Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № e-2(031)-821/2025 09.12.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Tariyel Aydın oğlunun katibliyi; Cavabdeh vəkili və nümayəndəsi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil2 iştirakı ilə İddiaçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon məhkəməsinə müraciət edərək, ona məxsus 73000 (yetmiş üç min) manat məbləğində pul, tərəfindən dövlət rüsumu üçün ödənilmiş 310 (üç yüz on) manat pul və vəkil xidmətləri üçün ödənilmiş cəmi 2000 (iki min) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Türkiyə Respublikasının İstanbul şəhərində yaşayıb işləyir. O, yataq dəstlərinin istehsalı və satışı ilə məşğul olur. Türkiyədə Nərgiz adlı xanım ondan yataq dəstləri alaraq özünün mebel dükanında satışı həyata keçirirdi. Təxminən 2023-cü ilin noyabr ayında o, Nərgizin vasitəsi ilə onun bacısı Cavabdeh adlı şəxslə tanış olmuşdur. Gülay onunla Azərbaycanda iş qurmaq istədiyini bildirmiş, lakin o, Avropaya getdiyi üçün və Fransada işlərinin olduğu üçün 8-9 ay sadəcə onunla telefonla əlaqə saxlayıb. Real əlaqələri olmasa da vizual olaraq video əlaqə ilə onlar danışıblar. Gülay onun Azərbaycana gələrək onunla evlilik qurmasını istəyib. Bundan sonra İddiaçı Türkiyəyə, doğma Kayseri şəhərinə qayıdıb. Gülayla danışan zaman Gülayla ona tez-tez evə ehtiyacı olduğunu, av alarsa həmin evdə birgə yaşayacaqlarını ona bildirmişdir. Gülay İddiaçı 400 (dörd yüz) manat müqabilində kirayə evdə qaldığını demişdir. İddiaçı Azərbaycanda ev almağı düşündüyü üçün Gülaya pul göndərib. Bunun üçün “Western Union” təcili pul köçürülməsi vasitəsilə əvvəlcə 3000 ABŞ dolları pulu Gülaya göndərmişdir. Gülay ayrı-ayrı xərclərin çıxdığını ona bildirərək İddiaçı yenidən pul göndərməsini istəmiş, həmçinin 2024-cü ilin iyulunda o, ailəsi ilə birlikdə Türkiyəyə gəlib Azərbaycana qayıtmışdır. Gülay İddiaçı ümumi olaraq 73000 (yetmiş üç min) manat məbləğində pulları aldadaraq almışdır. Bu pulların əksəriyyəti ev alınmasına xərclənməli idi. İddiaçı Gülaya əsasən bank vasitəsilə pul göndərmiş və göndərdiyi pul qəbzləri də onda vardır. O, Gülaya demişdir ki, onun adına ev alsın, lakin Gülay buna cavab olaraq onun xarici vətəndaş olduğu açan adına ev alınmasının mümkün olmadığını demişdir. Sonradan İddiaçı məlum olmuşdur ki, Gülay ondan aldığı bu pullarla o anası X2 adına Bakı şəhərinin Binəqədi rayonu ərazisində ev almışdır. Gülay onunla ilkin danışıqlarında onunla evlənəciyini bildirsə də, sonradan ondan pulları alındıqdan sonra yalan sözlər deyərək, bəhanələr gətirərək evlilik barədə söhbəti uzatmağa başlamışdır. Nəhayət Gülay ona zəng etməməsini İddiaçı dedikdə, o, Gülayın onu aldadaraq ondan külli miqdarda pullar aldığını anlamışdır. Məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində məlumatlandırmalarına baxmayaraq İddiaçı və onun vəkili və nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmə iclasında iştirak etməmələri səbəbi ilə işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Lakin İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı onun vəkili və nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmədə etdiyi çıxışında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 310 (üç yüz on) manat ödənilmiş, iddiaçı ilə onun arasında bağlanmış xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilə üzrə 500 (beş yüz) manat, iddiaçı ilə onun arasında bağlanmış xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında digər müqavilə üzrə 1500 (min beş yüz) manat pul iddiaçı tərəfindən ödənilmişdir. İddia arizəsində qeyd edilən halları, habelə onun göstərdiyi xüsusatları nəzərə alaraq, 73000 (yetmiş üç min) manat məbləğində pul, dövlət rüsumu üçün ödənilmiş 310 (üç yüz on) manat pul və vəkil xidmətləri üçün ödənilmiş cəmi 2000 (iki min) manat pulun Cavabdeh tutularaq iddiaçı Öztürk X4 ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş edir. Həmçinin iddiaçı ilə cavabdeh arasında səs yazılarının da mövcud olduğunu, həmin səs yazıları dinləniləcəyi təqdirdə həqiqətən də iddiaçının cavabdehə 73 min manat pul verməsinin aydın olacağını bildirmişdir. Məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində məlumatlandırmalarına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməməsi səbəbi ilə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilsə də, o, keçən məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, İddiaçı ona qarşı qaldırdığı “pul” tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə olaraq məhkəmə iclasında iştirak edən onun vəkili və nümayəndəsi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil2 məhkəmə iclasında göstərmişdir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş pul vəsaitləri heç bir hüquqi öhdəlik yaratmadan, tərəflər arasında şəxsi münasibətlər çərçivəsində, tam əvəzsiz şəkildə təqdim olunmuşdur. Tərəflər arasında borc münasibətinin yaranmasına səbəb olacaq yazılı və ya şifahi müqavilə heç vaxt bağlanmamış, pulun qaytarılmasına dair şərt, müddət, pulun qaytarılması mexanizmi və borcalanın məsuliyyəti barədə hərhansı razılaşma mövcud olmamışdır. Bu isə hüquqi baxımdan borc öhdəliyinin yaranmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 397.2-ci maddəsi açıq şəkildə müəyyən edir ki, qarşılıq gözlənilmədən verilən pul vəsaitləri əvəzsiz əqd hesab olunur. Belə münasibətlər bağışlama xarakteri daşıyır. Mövcud işdə məhz bu hal aşkar şəkildə görünür: iddiaçı şəxsi münasibətlərin emosional təsiri altında, gələcəkdə ailə qurulacağına öz daxili inamına əsaslanaraq cavabdehə maddi köməklik göstərmiş, qarşılığında hər hansı hüquqi təminat tələb etməmişdir. Müvafiq qəbzlər yalnız pul vəsaitlərinin göndərildiyini təsdiq edir, amma onların hüquqi təyinatı həmin qəbzlərlə təsdiq edilmir. Qəbzlərdən görünən ümumi məbləğ isə iddiaçı tərəfindən tələb edilən 73000 *yetmiş üç min) manat məbləğinə uyğun gəlmir. İddiaçı bu məbləğin tam şəkildə cavabdehə verildiyini təsdiqləyən əlavə bank sənədləri və ya köçürmə qəbzləri də təqdim etməmişdir. Bu isə iddiaçının öz iddia tələbini sübut edə bilmədiyini göstərir. Bundan başqa, iddiaçı pul vəsaitlərinin guya Bakı şəhərinin Binəqədi rayonu ərazisində cavabdehin anasının adına alınmış mənzilə xərcləndiyini iddia etsə də, bu iddiasını heç bir hüquqi əhəmiyyətli sübutla təsdiq etməmişdir. Cavabdeh isə əksinə, daşınmaz əmlakın xaricdə yaşayan bacısı tərəfindən göndərilən vəsait hesabına alındığını bildirmiş və bu fakt təkzib olunmamışdır. Məhkəməyə təqdim edilmiş səs yazılarında da iddiaçının pulu borc kimi verdiyini təsdiqləyən birbaşa və aydın ifadələr yoxdur. Danışıqlar tam şəkildə şəxsi münasibətlərin kontekstindən çıxmır və pul vəsaitlərinin geri qaytarılması barədə şərtsiz hüquqi niyyət əks olunmur. Qarşı tərəfdən cavab xidməti tələb edilmədən verilən vəsait hədiyyə xarakteri daşıyır və sonradan münasibətlərin dəyişməsi bu hüquqi vəziyyəti dəyişdirmir. Tərəflərin şəxsi münasibətinin pozulması iddiaçının öz iradəsi ilə bağışladığı vəsaitləri geri tələb etməsinə hüquqi əsas vermir. Beləliklə, işdə təqdim olunmuş sübutlar borc öhdəliyinin mövcudluğunu təsdiq etmir, əksinə əvəzsiz münasibətin mövcudluğunu göstərir. İddiaçı tərəfindən tələb edilən məbləğin geri qaytarılmasına dair hüquqi əsas və sübut mövcud olmadığından, iddia tamamilə əsassızdır və rədd edilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - ********** saylı mədaxil qəbzdən görünür ki, hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi ilə bağlı iddiaçı tərəfindən 309,54 (üç yüz doqquz manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri 11 saylı Vəkil Bürosu tərəfindən verilmiş 49 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilə onun vəkil və nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə arasında bağlanmış müqavilələrə əsasən sonuncu İddiaçı hüquqlarını hüquqlarının Bakı Şəhəri Binəqədi Rayon Polis Şöbəsində və Şabran Rayon Məhkəməsində müdafiə etməlidir və İddiaçı bunun müqabilində Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə müvafiq olaraq 1500 (min beş yüz) manat və 500 (beş yüz) manat məbləğində ödənişlər etmişdir. - Bakı Şəhəri Binəqədi Rayon Polis Şöbəsinin Təhqiqat Şöbəsinə ezam olunmuş 6-cı Polis Bölməsinin baş təhqiqatçısı X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - **********9 saylı qəbzdən görünür ki, Cavabdeh adına xx.xx.2024-cü il tarixdə 700 (yeddi yüz) ABŞ dolları məbləğində pul vəsaiti göndərilmişdir. - **********9 saylı qəbzdən görünür ki, İddiaçı Cavabdeh adına xx.xx.2024-cü il tarixdə 243 (iki yüz qırx üç) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. - **********6 saylı qəbzdən görünür ki, Cavabdeh adına xx.xx.2024-cü il tarixdə 662 (altı yüz altmış iki) ABŞ dolları məbləğində pul vəsaiti göndərilmişdir. - **********7 saylı qəbzdən görünür ki, Cavabdeh adına xx.xx.2024-cü il tarixdə 900 (doqquz yüz) ABŞ dolları məbləğində pul vəsaiti göndərilmişdir. - **********7 saylı qəbzdən görünür ki, Cavabdeh adına xx.xx.2024-cü il tarixdə 900 (doqquz yüz) ABŞ dolları məbləğində pul vəsaiti göndərilmişdir. - **********7 saylı qəbzdən görünür ki, İddiaçı Cavabdeh adına xx.xx.2024-cü il tarixdə 250 (iki yüz əlli) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. - 27731699 saylı qəbzdən görünür ki, İddiaçı Cavabdeh adına xx.xx.2023-cü il tarixdə 520 (beş yüz iyirmi) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. - 30350810 saylı qəbzdən görünür ki, İddiaçı Cavabdeh adına xx.xx.2024-cü il tarixdə 50 (əlli) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. - 30315401 saylı qəbzdən görünür ki, İddiaçı Cavabdeh adına xx.xx.2024-cü il tarixdə 121 (yüz iyirmi bir) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. - 29063135 saylı qəbzdən görünür ki, İddiaçı Cavabdeh adına xx.xx.2024-cü il tarixdə 600 (altı yüz) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. - 28551722 saylı qəbzdən görünür ki, İddiaçı Cavabdeh adına xx.xx.2023-cü il tarixdə 3000 (üç min) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. - 28513972 saylı qəbzdən görünür ki, İddiaçı Cavabdeh adına xx.xx.2023-cü il tarixdə 186 (yüz səksən altı) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. - 29414236 saylı qəbzdən görünür ki, İddiaçı Cavabdeh adına xx.xx.2024-cü il tarixdə 450 (dörd yüz əlli) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. - 27786847 saylı qəbzdən görünür ki, İddiaçı Cavabdeh adına xx.xx.2023-cü il tarixdə 312 (üç yüz on iki) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. - 28398867 saylı qəbzdən görünür ki, İddiaçı Cavabdeh adına xx.xx.2023-cü il tarixdə 900 (doqquz yüz) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. - 28249355 saylı qəbzdən görünür ki, İddiaçı Cavabdeh adına xx.xx.2023-cü il tarixdə 307 (üç yüz yeddi) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. - 28039923 saylı qəbzdən görünür ki, İddiaçı Cavabdeh adına xx.xx.2023-cü il tarixdə 400 (dörd yüz) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. - 28193647 saylı qəbzdən görünür ki, İddiaçı Cavabdeh adına xx.xx.2023-cü il tarixdə 240 (iki yüz qırx) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. - 29182490 saylı qəbzdən görünür ki, İddiaçı Cavabdeh adına xx.xx.2024-cü il tarixdə 300 (üç yüz) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. - 30164370 saylı qəbzdən görünür ki, İddiaçı Cavabdeh adına xx.xx.2024-cü il tarixdə 855 (səkkiz yüz əlli beş) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. - 30045561 saylı qəbzdən görünür ki, İddiaçı Cavabdeh adına xx.xx.2024-cü il tarixdə 190 (yüz doxsan) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. - 29897895 saylı qəbzdən görünür ki, İddiaçı Cavabdeh adına xx.xx.2024-cü il tarixdə 425 (dörd yüz iyirmi beş) ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, proses iştirakçıları tərəfindən məhkəməyə təqdim edilmiş səs yazılarından görünür ki, iddiaçı İddiaçı ilə Cavabdeh arasında sonuncunun ona pul vəsaitləri göndərilməsi ilə bağlı danışıqlar baş vermişdir. Həmçinin məhkəməyə təqdim edilmiş sənədin notarial qaydada tərcümə edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında dini kəbin bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. 397.3-cü maddəsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal edilir. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarında qeydedilmişdir ki, mülki-hüquqi əqdlərin əvəzliliyi qanunvericiliklə hər bir müqavilənin əvəzliliyi prezumpsiyası ilə müəyyən edilmişdir. Belə ki, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Mülki Məcəllədən, müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal olunur(Mülki Məcəllənin 397.1 və 397.3-cü maddələri). Əvəzsiz əqdlərdə isə tərəflər bir-birilərindən qarşılıqlı təminat almırlar. Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, öz təbiətinə və ya tərəflərin razılaşmasına əsasən əqdlər əvəzli və əvəzsiz kimi fərqləndirilir. Əvəzli əqd üzrə tərəflərdən birinin müəyyən hərəkət etmək vəzifəsi qarşı tərəfin ona münasib olaraq maddi və ya digər fayda vermək vəzifəsi ilə şərtlənir. Əvəzli əqdlər yalnız ikitərəfli və çoxtərəfli əqdlər ola bilər. Əvəzsiz əqdlər üzrə isə bir tərəfin digər tərəfin xeyrinə hərəkəti sonuncuda heç bir vəzifə yaratmır. Əvəzsiz əqdlərə bütün birtərəfli əqdlər aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “N. Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “E. Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mülki hüquqda əvəzsiz əqdlərə vərəsəlik, bağışlama, əvəzsiz istifadə müqavilələri və s. aid edilir. Əvəzli və əvəzsiz müqavilələrin anlayışı Mülki Məcəllənin 397-ci maddəsində təsbit olunmuşdur. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli, bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Mülki Məcəllə ilə tənzimlənən əvəzsiz müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (Mülki Məcəllənin 666.1-ci maddəsi). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarının və tərəflərin izahatlarının təhlili göstərir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlər şəxsi, qeyri-rəsmi ailə münasibətləri xarakteri daşıyıb. Tərəflər arasında dini kəbin bağlanması, birgə ailə qurmaq barədə danışıqların uzun müddət aparılması, habelə təqdim edilmiş yazışma və səs yazılarından qarşılıqlı emosional bağlılıq və ailə müstəvisində davranışların mövcudluğu görünür. Tərəflərin təqdim etdiyi heç bir sübutda pul vəsaitlərinin göndərilməsinin müqabilində cavabdehdən konkret hüquqi öhdəlik tələb edildiyi, hər hansı xidmət göstərilməsinin qarşılıqlı şərt kimi müəyyən olunduğu və ya cavabdehin alınan məbləği mütləq qaytarmağı öz üzərinə götürdüyü barədə məlumat yoxdur. Bu halların məcmusu göstərir ki, iddiaçı tərəfindən cavabdehə göndərilən vəsaitlər şəxsi münasibətlər çərçivəsində, qarşılıqlı təminat gözlənilmədən təqdim edilib. Belə olduqda Azərbaycan Respublikasının Mülki Məcəllənin 666-cı maddəsinə əsasən bağışlama niyyəti mövcud sayılır və göndərilmiş vəsaitlər əvəzsiz əqd kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə tərəfindən iş materiallarında olan bütün pul köçürmələri üzrə qəbzlərin (üzərilərində Cavabdeh adı qeyd edilmiş qəbzlər) cəmi hesablanmış, həmin qəbzlərin göstərdiyi faktiki məbləğlərin iddiaçının bəyan etdiyi 73 000 (yetmiş üç min) manat məbləği ilə uyğun olmadığı müəyyən edilmişdir. Təqdim edilmiş qəbzlər üzrə ümumi məbləğ (ABŞ dollarına çevrilmə nəzərə alınmaqla) iddiaçının bəyan etdiyi 73 000 (yetmiş üç min) manatdan xeyli aşağıdır. İddiaçı bu məbləği təşkil edən konkret köçürmələrin siyahısını, mənbəsini, tarixlərini, bank sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmayan və mənbəyi məlum olmayan köçürmələrin 73 000 (yetmiş üç min) manat məbləğinə daxil edildiyinə dair iddia hüquqi əhəmiyyətli sübutlarla təsdiqlənmədiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən sübut olunmuş hesab edilə bilməz. Tərəflər arasında pul vəsaitlərinin verilməsi zamanı borc müqaviləsinə xas olan elementlər — verilmiş pul vəsaitlərinin geri qaytrılması öhdəliyi və üsulu, müddəti və qarşılıqlı razılıq — heç bir sübutla təsdiqlənməmişdir. Təqdim edilmiş səs yazılarında borc öhdəliyini yaradan açıq birbaşa ifadələrə də rast gəlinmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu təqdirdə borc müqaviləsi yazılı formada bağlanmalı olsa da, tərəflər arasında belə bir müqavilə də bağlanmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 739.1-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin məhz qaytarma öhdəliyi əsas şərt olduğundan həmin öhdəliyin mövcudluğunun sübuta yetirilməməsi borc münasibətinin yaranmadığını göstərir. İddiaçı cavabdehin aldığı pul vəsaitləri anasının adına daşınmaz əmlak almağa sərf etdiyini bildirməsinə gəldikdə isə, bu iddianı təsdiqləyən heç bir hüquqi əhəmiyyətli sübut da məhkəməyə təqdim etməmişdir, cavabdeh isə, əksinə, daşınmaz əmlakın bacısı tərəfindən ona verilmiş pul vəsaiti hesabına alındığını bildirmiş və bu iddia iddiaçı tərəfindən heç bir sübutla təkzib edilməmişdir. Buna görə də daşınmaz əmlakın alınmasının iddiaçı tərəfindən maliyyələşdirildiyi faktı da sübuta yetirilməmişdir. Yuxarıda qeyd olunanlarla yanaşı məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 397.3-cü maddəsi müqavilələrin əvəzli olmasının ümumi presumpsiyasını müəyyən etsə də, bu presumpsiyanın tətbiqi üçün tərəflər arasında qarşılıqlı öhdəlik yaradan hüquqi münasibətin mövcud olması tələb olunur. İş materiallarının təhlili isə göstərir ki: tərəflər ailəvi xarakterli münasibətdə olub, pul göndərilməsi qarşılığında tərəflər arasında müqavilənin şərtləri aydın şəkildə müəyyən edilməyib və tərəflər davranışları ilə əvəzli münasibət qurmaq niyyəti göstərməyiblər. Bu hallar göstərir ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 397.3-cü maddənin presumpsiyası mövcud münasibətlərə tətbiq edilə bilməz və məhz bu səbəbdən əqd əvəzsiz (bağışlama) xarakterli hesab edilməlidir. Məhkəməyə təqdim edilmiş səs yazılarının məzmununun hüquqi qiymətləndirilməsinə gəldikdə isə məhkəməyə təqdim edilmiş səs yazılarının təhlili zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şəxsi münasibətlərə dair məişət xarakterli danışıqlar olub. Bu danışıqlarda pul vəsaitlərinin qaytarılması öhdəliyini təsdiq edən birbaşa ifadə, qarşılıqlı hüquqi razılaşma və ya borcun müddət, şərt və həcmi barədə dəqiq razılaşma yoxdur. Səs yazıları iddiaçı tərəfindən qeyd edilən 73 000 (yetmiş üç) manatlıq məbləğin verilməsini, habelə borc niyyətini təsdiqləmir və tərəflər arasında yalnız şəxsi, qeyri-rəsmi münasibətlərin mövcud olduğunu göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutların qiymətləndirilməsi onların hərtərəfli məzmun təhlilinə əsaslanmalıdır və bu təhlil göstərir ki, səs yazıları iddiaçının mövqeyini sübuta yetirmir. Beləliklə, məhkəmə işin faktiki hallarını və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda göstərilən müddəalarını hərtərəfli təhlil edərək belə qənaətə gəlir ki, iş materialları üzrə İddiaçı ilə Cavabdeh arasında pul vəsaitlərinin təqdim edilməsinə dair hər hansı əvəzli, qarşılıqlı öhdəlik yaradan yazılı və ya şifahi müqavilənin mövcudluğu sübuta yetirilməmişdir. Mövcud pul köçürmələri qəbzləri iddiaçı tərəfindən cavabdehə müəyyən məbləğlərdə pul göndərilməsini təsdiq etsə də, bu ödənişlərin təyinatı barədə heç bir sənəd və ya hüquqi əhəmiyyətli sübut təqdim edilməmiş, iddia edilən 73 000 (yetmiş üç min) manat məbləğin cavabdehə tam şəkildə verilməsi və bu vəsaitin iddiaçının adına daşınmaz əmlak alınması üçün göndərilməsi faktı iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 397.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal edilməsi ümumi prezumpsiya təşkil etsə də, iş materiallarında tərəflər arasında əvəzli müqavilənin bağlanmasına dair obyektiv, yetərli və kənar müşahidəçi üçün inandırıcı olacaq heç bir sübut mövcud olmadığından, məhkəmə bu prezumpsiyanın tətbiq edilməsinə əsas görmür. Əksinə, iş materiallarında olan səs yazılarının məzmunu və tərəflərin münasibətlərinin xarakteri göstərir ki, pul vəsaitləri iddiaçının gələcəkdə cavabdehlə aralarında nikah bağlanacağına dair şəxsi inamı və emosional bağlılığı fonunda təqdim edilmişdir. Bu cür hallarda öhdəlik yaratmaq niyyəti olmadan verilən pul vəsaitləri yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikasının Mülki Məcəllənin 666-cı maddəsinin tələblərinə uyğun olaraq bağışlama (əvəzsiz) münasibəti kimi qiymətləndirilir. Tərəflər arasında münasibətlər pozulduqdan sonra cavabdeh tərəfindən müəyyən məbləğlərin geri qaytarılması barədə iradə bildirilməsi də əvvəldən hüquqi öhdəlik yaranmasını göstərən sübut kimi qiymətləndirilə bilməz, çünki belə davranış daha çox şəxsi münasibətlərin bitməsindən sonra könüllü razılaşma niyyəti ilə izah oluna bilər və əvvəlki əvəzli hüquqi münasibətin mövcudluğunu təsdiqləmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 və 88-ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməli olsa da, hazırki iş üzrə iddiaçı nə 73 000 (yetmiş üç min) manat məbləğdə pul vəsaitinin tam şəkildə cavabdehə təqdim edilməsini, nə həmin vəsait hesabına cavabdehin anasının adına daşınmaz əmlak alınmasını, nə də pul köçürmələrinin öhdəlik xarakteri daşıdığını sübut edə bilməmişdir. Beləliklə, təqdim olunmuş sübutların məzmunu və qiymətləndirilməsi əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş vəsaitlərin hüquqi cəhətdən geri qaytarılması tələb oluna bilən borc və ya əvəzli öhdəlik əsasında verilməsi sübuta yetirilməmişdir, bu isə iddianın təmin edilməsi üçün zəruri hüquqi şərtlərin olmadığını göstərir. Bu səbəbdən də, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(031)-821/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(031)-821/2025
09.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver