Məhkəmə qərarları › İş №e-2(031)-785/2024

Şabran Rayon Məhkəməsi Qərardad — İş №e-2(031)-785/2024

30.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № e-2(031)-785/2024 30.07.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “ölkədən getməmək hüququnun məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə Cavabdeh qarşı “ölkədən getməmək hüququnun məhdudlaşdırılması” haqqında iddia ərizəsi ilə müraciət edərək, Şabran rayon İcra Hakimiyyəti Başçısının Rəhimli İnzibati Ərazi Dairəsi (VÖEN: **********) tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2089,61 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2517,38 manat, işsizlikdən sığorta fonduna olan 150,5 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (doğulduğu tarix – xx.xx.1979-cu il, doğulduğu yer – Azərbaycan Respublikası, Dəvəçi rayonu; Rəhimli kəndi, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA5776092) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarının: 4-cü hissəsində qeyd edilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. 23-cü hissəsində qeyd edilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən iş üzrə tərəflərin subyekt tərkibindən asılı olmayaraq xüsusi icraat qaydasında baxılan işlərdən aşağıdakılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi halda kommersiya məhkəmələri baxır: - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə tələblər; - İtirilmiş sənədlər üzrə onları təqdim edən şəxsin hüquqlarının bərpa edilməsi (çağırış icraatı) tələbləri. İstisna: hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, iddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır. Beləliklə Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda şərh edilmiş müddəalarından da göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi ünvan 1i ünvanında qeydiyyatda olan Cavabdeh qarşı “ölkədən getməmək hüququnun məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsi ilə cavabdehin yaşayış yeri üzrə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli olduğu halda, həmin iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Bu səbəbdən də belə nəticəyə gəlirəm ki, hazırki iş üzrə iddia ərizəsi məhkəmə aidiyyəti üzrə Şabran Rayon Məhkəməsində baxılmalı olmadığından, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “ölkədən getməmək hüququnun məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “ölkədən getməmək hüququnun məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar