Məhkəmə qərarları › İş №e-2(032)-1562/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-1562/2024

13.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-1562/2024 13.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər X7, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 Şirvan Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 , İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış çıxarışın ləğv edilməsini tələb etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Şirvan şəhəri Şirin Şükürov küçəsi dalan 1, 11 saylı fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayırlar. Fərdi yaşayış evi mərhum babaları X1 miras qalmışdır. Evin 1-ci mərtəbəsində onlar İddiaçı1, İddiaçı2 və anaları X4 ilə, 2-ci mərtəbəsində X8 yaşayır. Şirvan şəhər Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli 2(032)-1501/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, miras qoyan X1 miras qalmış Şirvan şəhəri Şirin Şükürov küçəsi dalan 1, 11 saylı evin iddiaçı Cavabdeh1 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin miras əmlaka payına uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Şirvan şəhər 1 saylı notariat kontorunun notariusuna həvalə edilmişdir. Lakin qeyd edilən qətnamənin icrası ilə əlaqədar 30 yanvar 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən xx.xx.2010-u il tarixdə ölmüş X2 vərəsəsi oğlu Cavabdeh1dur və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Qanun üzrə vərəsəlik haqında şəhadətnamənin verilməsi əsası kimi Şirvan şəhər İcra hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 282 nömrəli 01 iyul 2019-cu il tarixli arayışından görünür ki, mərhum X5 vəfat etdiyi xx.xx.2010-cu il tarixə qədər ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Cavabdehlər ünvan 2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X11 Şirvan Ərazi İdarəsinə qarşı “30 yanvar 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-668/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, miras əmlak olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş 30 yanvar 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi qət edilmişdir. Lakin Şirvan şəhəri, Ş.Şükürov küçəsi dalan 1, 11 nömrəli fərdi yaşayış evi üzrə xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 15 nömrəli vərəqəsində Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın ləğv edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı1 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı2 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X7 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, teleqram göndərərək iddia tələbini qəbul etdiyini bildirib məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 Şirvan Ərazi İdarəsinin hüquqi ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Ş.Şükürov küçəsi dalan 1, 11 nömrəli fərdi yaşayış evi xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 15 nömrəli vərəqəsində iddiaçı X2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. 30 yanvar 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 19 oktyabr 2010-cu il tarixdə ölmüş X2 vərəsəsi oğlu Cavabdeh1dur- Şirvan şəhəri T.İsmayılov küçəsi ev 10, mənzil 2 və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKnın yanında DƏDRX-nın Ərazi İdarəsi tərəfindən 17 iyun 200-cu il tarixdə X3 verilmiş **********81-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən (Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 29 yanvar 2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş) ünvan 5 ünvanında 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış sahəsi 80.1kv/m, köməkçi sahəsi 76.1 kv.m olan 3 otaqlı fərdi yaşayış evindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Ş.Şükürov küçəsi dalan 1, 11 nömrəli fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 15 nömrəli vərəqəsində iddiaçı Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Şirvan şəhər Məhkəməsinin 2 (032)-1501/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, miras qoyan X1 miras qalmış Şirvan şəhəri Şirin Şükürov küçəsi dalan 1, 11 saylı evin iddiaçı Cavabdeh1 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin miras əmlaka payına uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Şirvan şəhər 1 saylı notariat kontorunun notariusuna həvalə edilməsi qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-668/2023 saylı, 03 iyul 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, miras əmlak olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş 30 yanvar 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi qərara alınmışdır . Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Qeyd edirik ki, sözügedən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair təqdim edilmiş hüquqmüəyyənedici sənədlər (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə) əsasında yuxarıda qeyd edilən şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Bununla belə, MM-in 141.1-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş hüquqların X6 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında yaranan hüquq törəmə hüquq münasibəti olub, həmin mülkə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi Şirvan şəhər Məhkəməsinin 2(032)-668/2023 saylı, 03 iyul 2023-cü il tarixli qətnaməsi ilə qismən ləğv edildiyindən, törəmə hüquq münasibəti olan mübahisəli əmlaka dair hüquqların X6 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış cavabdehin mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməli, bununla da iddia təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan sənədlərə görə məhkəmə xərcləri cəmi 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv olunsun. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçılara verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar