Məhkəmə qərarları › İş №e-2(028)-446/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-446/2022

27.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-446/2022 27.10.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X8 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22275 manat pulunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, 2008-ci ildə iddiaçı özünə maddi vəziyyətinə uyğun ev almaq istəmişdir.Təsadüfən Bakı şəhəri, Yeni Əhmədli qəs., 829-cu keçid, məhəllə 2980-81-hazırki ünvan ünvan 2qəsinin yaşadığı yataqxana tipli binada ev elanı görmüş və göstərilən mobil telefonla əlaqə saxlamışdır.Elan vermiş şəxsin Ələskər adlı şəxs olduğu ona məlum olmuşdur.Danışıq zamanı Ələskər həmin evin dövlət tərəfindən ona təmənnasız verildiyini və evin ona məxsus olmaqla hazırda onu satmaq fikri olduğunu bildirmiş, lakin sənədləşdirmə işinin gələcəkdə həmin binaya xidmət göstərən Bakı şəhəri Xətai Rayonu 118 saylı Mənzil-Kommunal İstismar Sahəsi vasitəsilə onun adına rəsmiləşdirəcəyini qeyd etmişdir.Həmçinin də qeyd etmişdir ki, həmin mənzilin kiməsə məxsus olmasına dair hər hansı rəsmi sənəd (order, qərar və s.) yoxdur. Bundan sonra iddiaçı cavabdehdən evi 13500 manata almışdır.Həmin evin cavabdehdən alınması aralarında aparılmış ”Whatsapp” danışıqları mövcüddur.Evin sənədləşdirilməsi üçün cavabdeh iddiaçını 118 saylı Xətai rayon MİS-nə aparmış və orada iddiaçıya bildirmişlər ki, sözügedən mənzil gənc mütəxəssislər üçün tikilən yataqxana tipli mənzildir və bu mənzilə dair hər hansı şəxsin adına order və digər sənəd mövcud deyildir və həmin evdə qeydiyyatda olanlar yoxdur.Bundan sonra Cavabdeh mənzilin sahibi kimi iddiaçını qeydiyyata salmaq və adına şəxsi hesab vərəqəsi açılması üçün MKİS-nə müəyyən məbləği pul vasaiti verilməli olduğunu bildirmiş, lakin iddiaçı ona maddi imkanın olmadığından bu sənədləşdirməni imkanı olan vaxt edəcəyini bildirmişdir. İddiaçı 2008-ci ildən 2021-ci ilin mart ayınadək etirazsız və fasiləsiz həmin mənzildə yaşamış və 2016-2017-ci illər ərzində həmin mənzili 7000 manat dəyərində təmir etmişdir. 2021-ci ilin mart ayında Qəhrəman adlı şəxs iddiaçının yaşadığı mənzilə gələrək evin order əsasında ona məxsus olduğunu bildirmiş və mənzili boşaldılmasını tələb etmişdir. Bundan sonra X9 Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə xx.xx.2022-ci il tarixdə iddiaçının mənzildən çıxarılması barədə qətnamə qət etmişdir. Qətnamə icra olunmuş və iddiaçı mənzildən çıxarılmışdır. İddiaçı cavabdehdən pulu geri tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina edir. İddiaçı onu aldatmış cavabdeh barəsində qanuni tədbirlər görmək üçün Azərbaycan Respublikası DİN-nə müraciət etmiş və onun müraciəti aidiyyatı üzrə Xətai RPİ-nin 35-ci polis bölməsinə göndərilmişdir.Polis Bölməsində cavabdeh izahat verərək iddiaçıdan 13500 manat məbləğində pulun alınmasını təsdiq etmişdir. Xətai RPİ-nin 35-ci polis bölməsi tərəfindən iddiaçıya müraciətinin mülki xarakterli olduğunu bildirmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini qanunsuz ələ keçirməklə iddiaçının hesabına əsassız varlanan şəxs hesab edilməli, eləcə də iddiaçıya məxsus pul vəsaitini uzun müddət ərzində qanunsuz saxladığından həmin pul vəsaitindən iddiaçıya faizlər ödəməlidir.Qanunun tələbi və bank uçot dərəcəsini nəzərə alaraq cavabdeh tərəfindən iddiaçıya 13500 manatın 13 il müddətə olan illik 5 %, yəni (13500x5:100=675 manat (illik faiz məbləği) x13 il =8775) manat. 8775 manat faiz şəklində və qanunsuz ələ keçirilmiş 13500 manat, ümumilikdə 22275 manat məbləğin ödənilməsinə dair məhkəmə tərəfindən qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin içrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə müvafiq olaraq, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən,əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092-ci maddəsinə əsasən,varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi iddianı qəbul etmədi və iddia ərizəsinə etiraz təqdim edərək göstərdi ki, təxminən 1994-1995-ci illərdə cavabdeh öz ailə üzvləri ilə birlikdə Qubadlıdan olan məcburi köçkün ailəsi olaraq Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti X12 adlanan Yataqxana tipli binanın 4-cü mərtəbəsindəki 1 otaqda həmin Yataqxanaya xidmət göstərən Bakı şəhəri Xətai Rayonu 118 saylı Mənzil- Kommunal İstismar Sahəsinin rəhbərliyinin razılığı əsasında məskunlaşmışdır.Həmin Yataqxanada ayaqyolu birinci mərtəbədə yerləşmişdir. Sonradan atası xərçəng xəstəliyinə düçar olduğu və tez-tez birinci mərtəbəyə ayaqyoluna düşüb-qalxa bilmədiyi üçün, qeyd edilən MKİS-nin rəhbərliyinin razılığı əsasında onların yaşadıqları otağın yanında yerləşən, yararsız vəziyyətdə olmaqla içərisində tualet olan və heç kəs yaşamayan otağa köçürülmüşlər və əvvəl yaşadıqları otağı isə həmin MKİS-nə təhvil vermişlər.Həmin MKİS-nin müdriyyəti onlara bildirmişdir ki, bu mənzilə (otağa) dair hər hansı şəxsin adına rəsmi order və ya hər hansı sənəd mövcud deyildir, eləcə də bu mənzildə (otaqda) heç kəs qeydiyyatda yoxdur və məcburi köçkünlər olaraq yeni yaşayış sahəsi əldə edənə və ya öz doğma yer-yurdularınaa köçürülənə qədər burada rahat şəkildə yaşaya bilərlər. Onlar 14 il müddətində həmin mənzildə fasiləsiz və heç bir etiraz olmadan yaşamışlar. Qeyd edilən müddətdə sonradan dəyişdirilmiş otağın əldə edilməsinə və əlavə işlər görməklə yaxşı vəziyyətə gətirilməsinə və təmirinə hissə-hissə olaraq təxminən on beş min manat məbləğində pul xərcləmişlər. Cavabdeh ailə qurduğuna və birgə nikahdan 2 uşaqların anadan olduğuna, həmin otaqda artıq birlikdə yaşamaq mümkün olmadığına və ən əsası və uşaqlarının xəstəliyinin müalicəsi üçün pul lazım olduğuna görə cavabdeh həmin otağı satmaq qərarına gəlmiş və bu barədə elan da yerləşdirmişdir.İddiaçı onunla telefonla əlaqə saxlayaraq mənzilin satılması barədə danışmaq istədiyini bildirmiş və o da buna razılıq vermişdir. Danışıqlar zamanı cavabdeh MKİS-nin müdiriyətinin ona bildirdiyinə əsasən, iddiaçıya bildirmişdir ki, onda və MKİS-də həmin mənzilin kiməsə məxsus olmasına dair hər hansı rəsmi sənəd (order, qərar və s.) yoxdur və bunu binaya xidmət edən Xətai rayonu 118 saylı Mənzil-Kommunal İstismar Sahəsi də təsdiq edə bilər və bundan sonra cavabdeh iddiaçını mənzilin sənədləşdirilməsi üçün 118 saylı Xətai Rayon Mənzil İstismar Sahəsinə aparmışdır. Həmin Sahənin müdiriyyəti onu qəbul edərək bildirmişdir ki, sözügedən mənzil mütəxəssislər üçün tikilən yataqxana tipli mənzildir və bu mənzilə dair hər hansı şəxsin adına rəsmi order və ya hər hansı sənəd mövcud deyildir, eləcə də bu evdə heç kəs qeydiyyatda yoxdur.İddiaçı cavabdehin bu barədə dediklərini və MKİS-nin müdiriyyətinin ona dediklərini öz iddia ərizəsində etiraf etmişdir. Cavabdeh həmin mənzilin sənədləşdirmə işinin gələcəkdə həmin binaya xidmət göstərən 118 şaylı Xətai Rayon Mənzil-Kommunal İstismar Sahəsi vasitəsilə iddiaçının adına rəsmiləşdirəcəyini bildirməmiş və qeyd etməmişdir. Cavabdeh həmin mənzilin sənədləşdirmə işinin onun deyil, iddiaçının özü tərəfindən gələcəkdə həmin MKİS tərəfindən sənədləşdirilə bilinəcəyini demiş və iddiaçıya bildirmişdir ki, bunu etmək imkanı, gücü olsaydı indiyədək həmin mənzili öz adına sənədləşdirərdi.Bu zaman iddiaçı onlara Bakı şəhər İcra Hakimiyyətində və Xətai Rayon İcra Hakimiyyətində yüksək vəzifədə olan yaxın adamları olduğunu bildirmiş və qeyd elmişdir, o, özü bu məsələni həll edəcəkdir. Bundan sonra cavabdeh həmin mənzilin 13500 (on üç min beş yüz) manat məbləğində iddiaçıya satılması barədə onunla razılığa gəlmiş və həmin mənzili iddiaçıya qeyd edilən məbləğə satmış və onun hesabına iddiaçı həmin mənzilə müvəqqəti qeydiyyata alınmışdır. İddiaçının onu guya aldatdığı barədə "dəlil”-inə gəldikdə bildirir ki, bu "dəlil" tamamilə qanunsuz və əsassız bir dəlildir və heç bir sübutla təsdiq olunmur, əksinə iddiaçının özü tərəfindən bu dəlil təkzib olunur. Belə ki, cavabdeh evin faktiki sahibi olduğunu, həmin mənzilin onun adına qeydiyyatda olmadığını və bu barədə heç bir sənədinin olmadığını bildirmiş və iddiaçı da bunları öz iddia ərizəsində etiraf edərək təsdiq elmişdir. Bundan sonra cavabdehin iddiaçını həmin mənzilin sənədləşdirilməsi üçün 118 saylı Xətai Rayon Mənzil İstismar Sahəsinə apardığını, həmin MKİS-nin müdiriyyətinin iddiaçını qəbul edərək, sözügedən mənzilin gənc mütəxəssislər üçün tikilən yataqxana tipli mənzil olduğunu və bu mənzilə dair hər hansı şəxsin adına rəsmi order və ya hər hansı sənəd mövcud olmadığını, eləcə də həmin mənzildə heç kəsin qeydiyyatda olmadığını bildirdiyini iddiaçı öz iddia ərizəsində etiraf edərək təsdiq etmişdir.Göründüyü kimi, iddiaçının nəzərdə tutduğu bir aldadılma varsa, onun tərəfindən deyil, 118 saylı Xətai Rayon Mənzil İstismar Sahəsinin müdiriyyəti tərəfindən edilmişdir. İddiaçı 13500 manatda əlavə olaraq 8775 manat ödənilməsini tələb edir. İddiaçının irəli sürdüyü bu "dəlil” də digər dəlil kimi qanunsuz və əsassız bir dəlildir. Belə ki, cavabdehin həmin mənzildən 14 il müddətində fasiləsiz, və heç bir etiraz, olmadan istifadə etməyi, iddiaçının özünün də qeyd etdiyi kimi, 13 il müddətində onun həmin mənzildən fasiləsiz və etirazsız istifadə etməsi və bu barədə mənzilin yerləşdiyi Yataqxanaya xidmət göstərən MKİS-nin rəhbərliyinin həm cavabdehə, həm də iddiaçıya həmin mənzilin hər hansı başqa bir sahibinin olmaması, bu mənzilə dair hər hansı şəxsin adına rəsmi orderin və ya hər hansı sənədin mövcud olmaması, eləcə də həmin mənzildə heç kəsin qeydiyyatda olmadığını bildirməsi onun hər hansı bir qanunsuz əmələ yol vermədiyini və həmin pulu özündə saxladığını deyil, ehtiyacına sərf edildiyini təsdiq edir. İddiaçıdan mənzilin satışına görə aldığı pul cavabdehin həmin mənzilə görə xərc çəkdiyi pulun əvəzi olmuşdur. O, həmin pulu iddiaçıdan əvəzssiz əldə etməmiş, həmin pul qeyd eldiyi kimi illərlə və min bir əzab-əziyyətlə qazandığı və xərc sərf etdiy pulun əvəzi olmuşdur. Digər tərəfdən iddiaçı həmin mənzildə 13 il (156 ay) fasiləsiz və etirazsız yaşayaraq qeyd edilən müddətdə mənzildən istifadəyə dair ehtiyacını ödəmişdir. Bu müddətdə Bakıda yerləşən bir otaqlı mənzilin orta aylıq kirayə haqqının ən aşağı məbləğinin bir yüz manat məbləğində olduğu qəbul olunsa, iddiaçının həmin müddətdə ödəməli olduğu pulun məbləği on beş min altı yüz manat olmalı idi (13 ıl x 12 ay= 156 ay; 156 ay x100 manat= 15600 manat). Məhz iddiaçının öz təqsiri səbəbindən 13 il kimi kifayət qədər uzun müddətdə həmin mənzili əvvəlcədən iddia etdiyi kimi öz adına qeydiyyata sala bilməmiş, həmin mənzilə dair order, müqavilə və ya hər hansı bir hüquqmüəyyənedici sənəd əldə etməmiş və bunu qısa müddətdə edə bilmədikdə nə üçün həmin mənzili cavabdehə qaytarıb verdiyi pulu geri istəmədiyinin səbəbini izah və sübut elməmişdir. Digər tərəfdən Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyуətinin 118 saylı MKİS ilə birlikdə iddiaçının 13 il kimi kifayət qədər uzun müddətdə həmin mənzili əvvəlcədən iddia etdiyi kimi öz adına qeydiyyata sala bilməməsində, həmin mənzilə dair order, müqavilə və ya hər hansı bir hüquqmüəyyənedici sənəd əldə etməməsində qarşılıqlı təsiri olmuşdur ki, bu da cavabdehin mülki hüquqi məsuliyyətini tam və qəti olaraq aradan qaldır, çünki həmin hərəkətlərin edilməsi artıq onun səlahiyyətinə və vəzifəsinə aid deyildi. İddiaçının 156 ay müddətində mənzildən fasiləsiz və etirazsız istifadə edib, sonradan heç nə olmamış kimi mənzilin alınmasına dair verdiyi pulu tam olaraq və üstəlik faizlərlə birlikdə tələb etməsi ən azından qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılir ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə elsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən,əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Cavabdeh hüquqi (qanuni) əsasa (həmin mənzilin yerləşdiyi yataqxanaya xidmət göstərən və həmin Yataqxananın balansında olduğu Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin müvafiq ərazi qurumunun (118 saylı MKİS-nin) rəhbərliyinin hər iki tərəfə verdiyi məlumat və onun razılığına görə qeyd edilən məbləğdə pulu iddiaçıdan əldə elmişdir. Həmin Yataqxananın idarəçisinin və ya sahibinin razılığı olmadan hər iki tərəf fasiləsiz və heç bir etirazsız 27 il istifadə edə bilməzdi.İddiaçı həmin qurumun məlumatı olmasaydı qeyd edilən məbləğdə pulu cavabdehə verməzdi. Bu da onu təsdiq edir ki, iddiaçı məhz həmin hüquqi əsasa görə cavabdehə qeyd edilən məbləğdə pulu vermiş və buna görə də uzun müddət həmin mənzildən fasiləsiz və etirazsız istifadə etmişdir. Bu da həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsası, beləliklə əsassız varlanmanı təkzib edir.Yuxarıda qeyd edilənlər iddiaçının cavabdehə qarşı irəli sürdüyü pul tələbinə dair iddiasının qanunsuz xə əsassız olduğunu təsdiq edir və buna görə də həmin iddianın məhkəmə tərəfindən tam olaraq rədd edilməli olduğuna əsas verir.Göstəririlənlərini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. X4 göstərdi ki, o, cavabdehin anasıdır.Onun həyat yoldaşı xərçəng xəstəsi olduğuna görə 4-cü mərtəbədən 1-ci mərtəbədə yerləşən ayaq yoluna düşüb-çıxa bilməmişdir. Buna görə 1995-ci ildə həmin yataqxananın komendantı tərəfindən onların yaşadıqları otağın yanında yerləşən, yararsız vəziyyətdə olmaqla içərisində tualet olan və heç kəs yaşamayan otağa köçürülmüşlər.Onlar həmin mənzili təmir etmək üçün 15000 manat xərc çəkmişlər. Sonra ailə böyük olduğuna görə mənzili dəyişmək qərarına gəlmişlər. Nübar adlı qadınla mənzilin ona 13500 manata satılmasına razılığa gəlmişlər. Həmin evdən çıxmaq üçün bir ay vaxt istəmişlər, lakin 10 gündən sonra Nübar evi boşaldılmasını tələb etmiş və bildirmişdir ki, İcra Hakimiyyətində tanışı olduğuna görə mənzilin sənədləşdirilməsi ilə əlaqədar oradan evə baxmaq üçün nümayəndə gəlməlidir. Bu səbəbə görə onlar mənzili tez boşaltmalı olmuşlar. Onlar iddiaçıya evin sənədləşdirilməsi ilə bağlı heç bir vəd verməmişlər. X1 göstərdi ki, o, cavabdehlə xala oğludur. Həmin mənzilin təmirini qohumu Ələskərlə birgə etmişlər. Ələsgər evin təmiri üçün 15000 manata yaxın pul xərclənmişdir. Ələskər evi satdığı Nübar adlı qadını Mənzil İstismar Sahəsinə apardı, onu həmin mənzilə qeydə aldırmaq üçün 600 ABŞ dolları xərc çəkdi. Məhkəmə tərəflərin vəkilləri və nümayəndələrini, şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı istifadə hüququna xitam, mənzildən çıxarılma və mənzilə köçürülmə barədə iddia tələbi qismən təmin edilmişdir.Həmin qətnamə ilə cavabdeh İddiaçı və digər şəxslərin Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, birinci korpus, 4-cü mərtəbə, 415 saylı mənzildən çıxarılması, mənzili boşaldılması, iddiaçı X3 Bakı şəhəri, Xətai rayonu,Vunq Tau küçəsi 15, birinci korpus, 4-cü mərtəbə, 415 saylı mənzilə köçürülməsi qət olunmuşdur. İddiaçı X5 iddianı onunla əsaslandırmışdır ki, Bunyad Sərdarov adına zavodda mühəndis-texnoloq vəzifəsində çalışmışdır. 20 yanvar 1987-ci il tarixli 25 saylı orderə əsasən Bakı şəhəri, Yeni Əhmədli qəsəbəsi, 829-cu keçid, məhəllə 2980-81 ünvanında yerləşən gənc müsabiqədənkənar mütəxəssislər üçün nəzərdə tutulmuş yataqxananın 4-cü mərtəbəsinin 415 saylı otağına köçürülmüşdür.(Hal-hazırda ünvan dəyişərək Vunq Tau küçəsi 15, birinci korpus, 415 saylı mənzil olmuşdur.) Həmin tarixdən o, ailə üzvləri ilə həmin mənzildə yaşamışdır.1992-ci ildə qonaq getdikləri bir neçə gün ərzində mənzil məcburi köçkünlər tərəfindən qanunsuz olaraq zəbt edilmişdir.Müharibə bitdikdən sonra mənzillə maraqlanan zaman məlum olmuşdur ki, onun mənzilində yaşayan məcburi köçkünlər həmin mənzildən çıxmışlar və İddiaçı adlı şəxs qanunsuz olaraq həmin mənzildə yaşayır. İş materiallarında olan Xətai RPİ-nin 35-ci polis bölməsində tərtıb edilmiş izahatının kserosurətindən görünür ki, Cavabdeh izahat verərk göstərdi ki, Xətai rayonu, Vunq Tau küçəsi 15, 415 saylı mənzildə 2008-ci ilə qədər yaşamışdır.Həmin mənzili 2008-ci ildə İddiaçı 13500 manata satmışdır. Azərbaycan Respublikası MPM-in 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında qeyd olunur ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər.Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Hazırki işdə müəyyən olunub ki, cavabdeh iddiaçının hesabına 13500 manat pul vəsaitini əsassız əldə etməklə faydalanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4,445 və 449ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında qeyd olunur ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası MM-in 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Azərbaycan Respublikası MM-in 1095-ci maddəsinə əsasən,əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Hazırki işdə qeyd edilən tələb əsassız varlanmadan yaranmışdır. Əsassız varlama zamanı isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Azərbaycan Respublikası MM-in 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı öz hüququnun pozulduğunu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə qətnaməni qət etdiyi gündən bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir.Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir.Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Prosessual mənada iddia hüququ, yəni pozulmuş hüququn müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmadan həmişə saxlanılır və mövcud olur. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-inin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 22275 (iyirmi iki min iki yüz yetmiş beş) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar