Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-652/2025 11.08.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan Şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13.200 pulun, ödənilmiş 130 manat dövlət rüsumunun və vəkil xidmət haqqı olaraq ödədiyi 330 manat pulun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəfindən Cavabdeh 2023-cü ildə 14.000 manat borc pul verilmişdir. Cavabdeh 2023-cü ilin dekabr ayından başlamaqla hər ay ona borcundan 300 manat ödəməyi öhdəsinə götürmüşdür. Tərəfindən cavabdehə verilmiş 14.000 manat puldan cavabdeh ona 4 ay, hər ay 200 manat olmaqla, cəmi 800 manat pul qaytarmışdır. Cavabdeh bir ildən artıq müddətdir ki, öhdəliyini yerinə yetirmir və borclu olduğu pulu qaytarmır. Hazırda maddi vəziyyəti olduqca ağırdır və pula böyük ehtiyacı vardır. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında borcu olduğunu və borcundan 800 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasları zamanı “mənim X3üna 14, Min manat On dörd min manat borcüm var borcümü Hər ay 300 manatdan Ödüyəcəm, sözləri ilə a4 kağız formatında yazılmış yazıların onun tərəfindən yazıldığını bildirmiş olsa da, məhkəmə baxışı zamanı həmin yazıların onun tərəfindən yazılmadığını bildirmiş və ümumiyyətlə iddiaçıya heç bir borcunun olmadığını qeyd etmiş, lakin həmin borcun ödənilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbi barəsində heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh iştirakı olmadan işə baxılması mümkündür. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Cavabdeh tərəfindən yazılması və imzalanması kimi göstərilmiş a4 kağız formatında olan yazıda Mayılov X2 Nemət Vasif oğluna 14.000 manat borcu olduğunu, borcunu hər ay 300 manat ödəyəcəyinə dair söz vermişdir. İş materiallarında olan pretenziyadan görünür ki, İddiaçı borclu Cavabdeh borc barədə xəbərdar etmiş və müqavilə üzrə borcun 5 iş günü müddətində ödənişin təmin edilməsi barədə xəbərdar etmişdir. İddiaçının dəlillərini yoxlamaq məqsədilə cavabdehin vəsatəti ilə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-652/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2025-ci il tarixli, 4-913 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş A4 formatlı kağız üzərində olan “X5 Kərim oglu, X3üna 14, Min manat On dörd min manat borcüm var borcümü Hər ay 300 manatdan Ödüyəcəm, imza Mayılov E, Azq N ********, xx.xx.2023” yazıları və “Mayılov E” yazılarının qarşısında olan imza- Cavabdeh tərəfindən icra edilmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. 881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur.[531] 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmənin mövqeyi: İş materiallarından göründüyü kimi, İddiaçı 2023-cü ildə Cavabdeh 14.000 manat məbləğində borc pul vermişdir. Cavabdeh bu məbləği hər ay 300 manat olmaqla qaytarmağı öhdəsinə götürmüş, lakin yalnız 4 ay ərzində hər ay 200 manat olmaqla cəmi 800 manat ödəmişdir. İddiaçı məhkəməyə cavabdehin imzası və yazısı ilə tərtib olunmuş A4 formatında sənəd təqdim etmişdir ki, həmin sənəddə cavabdeh açıq şəkildə borcu və onun ödəniş qaydasını etiraf etmişdir. Cavabdeh ilkin mərhələdə bu yazının ona məxsus olduğunu etiraf etsə də, sonradan məhkəmə baxışı zamanı bunu inkar etmişdir. Aparılmış məhkəmə-xəttşünaslıq ekspertizası ilə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4-913 saylı rəy) yazının və imzanın Cavabdeh məxsus olduğu təsdiqlənmişdir. Cavabdeh borcun qaytarılması və ya ödənməsi barədə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsi mövcud borcun yazılı şəkildə etiraf edilməsinin hüquqi nəticələrini xüsusi olaraq tənzimləyir. 882.1-ci maddəyə görə, mövcud borcun etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilə yalnız o halda qüvvəyə malikdir ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün nəzərdə tutulmuş formada verilsin. Bu norma, bir tərəfdən, borcun etirafı institutunu formal tələblərə bağlayaraq saxta iddiaların qarşısını almağı, digər tərəfdən isə yazılı etirafın kreditor üçün sübut gücünü təmin etməyi hədəfləyir. Hazırki işdə borcun etirafı məhz bu tələblərə uyğun formada – borclunun öz əli ilə yazılmış və imzalanmış sənəddə təsbit olunmuşdur. Həmin məcəllənin 882.2-ci maddəsinə əsasən, mövcud borcun etirafı haqqında müqaviləyə əsaslanan iddiaya qarşı, başlıca (əsas) əqddən irəli gələn etirazlar irəli sürülə bilməz. Yəni borclu sonradan əsas müqavilənin mövcud olmaması, şifahi razılaşma, ilkin öhdəliyin pozulması və ya digər əsassız müdafiə arqumentləri ilə yazılı etirafı etibarsız hala gətirə bilməz. Bu norma, kreditorun hüquqlarının müdafiəsini möhkəmləndirmək məqsədini daşıyır. İş üzrə cavabdehin məhkəmə baxışı zamanı borc etirafını inkar etməsi, məhz 882.2-ci maddə baxımından hüquqi nəticə doğurmayan, əsassız müdafiə mövqeyidir. Yazılı etirafın yalnız borcun mövcudluğunu təsdiqləmək deyil, həm də öhdəliyin icra olunacağı barədə vədin hüquqi qüvvəsini tanıyır. Bu baxımdan, cavabdehin “borcumu hər ay 300 manatdan ödəyəcəyəm” şəklindəki yazılı öhdəliyi hüquqi cəhətdən məcburi qüvvəyə malikdir və kreditorun tələbi həmin ifadəyə əsasən təmin olunmalıdır. AR MM-in 882.5-ci maddəsinə görə, əgər borc hesablaşma və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Hazırkı işdə borcun etirafı yazılı formada təqdim olunduğundan, bu maddə əlavə olaraq etirafın möhkəm sübut dəyərini təsdiqləyir. Beləliklə, 882-ci maddənin bütün müvafiq hissələrinin birgə tətbiqi göstərir ki, borcun yazılı etirafı iş üçün hüquqi baxımdan müstəqil sübut və öhdəlik yaradan əsasdır, borcun etirafından sonra ilkin müqaviləyə dair etirazların hüquqi qüvvəsi yoxdur, borclunun sonrakı inkarı 882-ci maddə çərçivəsində etibarsız müdafiə mövqeyi sayılır. AR MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən borclu kreditorun xeyrinə pul ödəmək kimi müəyyən hərəkəti icra etməlidir, kreditor isə bu öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Mövcud mübahisədə cavabdeh – borclu, iddiaçı isə – kreditor statusundadır. AR MM-in 739.1 və 739.2-ci maddələrinə əsasən, borc müqaviləsi yazılı formada bağlanmalı və borcalan aldıqlarını eyni məbləğdə geri qaytarmalıdır. İş materiallarında təqdim edilmiş imzalı borc etiraf sənədi məhz borc münasibətlərini sübut edən yazılı sənəd hesab edilir. MM-nin 742.1-ci maddəsinə görə, borc müqaviləsində nəzərdə tutulan qaydada və müddətdə qaytarılmalıdır. Cavabdeh bu öhdəliyi pozmuşdur. Odur ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlar və tətbiq olunan hüquq normaları göstərir ki, cavabdeh tərəfidən iddiaçının xeyrinə 13200 manat əsas borc tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri hissəsinə gəldikdə isə xərclər iddiaçı tərəfindən ödənilmiş 130 manat dövlət rüsumundan, vəkil xidmət haqqı olaraq 330 manat və aparılmış ekspertiza tədqiqatının dəyəri 124 (bir yüz iyirmi dörd) manatdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi və Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən vəkilin göstərdiyi hüquqi yardım məqbul və zəruri hesab edildikdə onun ödənilməsi cavabdehdən tutulmalıdır. Tərəf təqdim etdiyi qəbzlə xərci sübuta yetirmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 13.200 (on üç min iki yüz) manat, dövlət rüsumu kimi ödənilmiş 130 (bir yüz otuz) manat və vəkil xidmət haqqı olaraq ödədiyi 330 (üç yüz otuz) manat, ümumilikdə 13660 (on üç min altı yüz altmış) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 124 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №e-2(032)-652/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-652/2025
11.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver