Məhkəmə qərarları › İş №e-2(032)-1946/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-1946/2024

11.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-1946/2024 11.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlu, ərizəçi İddiaçı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı qardaşı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında qətnamə qəbul edilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron ərizə formasında Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Elektron formada təqdim edilmiş ərizə və həmin ərizəyə əlavə edilmiş sənədlər nəzərdən keçirilmiş və müəyyən edilmişdir ki, elektron qaydada ünvanlanmış ərizədə icraatın növü “xüsusi icraat” qaydası kimi deyil iddia icraatı qaydasında göstərilmişdir. İlkin olaraq izah edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin maddənin 2-ci bəndində göstərilmişdir ki, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir və Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Həmçinin “elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Elektron sənəd formasında tərtib edilmiş iş materiallarının kağız daşıyıcıda olan materiallara bərabər tutulması ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsində göstərilən hallarla müqayisə edilməsi, həmin ərizənin forma və məzmun tələblərinin düzgün qeyd edilməməsi halı kimi qəbul edilməyə əsasən verən xüsusatdır. Habelə vurğulanmalıdır ki, şəxsin "fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" haqqında iddialar MPM-in 305.1-ci maddəsinə əsasən məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər siyahısına aiddir. Hüquq tətbiq edən məhkəmənin qanunun normasının məhdud qaydada (qitə (romangerman) hüquq sistemində məhkəmələrin geniş təfsir etmək hüququ yoxdur) təfsir etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hər bir tərəf öz tələb və etirazı sübuta yetirməlidir. Xüsusi icraat qaydasında işlər zamanı məhkəmənin ərizəçidən müvafiq hallarla bağlı sənəd və digər sübutlar tələb etməsi icraatın iddia icraatı qaydasında keçirilməsi halı ilə ziddiyət təşkil edir. Həmçinin elektron məhkəmə informasiya sistemi vasitəsilə edilmiş müraciətə məhkəmə tərəfindən müdaxilə edilməsi yolverilməzdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə ərizəçiyə geri qaytarılmalı, ərizədə qeyd edilən nöqsanlar (icraatın növü iddia icraatı kimi deyil, xüsusi icraat olaraq qeyd edilməli) aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi İddiaçı "fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu (əməliyyat İD 702604125, terminal nömrəsi ADM000030, xx.xx.2024-cü il tarixli) ərizəçi İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şirvan Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar