Məhkəmə qərarları › İş №e-2(031)-408/2024

Şabran Rayon Məhkəməsi Qərardad — İş №e-2(031)-408/2024

19.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № e-2(031)-408/2024 19.03.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ X2, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə qarşı və "Quba Rayon Mərkəzi Xəstəxanası" X9 maraqlı şəxs qismində cəlb elədiyi "xx.xx.2020-ci il təvəllüdlü X1 "Quba Rayon Mərkəzi Xəstəxanası" X13 doğum şöbəsində anadan olması faktının müəyyən edilməsi və ona Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsi" tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı vəkili Orucov X6 Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə qarşı və "Quba Rayon Mərkəzi Xəstəxanası" X9 maraqlı şəxs qismində cəlb elədiyi iddia ərzisə i ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X1 "Quba Rayon Mərkəzi Xəstəxanası" X13 doğum şöbəsində anadan olması faktının müəyyən edilməsi və ona Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş - "Quba Rayon Mərkəzi Xəstəxanası" X14 tərəfindən verilmiş 15 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şabran rayonu, Padar kənd sakini X11 xx.xx.2020-ci il tarixə, saat 00:30-da Quba Rayon Mərkəzi Xəstəxanasına 40 (qırx) həftəlik hamiləlik və baş gəlişi diaqnozu ilə daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə, saat 17:40-da diri, çəkisi 2800 qram, boyu 50 santimetr, cinsi oğlan uşağı doğulduqda sonra o, xx.xx.2020-ci il tarixdə evə buraxılmışdır. - "Quba Rayon Mərkəzi Xəstəxanası" X7 İddiaçı vəkili Vəkil ünvanladığı xx.xx.2024cü il tarixli, 18-1-56/2-A-1143-42-947/2024 nömrəli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli, 1 saylı sorğuya cavab olaraq Quba Rayon Mərkəzi Xəstəxanası" X14 tərəfindən müvafiq araşdırma aparılmış və xx.xx.2020-ci il tarixdə, saat 17:40-da diri, çəkisi 2800 qram, boyu 50 santimetr, cinsi oğlan uşağının anasına dair qeydlərin, həmin şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər təqdim edilmədiyi üçün onun özü tərəfindən verilmiş məlumatlar əsasında aparıldığı bildirmişdir. - xx.xx.2024cü il tarixli, ********** nömrəli mədaxil qəbzdən görünür ki, hazır ki iş üzrə iddia ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.1-ci maddəsinə əsasən məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" xx.xx.2019-cu il tarixli, 3 nömrəli Qərarının: 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının: 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin faktiki hallarından da göründüyü kimi, X3 xx.xx.2020-ci il tarixdə "Quba Rayon Mərkəzi Xəstəxanası" X8 anadan olmuş və sonuncu tərəfindən bu barədə müvafiq arayış iddia tərəfinə təqdim edilmişdir. İddia tərəfi X1 anadan olduğu zaman onun barəsində olan məlumatların "Quba Rayon Mərkəzi Xəstəxanası" X10 yanlış təqdim edilməsi səbəbi ilə doğum haqqında şəhadətnamə ala bilməmələri səbəbi ilə hazırki iddia ilə məhkəməyə müraciət etsə də, Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. "Quba Rayon Mərkəzi Xəstəxanası" X14 tərəfindən verilmiş arayışa müvafiq düzəlişlərin edilməsi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamənin verilməsinə dair iddia ərizəsi ilə (öhdəliyin icra edilməsi haqqında iddia) isə iddia tərəfi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Beləliklə belə nəticəyə gəlirəm ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə qarşı və "Quba Rayon Mərkəzi Xəstəxanası" X9 maraqlı şəxs qismində cəlb elədiyi "xx.xx.2020-ci il təvəllüdlü X1 "Quba Rayon Mərkəzi Xəstəxanası" X13 doğum şöbəsində anadan olması faktının müəyyən edilməsi və ona Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsi" tələbinə dair iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, iddia tərəfinə hazırki iş üzrə iddia tələbi ilə aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməli olduğu izah edilməli və İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsi ilə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1, 114, 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə qarşı və "Quba Rayon Mərkəzi Xəstəxanası" X9 maraqlı şəxs qismində cəlb elədiyi "xx.xx.2020-ci il təvəllüdlü X1 "Quba Rayon Mərkəzi Xəstəxanası" X13 doğum şöbəsində anadan olması faktının müəyyən edilməsi və ona Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Şabran rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsi" tələbinə dair iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçı hazırki iş üzrə iddia tələbi ilə aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməli olduğu izah edilsin. İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsi ilə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar