Məhkəmə qərarları › İş №e-2(031)-55/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-55/2025

16.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-55/2025 16.01.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə İddiaçı cavabdeh Şabran Rayon İcra Hakimiyyətinə qarşı Şabran Rayon İcra Hakimiyyətinin uşaqla ünsiyyətdə olma barədə qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Şabran Rayon İcra Hakimiyyətinə qarşı Şabran Rayon İcra Hakimiyyətinin uşaqla ünsiyyətdə olma barədə qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 3 nömrəli X15 və X1 nəvələri olan xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X10 ilə hər ayın bir həftəsinin cümə günü saat 18:00-dan bazar günü 17:00-a qədər görüşüb ünsiyyətdə olması barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-cı il tarixdə X7 ilə rəsmi nikah bağlamışdır. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-(001)-284/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X7 arasında xx.xx.2016-cı il tarixdə Şabran Rayon Qeydiyyat Şöbəsində bağlanmış 192 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 analarının yanında saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq X2 hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Şabran Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 3 nömrəli X15 və X1 nəvələri olan xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X10 ilə hər ayın bir həftəsinin cümə günü saat 18:00-dan bazar günü 17:00-a qədər görüşüb ünsiyyətdə olması qərara alınmışdır. Uşaqların azyaşlı olmaları, məktəbli olmaları, həftə içi 5 gün məktəbə və dərsdən sonra məşğələlərə getməsi, eyni zamanda onun da uşaqları ilə istirahət hüququnun olmasının nəzərə alınmadığını və hər ayın bir həftəsinin yalnız şənbə günü görüş vaxtının müəyyən edilməsi uşaqların mənafeyinə uyğun olduğunu hesab edir. İddiaçının vəkili Vəkil iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məhkəmədən Şabran Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəcilik Komissiyasının xx.xx.2024-cü il tarixli, 3 saylı X15 və X1 nəvələri xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X8 ilə hər ayın bir həftəsinin cümə günü saat 18:00-dan bazar günü saat 17:00-a qədər görüşüb ünsiyyətdə olması barədə qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbi barədə məluamt verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, həmçinin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-T seriyalı, 073161 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, atası X7, anası İddiaçı olan X6 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan AZ-İV seriyalı, 245592 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, atası X7, anası X4 olan X8 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Şabran Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Şabran rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2024-cü il tarixli, 3 saylı qərarının ləğv edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 372165 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X7 və X4 arasında xx.xx.2021-ci il tarixdə nikah pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 92 nömrə ilə Binəqədi Rayon Qeydiyyat Şöbəsində qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Şabran Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının qərarına əsasən X15 və X1 nəvələri olan xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X10 ilə hər ayın bir həftəsinin cümə günü saat 18:00-dan bazar günü 17:00-a qədər görüşüb ünsiyyətdə olması məqsədəmüvafiq hesab edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən etmişdir ki, İddiaçı ilə X7 xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X10 anadan olmuşdur. İddiaçı uşaqların azyaşlı olması, məktəbli olmaları, həftə içi 5 gün məktəbə və dərsdən sonra məşğələlərə getməsi səbəbindən onların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsi üçün lazımınca vaxt ayıra bilməli və onun uşaqlarla ünsiyyət hüququna mane olmamalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəlləsinin 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Həmin Məcəllənin 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında Konvensiyanın” (BMT Baş Assambleyasının 44/25 saylı qətnaməsi ilə xx.xx.1989-cu ildə qəbul edilmiş və xx.xx.1990-cı il tarixində qüvvəyə minmişdir.) 9-cu maddəsinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin ziddinə olaraq onlardan ayrılmasınlar, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, belə ayrılıq uşağın ən yaxşı halda mənafeyi naminə labüddür. Belə ayrılıq bu və ya digər konkret halda labüd ola bilər. Məsələn, valideynlər uşaqla sərt rəftar edir və ya ona qayğı göstərmir, yaxud valideynlər bir-birindən ayrı yaşayırlar və belə olan təqdirdə uşağın yaşayış yeri barədə qərar qəbul edilməlidir. İştirakçı dövlətlər valideynlərinin biri və ya hər ikisi ilə ayrılmış uşağın hər iki valideynlə müntəzəm surətdə şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, bir şərtlə ki, bu münasibət və əlaqələr uşağın şəxsi maraqlarına zidd olmasın. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Göründüyü kimi uşağın şəxsi maraqlarına zidd olmaması şərtilə, hazırki iş üzrə baba və nənəsi ilə ünsiyyətdə olmaq hüququna malikdir. Uşaq hüquqlarının üstün mühafizəsi prinsipi əsas tutularaq uşaqların məktəbli olması, həftə içi 5 gün məktəbə və dərsdən sonra məşğələlərə getməsi, həftə sonunda yeni dərs həftəsinə hazırlaşmalı olduğunu onların şəxsi marağı kimi nəzərə alınmalı və qohumları ilə ünsiyyət üçün müəyyən edilmiş vaxt buna zidd olmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Şahin Almaniyaya qarşı” iş üzrə qərarda izah etmişdir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli balansı gözləsinlər və balansın müəyyənləşdirilməsi prosesində uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət versinlər; həmin maraqlar, xarakterindən və ciddiliyindən asılı olaraq, valideynlərin maraqlarından üstün tutula bilər. Məhkəmə hesab edir ki, uşağın üstün mənafeyi nəzərə alınmaqla, iddia qismən təmin edilməli və X15 və X1 nəvələri olan xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X10 ilə hər ayın bir həftəsinin cümə günü saat 18:00-dan şənbə günü 18:00-a qədər ünsiyyət hüququ təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X15 və X1 nəvələri olan xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X10 ilə hər ayın bir həftəsinin cümə günü saat 18:00-dan şənbə günü 18:00-a qədər ünsiyyət hüququ müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar