Məhkəmə qərarları › İş №e-2(032)-1428/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-1428/2025

24.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-1428/2025 24.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə , Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt 1 saylı mediasiya Təşkilatına qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs1 ilə aralarında bağlanan Sumqayıt 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-00417 saylı barışıq sazişinin təsdiq edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs1 ilə faktiki ailə münasibətlərinə daxil olaraq ailə qurmuşlar. Lakin rəsmi nikahı olmamışdır. Bu müddət ərzində də oğlu xx.xx.2023-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Belə ki, o X2 atalıq vermiş və atalığın müəyyən olunması barədə Qobustan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli AZ-İ № 434331 şəhadətnamə də bu faktı sübut edir. Beləki uşağın yetkinlik yaşına çatana qədər onun himayəsinə verilməsi üçün o və Maraqlı şəxs1 birlikdə mediasiya prosesinə müracət etmişlər. Tərəflər arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanan xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023- 00417 saylı barışıq sazişinə əsasən, Maraqlı şəxs1 onların faktiki ailə münasibətlərindən dünyaya gələn xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər atanın - Ərizəçi himayəsinə verilməsinə razılıq vermişdir. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Belə ki oğlu hal-hazırda onun himayəsində yaşayır. Bir ata olaraq da onun maddi-mənəvi inkişafını və baxımını lazımınca yerinə yetirir. Elə bu səbəbdən də Maraqlı şəxs1 uşağın onun himayəsinə verilməsi barəsində Mediasiya sazişi bağlamağa razı olmuşdur və uşağı onun himayəsinə könüllü şəkildə vermişdir. Sadəcə olaraq onun məhkəməyə müraciət etməkdə məqsədi oğlunun onun himayəsinə verilməsinə dair aralarında bağlanan Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanan xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023-00417 saylı barışıq sazişinin xüsusi icraat qaydasında məhkəmə qətnaməsi ilə təsdiq edilməsidir. Məhkəmə hazırlıq iclasınının yeri və vaxtı barədə Ərizəçi məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəmə icasına gəlməmiş, ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir . Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki , iş materiallarında olan: xx.xx.2023-cü il tarixdə keçirilən mediasiya prosesində tərəflər aşağıdakı şərtlərlə MŞS/MT030/2023-00417 saylı barışıq sazişini bağlamışlar: 1. Hər iki tərəf bir-birinə qarşı heç bir şərt irəli sürmədən, birinci tərəf Maraqlı şəxs1 xx.xx.2023-cü il təvəllüdlü X1 atası Ərizəçi himayəsinə verilməsinə razıdır. Məhkəmə qeyd edir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması üçün müraciətin prosessual əsası MPM-nin 355- 23.1-ci və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.3-cü maddəsidir. MPM-nin 355-23.1-ci madldəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2- 1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Normaların məzmunundan göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müracət etmək üçün 2 şərtdən biri mövcud olmalıdır: - barışıq sazişi könüllü qaydada icra edilməməlidir; - barışıq sazişinin könüllü icrasından imtina olunmalıdır. Hər 2 normanın mahiyyəti ondan ibarətdir ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır. Ümumiyyətlə, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin isə əsas cəhəti ondan ibarətdir ki, bu zaman tərəflərin iradə bəyanları məhkəməyə getmə potensialı olan mübahisənin tamamlanmasını təmin edir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci və 881.2-ci maddələrində qeyd edildiyi kimi, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Hazırkı iddia ərizəsinin məzmunundan görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X3 hazırda atası Ərizəçi himayəsindədir, yəni barışıq sazişi ilə tərəflər arasında olan mübahisə həllini tapmışdır, hər hansı bir qeyri – müəyyənlik, həmçinin, icrası nəzərdə tutulan hər hansı bir şərt mövcud deyildir. Belə olan halda isə, sazişin məhkəmə qaydasında təsdiq olunmasına (məcburi icraya) zərurətin nədən ibarət olması aydın deyildir. Ərizəçi ərizəni bu istiqamətdə ümumiyyətlə əsaslandırmamışdır. MPM-nin 355-23.1-ci maddəsində qeyd edilən şərtlər mövcud olmadıqda ərizəyə baxılması MPM-nin 5.1-ci maddəsinin tələbinə də ziddir. Həmin normanın tələbinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Yuxarıda qeyd edilən qanunvericilik normalarında nəzərdə tutulmuş mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması onu nəzərdə tutur ki, mediasiya prosesi nəticəsində barışıq sazişi bağlandıqdan sonra sazişin tərəflərinin biri və ya hər ikisinin həmin barışıq sazişinin şərtlərinə müvafiq olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olur və tərəf müvafiq öhdəliyi icra etmir və ya lazımi qaydada icra etmir. Barışıq sazişinin tərəflərinin sazişin şərtlərinə uyğun olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olarsa və tərəflərdən biri barışıq sazişinin şərtini qanunvericiliklə müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməzsə sazişin digər tərəfi barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin Azərbaycan Respublikasının MPM-in 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 261.0.1-ci maddəsinə əsasən hakim iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 261.0.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar