,60 manat borc yazıldığını bildirdi və bununla bağlı ona çıxarış da təqdim etdi. O, hər ay balansını artıran zaman ödədiyi vəsaitlər balansından tutulur. O bununla başa düşdü ki, ona qarşı inzibati cərimə tərtib edilmişdir. Lakin bu barədə ona heç bir məlumat verilməmişdir. Hesab edir ki, Abşeron Rayon Qaz İstismar Sahəsinin bütün hərəkəti qanuna ziddir, haqsızdır, ədalətsizdir və əsassızdır. Ərizədə qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilir. Cavabdeh İB-nin nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, sayğaca müdaxilə (deşik açılıb) adi vizual baxışla da görünür. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-i tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-9931/Q002 saylı aktına əsasən G-4 markalı **********4 №li sayğacın çıxış plastmas borusu sınıb. İş materiallarında olan Cavabdeh İB-i tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, MSK-14-2-2/3-5-9931 saylı rəyə əsasən sayğacda qaz itkisi və müdaxilə aşkarlandı. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonent saldosundan görünür ki, İddiaçı qalıq və aktlar üzrə 777,6 manat borcu vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğaçları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaçlarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydalarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin qaydalarının 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Fiziki şəxs qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca cavabdeh tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac yaşadığı evdən kənarda yerləşdiyindən, itirilmiş qazın bərpası məqsədi ilə iddiaçı tərəfindən cavabdehin abuna koduna borcun hesablanması əsassız olmuşdur. Məhkəmədə cavabdeh iddiaçı tərəfindən sayğacın deşilməsini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları təqdim etməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı abunə hesabına hesablanmış 777,6 manat pul borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №e-2(028)-263/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-263/2024
22.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver