Məhkəmə qərarları › İş №e-2(032)-1446/2025

Şirvan Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(032)-1446/2025

04.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1446/2025 04.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyana görə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan “Toyota AQUA Hibrid” minik markalı, **-UP-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş 6795 manat dəymiş ziyanın və 87,95 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Toyota AQUA Hibrid Minik” markalı, **-UP-*** dövlət nömrə nişanlı avtomobil xüsusi mülkiyyətindədir. Qeyd olunan avotmobili etibarnamə əsasında idarə etmək üçün X4 vermişdir. X7 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində avtomobili idarə edərkən Cavabdeh idarə etdiyi “Opel Meriva” markalı **-DU-*** dövlət nömrəli avtomobillə toqquşmuş və hadisə nəticəsində mülkiyyətində olan “Toyota AQUA Hibrid Minik” markalı, **-UP-*** dövlət nömrə nişanlı avtomobil yararsız vəziyyətə düşmüş və ona xeyli miqdarda ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu RPİ-nin Təhqiqat şöbəsində araşdırma aparılmış, cavabdehin əməlidə cinayət tərkibi olmadığı üçün xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə “X11” AP ******* nömrəli protokol tərtib edilmişdir. Mülkiyyətində olan avtomobilə dəymiş ziyan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqil eksperti Əhməd Əhmədov tərəfindən qiymətləndirilmiş və avtomobilə ümumilikdə 6795 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyan ödənilməmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehlə dəfələrlə danışıq aparsa da nəticəsi olmamışdır. Pozulmuş hüquqlarının bərpası, mülkiyyətinə dəymiş ziyanın məcburi qaydada ödənilməsini təmin etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə hazırki məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron ərizə ünvanlayaraq tərəfindən bütün sübutların təqdim edildiyini, məhkəmə baxış iclasını onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin İddiaçı nümayəndəsi və vəkili Nümayəndə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Sabunçu rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru Altay Məmmədov tərəfindən tərtib edilmiş 26 may 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X1 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, “Opel Meriva” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın surəti Sabunçu rayon Polis İdarəsinin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota AQUA Hibrid Minik” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin müstəqil eksperti X2 tərəfindən tərtib edilmiş 1011 nömrəli, 10 iyul 2025-ci il tarixli arayışdan görünür ki, avto yol nəqliyyat qəzasına uğramış “Toyota AQUA Hibrid Minik” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı 2019-cu il buraxılışlı, yaşıl rəngli olan nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərcləri zəhmət haqqı 1930 manat, ehtiyat hissələri 4865 manat, cəmi 6795 manat vəsaitlər tələb olunur. 1011 nömrəli, 10 iyul 2025-ci il tarixli arayışa əlavədən görünür ki, “Toyota AQUA Hibrid Minik” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 6795 manat məbləğində ziyan dəymişdir. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təyin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən AP ******* nömrəli X11 Protokoldan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü və 332.3-cü maddələri ilə X11 protokol tərtib edilmişdir. Həmin protokoldan görünür ki, Əliyev X6 qəsəbəsi, Q.Bayramov küçəsində, eyni əhəmiyyətli yolayırıcında, sürücülük hüququ olmadan avtomobili idarə edib, yolayrıcına daxil olarkən, sağdan hərəkət üstünlüyünə malik olan “Toyota AQUA Hibrid” minik markalı avtomobili vuraraq toqquşmuş, nəticədə avtomobillər zədələnmiş və sonuncu avtomobildə sərnişin qismində olan X9 yüngül bədən xəsarəti almışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında X3 idarə etdiyi “Toyota AQUA Hibrid” minik markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi “Opel Meriva” markalı avtomobilin yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində mülkiyyətçi İddiaçı maddi ziyan dəymişdir. Həmin hadisə nəticəsində dəymiş olan maddi ziyan Cavabdeh tərəfindən ödənilməmişdir. Eyni zamanda məhkəmə müəyyən etdi ki, hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin YNA-i üzrə inspektoru polis leytenantı X5 tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, “Toyota AQUA Hibrid” minik markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ümumilikdə 6795 manat məbləğində ziyan dəymişdir. İşin faktiki hallarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının sahibliyində olan əmlaka zərər dəymişdir. Həmin zərər məbləği tərtib edilmiş ödəniş qəbzi ilə ümumilikdə 6795 manat müəyyən edilmişdir. Cavabdeh iddiaçıya vurduğu ziyanı könüllü qaydada ödəmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərər cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbinin iddiaçı tərəfindən ödənilmiş 87,95 manat dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması hissəsinə münasibətə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 87,95 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş olan 87.95 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Toyota AQUA Hibrid” minik markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 6795 manat (altı min yeddi yüz doxsan beş) manat məbləğində pul və ödənilmiş 87.95 (səksən yeddi manat doxsan beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Şirvan şəhər Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar