Məhkəmə qərarları › İş №e-2(032)-116/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-116/2025

07.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-116/2025 07.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 MMC-yə və Şirvan şəhər 1 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Şirvan şəhər Məhkəməsinə müraciət edərək ünvan 2 “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli 8İ-7414 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 29 iyun 2021-ci il tarixdə onunla Cavabdeh1 MMC arasında “əşyaların nisyə satılması” haqqında 05/21 saylı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” bu müqaviləyə əsasən müxtəlif növ məişət avadalıqlarını və mobil telefonları (əşyaları) “Alıcı”ya verməyi, “Alıcı” isə əşyaları qəbul edib, məişət avadanlıqlarını və mobil telefonların (əşyaların) qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Onunla Cavabdeh1 MMC arasında olan razılaşmaya əsasən cəmiyyət ona 60000 manat dəyərində müxtəlif növ məişət avadalıqları və mobil telefonlar verməyi öhdəsinə götürmüş və bunun təminatı olaraq ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 18.2 kv.m olan qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 17.2 kv.m olan qeyri-yaşayış sahəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 18.1 kv.m olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmiş və ipoteka ilə yüklü edilmiş əmlakların hər birinin dəyəri tərəflərin qarşılıqlı razılığımıza əsasən 20000 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh1 MMC iddia edir ki, guya sözügedən müqaviləyə əsasən ona ümumi dəyəri 60000 manat olan müxtəlif növ məişət avadalıqları və mobil telefonları vermişdir. Lakin o müqavilə öhdəliyimi pozaraq həmin əmlakların dəyərini təşkil edən 60000 manat məbləğində pulu cəmiyyətə ödəməmişdir. İlk olaraq qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 MMC tərəfindən ona 60000 manat məbləğində müxtəlif növ məişət avadalıqları və mobil telefonlar verilməmiş və bunu təsdiq edən hər hansı sübut yoxdur. Cəmiyyət tərəfindən ona hazırki vaxtadək cəmi 3746,61 manat dəyərində müxtəlif növ məişət avadalıqları və mobil telefonlar verilmişdir. Bundan əlavə tərəfimdən həmin mallara görə müxtəlif vaxtlarda cəmiyyətə ödənişlər edilsə də, nədənsə cəmiyyət həmin pulların ödənilməsini də qeyd etməmişdir. Belə ki, hazırda özündə saxladığı xx.xx.2022-ci il tarixli, OD3 saylı və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, tərəfindən 1399,87 manat və 2346,74 manat pul cəmiyyətə ödənilmişdir. Lakin buna baxmayaraq Cavabdeh1 MMC Şirvan şəhər 1 saylı notariat ofisinə müraciət edərək, guya onun cəmiyyətə 60000 manat borcunun olduğunu və borcun ödənilməsinin təmin kimi ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinə tutma yönəldilməsini xahiş etmişdir. Şirvan şəhər 1 saylı notariat ofisi isə onun həqiqətən Cavabdeh1 MMC-yə 60000 manat məbləğində borcunun olub-olmamasına dair heç bir araşdırma aparmadan “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli, 8İ-7414 nömrəli İcra qeydi vermişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi İddiaçı verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, tərəflər arasında xx.xx.2021-ci ildə əşyaların nisyə satılması barədə müqavilə bağlanıb. Tərəflər təqdim etdiyi qaimə fakturaların tarixlərinə fikir verəndə görünür ki, qaimə-faktura xx.xx.2021-ci il tarixə, xx.xx.2021-ci il tarixə və xx.xx.2021-ci il tarixə aiddir. Yalnız iki qaimə-faktura xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə aiddir. Bu qaiməfakturaların bağlanmış müqaviləyə aidiyyatı yoxdur. Təqdim edilmiş fakturalardan altı ay sonra müqavilə bağlanıb. Müqavilənin öhdəlikləri onun bağlandığı vaxtdan sonra həyata keçirilir. xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, 1399 manat və 2346 manat pul Cavabdeh1 MMC-yə ödənilmişdir. Notariat ofisi heç bir araşdırma aparmadan xx.xx.2023-cü il tarixli icra qeydi vermişdir. Cavabdehin 60000 manat borc olması barədə sübutu yoxdur. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi İddiaçı nümayəndəsi Vəkil elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, elektron ərizə göndərərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə hazırlıq iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, nisyə satış müqaviləsi bağladıqdan sonra malları sahibkarla təhvil verirlər. Cavabdeh1 MMC olaraq onlar həm istehsalakçılara satış edirlər, həm də, rayonlarda və Bakı şəhərində sahibkarlara topdan satış qiymətinə mallar verirlər. Mallar verildikdən sonra sahibkarlar malı satıb pulundan ödənişlərini edirlər. İddiaçıla uzun müddətli alış-verişləri olub. Bir neçə müddətdən sonra İddiaçı pulu ödəyə bilməmişdir. O, pulu ödəyə bilməməyi ailə vəziyyəti ilə və malların pulunu yığa bilməməsi ilə əlaqədar əsaslandırmışdır. İpotekada üç əmlak qoyulmuşdur. Tərlana verdikləri malların məbləğini ödəməsini bildirmişlər. Tərlan isə qeyd edir ki, aldığı malların ödənişini etmişdir. Lakin alınan malların qaiməsi və eyni zamanda qarşılıqlı üzləşmə aktı var. Qarşılıqlı üzləşmə aktında 29408 ABŞ dolları məbləğində iddiaçının onlara borcu var. Borcu olduğuna görə əmlakın hər üçünə yönəltmə olub. İpoteka müqaviləsinin 5.1-ci bəddində göstərilir ki, əşyaların nisyə satılması haqqında 05/21 saylı, 29 iyun 2021-ci il tarixli müqaviləyə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması nəticəsində daşınmaz əşyaya tutmanın yönəldilməsi hüququ yaranır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdeh "xxxx" MMC-nin elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdeh ünvan 2 ünvanına göndərilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir . Belə ki, iş materiallarında olan və məhkmə iclasında tədqiq edilmiş: 11 sentyabr 2023-cü il tarixli 8İ-7414 reyestr saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, Şirvan şəhəri 1 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən tələbkarın müraciətinə əsasən mübahisə edilən icra qeydi vermişdir. 11 sentyabr 2023-cü il tarixli 8İ-7414 reyestr saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən - öhdəliklə müəyyən edilmiş müqavilə üzrə vaxtında ödənilməmiş 60000 manat əsas borc, 0 manat faiz borcu pulu olmaqla, cəmi 60000 manat həcmində tələb üzrə tutma İddiaçı mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanda yerləşən 18.2 kv/m olan qeyri-yaşayış sahəsi, ünvan 3 ünvanda yerləşən 17.2 kv/m olan qeyri-yaşayış sahəsi, ünvan 3 ünvanda yerləşən 18.1 kv/m olan qeyri-yaşayış sahəsi olan əmlaklara tutma yönəldilməlidir. 29 iyun 2021-ci il tarixli əşyaların nisyə satılması müqaviləsinin 3.6-cı bəndinə əsasən “alıcı” bu müqavilənin 3.4-cü bəndində göstərilən ödəniş müddətini bir dəfə pozarsa, “satıcı” bu müqavilə üzrə yaranmış bütün borcları “alıcı”dan tələb edə bilər. 30 iyun 2021-ci il tarixli ipoteka müqaviləsinin 5.1-ci bəddində göstərilir ki, əşyaların nisyə satılması haqqında 05/21 saylı, 29 iyun 2021-ci il tarixli müqaviləyə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması daşınmaz əşyaya tutmanın yönəldilməsi hüququnun yaranmasına səbəb olur. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 1399 manat 87 qəpik məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin hesabına ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 2346 manat 74 qəpik məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin hesabına ödənilmişdir. Qarşılıqlı üzləşmə aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixində İddiaçı Cavabdeh1 MMC-yə 29408 ABŞ dolları məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, icra qeydi tələbkar və borclu arasında bağlanmış müqavilə üzrə verilmiş, icra qeydi verilməmişdən öncə borcluya müvafiq bildiriş göndərilmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Qanunun 76-cı maddəsinin 9-cu hissəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1.1-ci bəndinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. İşin faktiki hallarından göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur. “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 38.1-ci maddəsinə görə bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Göründüyü kimi, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinin aparılması üçün əsas öhdəliyin son icra müddətinin başa çatması vacib deyil, ipotekaya tutma yönəldilməsi hüququnun yaranmasına əsas verən hər hansı halın mövcud olması və Siyahının 1-1-ci bəndində göstərilən sənədlərin notariusa təqdim edilməsi kifayətdir. İşin faktiki hallarından göründüyü kimi, borcun tutulması ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur. İddiaçı iddia ərizəsində borc müqaviləsi üzrə borcun mübahisəli olduğunu bildirsə də, həmin əsas borc iddiaçı tərəfindən aidiyyatı məhkəmədə mübahisələndirilməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh1 MMC-yə və Şirvan şəhər 1 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh1 MMC-yə və Şirvan şəhər 1 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar